22 İyul 2014 14:31

“Dəmirbank” ASC-nin Sumqayıt filialının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı yekunlaşıb.

Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, istintaq zamanı filialın müdir müavini vəzifəsində işləyən Cabir Sultanovun qulluq mövqeyindən istifadə etməklə filialda müştərinin adına açılmış depozit hesabdan 10 min manat məbləğində pulun alınmasına dair sənədə vətəndaşın əvəzinə imza edib və həmin məbləği nağd olaraq götürüb.

O, həmçinin Sumqayıt şəhər sakini tərəfindən depozit hesaba köçürülməsi üçün ona verilmiş 40 min manat məbləğində pulu hesaba köçürməyərək etibardan sui-istifadə edərək dələduzluq yolu ilə ələ keçirib. Habelə filialın xəzinədar-əməliyyatçısı Səidə Abıyevaya müştərinin iştirakı olmadan rəsmi sənədləri tərtib etdirib müştərinin adından imzasını icra etdirməklə “Dəmirbank” ASC-nin hüquqlarına və qanuni mənafeyinə mühüm zərər vurub.

C.Sultanova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq), 179.3.2 (mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), S.Abıyevaya isə həmin məcəllənin 308.1-ci maddələrində nəzərdə tutulan ittiham elan edilib. İstintaq dövründə dəymiş ziyanın tam ödətdirilməsi təmin olunub.

Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hacı Zeynalov


Müəllif: