27 İyul 2016 13:50

“Aqrolizinq” ASC-nin Şəki rayon “Aqroservis” filialının vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, “Aqroservis” filialının rəhbəri Cavanşir Qurbanov 2005-2006-cı illərdə digər vəzifəli şəxslərlə qabaqcadan əlbir olaraq gübrə satışından əldə olunmuş 987 min manat məbləğində pulu mənimsəyib.

O, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə rəsmi sənədlərə yalan məlumatlar daxil edərək ASC-yə 360 min manat məbləğində zərər vurub.

İş üzrə adı keçən digər şəxs, həmin filiala rəhbərlik etmiş Rafim Qurbanov 2007-2014-ci illərdə digər vəzifəli şəxslərlə qabaqcadan əlbir olaraq gübrə və kənd təsərrüfatı texnikasının satışından əldə olunmuş 5 milyon 363 min manat məbləğində pulu mənimsəyib.

İstintaq araşdırması zamanı “Aqroservis” filialında işləyən Mehman Rəcəbovun da barəsində cinayət işi başlanıb.

O da vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə rəsmi sənədlərə qəsdən yalan məlumatlar daxil edərək və rəsmi sənədləri məhv edərək cəmiyyətə 2 milyon 84 min manat məbləğində zərər vurub.

Cavanşir Qurbanov Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq, təkrar törədildikdə), 178.2.3 (dələduzluq, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4 (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilib.

Rafim Qurbanov isə Cinayət Məcəlləsinin 179.3.2, 308.2, 313-cü və 326.1 (rəsmi sənədləri, ştampları və ya möhürləri tamah məqsədi və ya digər şəxsi niyyətlə oğurlama, məhv etmə, zədələmə və ya gizlətmə) maddələri ilə təqsirli bilinib.

Mehman Rəcəbov isə Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə ittiham edilib.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib.

Cavanşir Qurbanov 8 il 6 ay, Rafim Qurbanov 8 il, Mehman Rəcəbov isə 8 il müddətinə şərti cəza alıb.

Hacı Zeynalov


Müəllif:
Загрузка...