24 Aprel 2014 11:01
6 170

Bakı Apelyasiya Məhkəməsində əxlaqsızlıq yuvası saxlamaqda təqsirli bilinən Vaqif Dadaşovun məhkəməsi başa çatıb. Vaqif Dadaşov Cinayət Məcəlləsinin 244.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən əxlaqsızlıq yuvası saxlama) maddəsi ilə ittiham edilib.

İttihama görə, Vaqif Dadaşov tanışları Rəşid Rəşidov və Yaşar Nuriyevlə birlikdə Xətai rayonu ərazisində fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvaları təşkil ediblər. Onlar Xətai rayon Məhkəməsinin hökmü ilə məhkum olunublar. Məhkəmə Rəşid Rəşidov və Yaşar Nuriyevin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsini tətbiq edib. Hər iki şəxs şərti cəza alıblar. Lakin Vaqif Dadaşov 2 il müddətinə azadlıqdan məhrum olunub.

Hökmdən narazı qalan Vaqif Dadaşov apelyasiya şikayəti verib. O, şikayətində barəsində həbs olmayan cəzanın təyin olunmasını xahiş edib.

Hakim Abid Abdinbəyovun sədrliyi ilə keçən prosesdə qərar elan edilib. Vaqif Dadaşovun apelyasiya şikayəti təmin edilib və Xətai rayon Məhkəməsinin hökmü dəyişdirilib.

Vaqif Dadaşovun barəsində Cinayət Məcəlləsinin 62-ci (cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) maddəsi tətbiq edilib və cəzası 9 ay 11 günə endirilib. Məhkəmə onun cəzasını həbsdə saxlanıldığı günlə hesablayıb. Buna görə də Vaqif Dadaşov məhkəmə zalından azad edilib.

Hacı


Müəllif: