16 İyul 2014 15:40

Bu gün Bakı Apelyasiya Məhkəməsində kriminal avtoriteti öldürən Güloğlan Abbasovun apelyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, ittihama görə, ötən il avqustun 29-da Güloğlan Abbasov Sabunçu rayonunda kriminal aləmdə “Qara Tofiq” kimi tanınan Tofiq Həsənova “Makarov” tipli tapançadan atəş açaraq öldürüb.

Qeyd edək ki, Tofiq Həsənov əvvəllər Güloğlan Abbasovun iki qardaşını güllələyib. Lakin onun güllələdiyi Abbasov qardaşları sağ qalıb. Sonuncu hadisə zamanı Tofiq Həsənov Güloğlan Abbasova deyib ki, qardaşlarını güllələmişəm, səni də güllələyərəm. Buna görə də onların arasında mübahisə yaranıb. Mübahisə zamanı Güloğlan “Qara Tofiqi” güllələyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Güloğlan Abbasov 13 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Güloğlan Abbasov apelyasiya şikayəti verib. O, şikayətində cəzasının yüngülləşdirilməsini istəyib.

Hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayəti üzrə qərar açıqlanıb. Qərara görə, onun şikayəti təmin edilməyib.

Hacı Zeynalov


Müəllif: