20 İyun 2017 15:30
1 114
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rüşvət almaqda təqsirli bilinən Bakı şəhər Narkoloji Dispanserinin baş həkimi Hüseyn Həsənov və onun işçisi Mətanət Şamçiyevanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məlum olub ki, sabiq baş həkim heç vaxt ailə həyatı qurmayıb. O, tibb elmləri namizədi, dosentdir.

Digər təqdirləndirilən şəxs isə Mətanət Şamçıyeva dispanserdə tibb qeydiyyatçısı işləyib. Orta ixtisas təhsilli Şamçıyeva da ailə həyatı qurmayıb. Baş həkimlə eyni maddə ilə təqsirli bilinsə də onun barəsində həbs qətimkan tədbiri seçilməyib.

Hər iki şəxs ilk dəfədir məhkumluq həyatı yaşayırlar.

Baş həkimin vəkili məhkəmədə vəsatətlə çıxış edərək müvəkkili barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsini istəyib. Vəkil Hüseyn Həsənov barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsini istəyib.

Vəkil bildirib ki, Hüseyn Həsənovun 80 yaşlı anası var. Yaşlı qadın oğlunun himayəsində olub və indi onun vəziyyəri ilə bağlı ciddi problemləri var, yataq xəstəsidir. Dövlət ittihamçısı vəsatətin təmin edilməməsini istəyib.

Məhkəmə vəsatəti təmin etməyib. İş məhkəmə baxışına verilib və ilk proses iyulun 4-nə təyin edilib.

İttihama görə, bir müddət əvvəl vətəndaşlardan qeydiyyatda olub-olmamaları barədə arayış verilməsi üçün pul istənilməsi barədə Bakı şəhər sakinindən 161 nömrəli “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciət Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Səhiyyə Nazirliyi tərəfindən araşdırılıb.

İstintaq-əməliyyat tədbirləri nəticəsində Bakı şəhər Baş Səhiyyə İdarəsinin Şəhər Narkoloji Dispanserinin baş həkimi Hüseyn Həsənov saxlanılıb.

Onun 2017-ci ilin yanvar-fevral aylarında tibb qeydiyyatçısı işləyən Mətanət Şamçiyevanın vasitəsi ilə narkoloji xəstəliklə əlaqədar qeydiyyatda olub-olmamaları barədə arayışların verilməsi müqabilində ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə olmaqla, ümumilikdə 3190 manat məbləğində pulu rüşvət kimi tələb etməsi müəyyən edilib.

Hüseyn Həsənov Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə ittiham edilir.


Müəllif: Hacı Zeynalov