14 İyul 2016 19:14
671

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İŞİD tərkibində döyüşməkdə təqsirli bilinən Anar Mahmudov və Elvin Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, Milli Təhlükəsizlik Nazirliyi ötən il Suriya və İraqda İŞİD-in tərkibində döyüşən Anar Mahmudov və Elvin Əsgərovu həbsə alıb. Hər iki təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 12.1, 279.1-ci, 12.3,28,214.2.1, 12.3,28,214.2.3, 12.1,218.2-ci və 283-1.3-cü maddələri ilə ittiham edilir.

Anar Mahmudov və Elvin Əsgərov 2012-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya və İraqın ərazisində həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən “İslam Dövləti (İŞİD)”, “Cəbhətül-Nusra” və “Cumdul-Xilafə” terrorçu təşkilatlarının fəaliyyətində iştirak ediblər.

Anar Mahmudov ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, bildirib ki, 2009-cu ildən etibarən İslan dininin sünnü təriqətinin sələfi qolu üzrə etiqad edib. İnternet vasitəsilə Suriyada gedən proseslər barədə məlumatlanıb: “İnternetdə görürdüm ki, Suriyada yaşayan müsəlmanlara əziyyət verilir. Ona görə də, ora getmək istədim. Bu məqsədlə Xaçmazdan olan uşaqlarla əlaqə saxladım, Suriyaya getmək arzumu bildirdim. Mənə Türkiyədə yaşayan Xalid adlı şəxsin nömrəsini verdilər”.

Anar Mahmudovun sözlərinə görə, Xalid adlı şəxslə əlaqə saxlayıb, sonuncu onu qaçaq yolla Suriyaya keçirib və orada onu dini ləqəbi “Abu Hafs” olan İntiqam Əliyev qarşılayıb.

Təqsirləndirilən şəxs bildirib ki, Abu Hafsın rəhbərlik etdiyi “Cundul Xəlifə” dəstəsinə qoşulsa da, ona biət etməyib: “Dəstədə 10-12 nəfər var idi. 5 aya kimi orada qaldım, posta çıxırdıq. Qanlı döyüşlərdə iştirak etməmişəm. Bizə orada heç bir təlim keçməyiblər. Hərbi növbələrin birində qarşı tərəfin hücumu nəticəsində ayağımdan yaralandım, 4 gün xəstəxanada yatdım, əməliyyat olundum. Orada gedən proseslərdən qorxduğum üçün Azərbaycana qayıtmaq istəyirdim”.

Anar Mahmudov qeyd edib ki, Suriyaya getdiyinə görə ona kimsə pul verməyib. Suriyaya getməyi əqidəsi ilə bağlı olub.

Digər təqsirləndirilən Elvin Əsgərov ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib: “Amma “Cəbhət Ən-Nüsra”nın tərkibində olmamışam. 2012-ci ildən İslam dininin sünni təriqətinin sələfi qolu üzrə ibadət edirəm. Suriyada baş verən prosesləri internetdən izləyirdim, məlumatlar toplayırdım, orada döyüş olduğuna görə müsəlmanlara kömək etmək niyyətindəydim, həm də cihada qoşulmaq istəyirdim. 2013-cü ilin fevral ayında evdən 300 dollar götürüb əvvəl Türkiyəyə, oradansa Suriyanın Artma şəhərinə getdim, Abu Hafsın rəhbərlik etdiyi dəstəyə qoşuldum. Oraya sanki bir axın vardı. Suriyada cəmi bir həftə olmuşam, heç bir döyüşdə iştirak etməmişəm, təlimlərə getməmişəm”.

Məhkəmə iclası iyulun 25-də davam edəcək.

Hacı Zeynalov


Müəllif: