26 İyul 2016 14:19
2 183

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xətai rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğında təqsirləndirilən Fərid Sadıqov və Zaur Əşrəfovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dünyasını dəyişən Nüsrət Muxtarovun oğlu Asif Muxtarov onun hüquqi varisi kimi tanınıb.

Daha sonra prosesdə zərərçəkmişlər Əli Məmmədov, Feyruz Əhədov və Nazim Quliyev ifadə verib. Həmin şəxslər onlara verilən kompensasiyanın məbləğindən narazı olduqlarını bildiriblər. Zərərçəkmişlər bildririblər ki, dəymiş ziyana görə, 15 min manat məbləğ ödənilib və mənzilləri təmir olunub.

Təqsirləndirilən Fərid Sadıqovun müdafiəçisi vəsatətlə çıxış edib. Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin səhhətində problemlərin olduğu üçün onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəyib.

Məhkəmə vəsatəti təmin etməyib.

Məhkəmə iclası avqustun 2-də davam edəcək.

Qeyd edək ki, iyulun 19-a təyin edilmiş proses təqsirləndirilən şəxs Nüsrət Muxtarovun vəfat etməsi ilə bağlı baş tutmamışdı. Buna səbəb Nüsrət Muxtarovun cinayət işi üzrə hüquqi varisinin müəyyən edilməsi ilə bağlı olub. Hüquqi varis Nüsrət Muxtarov tərəfindən ödənilməli olan dəymiş ziyanı qarşılayacaq.

Nüsrət Muxtarov iyulun 13-də saxlanıldığı Bakı İstintaq Təcridxanasında vəfat edib.

İttihama görə, yanğın hadisəsi ötən il aprelin 10-da Bakının Xətai rayonu, Zığ yolu,16 ünvanda baş verib. Həmin ünvanda “TNH” şirkəti tərəfindən doqquzmərtəbəli yaşayış binasının fasadının poliuretan materialla üzlənməsi ağır nəticələrə səbəb olan yanğınla nəticələnib.

Bu hadisədən sonra Fərid Sadıqov, Zaur Əşrəfov və Nüsrət Muxtarov həbs olunublar.

Hacı Zeynalov


Müəllif: