17 May 10:54

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin köməkçisi, “Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirlinin cinayət işi üzrə məhkəmənin vaxtı açıqlanıb.

Bu barədə "Report"a vəkil Aqil Layicov məlumat verib.

Onun sözlərinə görə, Səbail Rayon Məhkəməsində keçiriləcək iclas mayın 19-na təyin edilib.

İşə hakim Aytən Əliyevanın sədrliyi ilə baxılacaq.

Faiq Əmirli ötən il avqustun 20-də saxlanılıb. Saxlanılarkən ona qarşı Cinayət Məcəlləsinin 283.1-ci (milli, irqi, sosial və ya dini düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi, sosial və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddəsi üzrə ittiham irəli sürülüb. Onun barəsində şübhəli şəxs qismində 48 saatlıq saxlanılma qərarı verilib.

Daha sonra Faiq Əmirliyə qarşı Cinayət Məcəlləsinin 168.1-ci (Dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında fəaliyyət göstərən və bu fəaliyyətlə ictimai asayişi pozan, yaxud vətəndaşların sağlamlığına zərər vuran və ya formasından asılı olmayaraq vətəndaşların hüquqlarını pozan, habelə vətəndaşların qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirməkdən yayındıran qrup təşkil etmə, ona rəhbərlik etmə və ya belə qrupda iştirak etmə) maddəsi ilə ittiham irəli sürülüb.

Onun avtomobilindən Fətullah Terror Təşkilatının (FETÖ) rəhbəri Fətullah Gülənə aid kitablar tapılıb.


Müəllif: Teleqraf.com