24 İyul 2014 10:46

Gənc oğlan əvvəlcə qonşusunun arvadına sataşdı, sonra ərinin başını parçaladı

Dünən Gəncə Apelyasiya Məhkəməsində Ağdam rayon sakinləri - 1988-ci il təvəllüdlü Şamxal Muradov və onun qardaşı, 1992-ci il təvəllüdlü Nicat Muradovun məhkəməsi keçirilib.

İttihama görə, təqsirləndirilən şəxslər 8 sentyabr 2013-cü il tarixdə, saat 21.00-da Ağdam rayonu Eyvazlı kəndində yaşadığı evin həyət darvazasının qarşısında həmkəndliləri Elsevər Tapdıqovu döyüblər. Buna görə də Elsevər xəsarət alıb və xəstəxanada müayinə olunub. Muradov qardaşları isə həbs olunub.
Şamxal və Nicat Cinayət Məcəlləsinin 128-ci (sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham olunublar və cinayət işi baxılması üçün Ağdam rayon Məhkəməsinə göndərilib.

"Elsevər bizimlə barışmaq istəməyib"

Məhkəmədə ifadə verən Şamxal Muradov deyib ki, anası Fəridə həyətdə saxladıqları qazları otarmaq üçün çölə çıxarıb. Onun sözlərinə görə, həmin vaxt həyətlərində olan tövlədə heyvanlarını yemləyib: "Bu zaman çöldə səs-küy eşitdim. Darvazaya tərəf gedəndə anamın qışqıraraq həyətə girdiyini gördüm. Darvazadan çöl tərəfdə qonşumuz Elsevər Tapdıqovun söyüş söydüyünü gördüm. Həmin vaxt Elsevər ilə dalaşdım. Biz bir-birimizi vurmuşuq. Dalaşma zamanı əlimdə heç nə olmayıb. Hazırda əməlimdən peşmanam. Dəfələrlə Elsəvərdən üzr istəmişəm. Ancaq Elsəvər mənimlə barışmayıb".

Nicat Muradov da elan olunmuş ittiham da özünü qismən təqsirli bilib. Əməlindən peşman olduğunu deyən Nicat Muradov bildirib ki, dəfələrlə barışması üçün Elsevərin evinə adam göndərib. Onun sözlərinə görə, Elsevər onunla barışmayıb.

"Şamxal arvadıma sataşıb"

Elsevər Tapdıqov deyib ki, qonşusu Arzuman Muradovun ailəsi ilə təxminən 15 ilə yaxındır ədavətləri var. Onun sözlərinə görə, bir il bundan əvvəl Arzuman Muradovun oğlu Şamxal onun arvadı Rənaya sataşıb: "Buna görə ailələrimiz arasında narazılıq daha da şiddətlənib".

Daha sonra hadisənin baş verməsindən danışan Elsevər Tapdıqov bildirib ki, özünə məxsus traktorla evinə gəlib. Onun sözlərinə görə, traktoru həyətində saxlayıb: "Heyvanlarını gətirmək üçün otlaq sahəsinə getmək istədim. Bu zaman qızım Elminaz çay içmək üçün məni evə çağırdı. Lakin əlimin çirkli olduğunu dedim və örüşə getdim. Arzumanın həyat yoldaşı Fəridə Muradova həyətdən qazları küçəyə çıxardı. Həmin vaxt Fəridə mənim dayanmağımı, söz deyəcəyini bildirdi. Ona tələsdiyimi bildirdim".

"Yasəmən əlindəki yaba ilə məni vurmaq istədi"

Zərərçəkmişin sözlərinə görə, bu zaman Fəridənin oğlu Nicat Muradov oraya gəlib və onun ünvanına nalayiq söyüş söyüb: "Nicat Muradovdan nə üçün məni təhqir etdiyini soruşdum. Nicat yenə də məni təhqir etdi. Həmin vaxt Fəridə Nicata səhv etdiyini bildirdi və getməsini dedi. Lakin Nicat anasının sözlərinə heç bir məhəl qoymadan məni təhqir etdi. Mən su arxına gəldim və əlimi yuyarkən Fəridənin qızı Yasəmən əlindəki yaba ilə məni vurmaq istədi. Kənara çəkildiyimdən yaba mənə dəymədi. Yasəmən Muradova ilə işimin olmadığını, qardaşı Şamxal Muradovla işim olduğunu bildirdim. Şamxal Muradov mənim sözlərimi eşitdi və darvazadan çölə çıxdı. O, əlindəki kətməni qardaşı Nicata atdı. Nicat kətməni yerdən götürərək başıma vurdu. Bundan sonra başımdan qan axdı. Başım qanlı Şamxalı vurmaq üçün üstünə getdim. Bu zaman Şamxal əlindəki bel ilə bir dəfə başıma vurdu".

Bütün tərəfləri dinləyən hakim sonda hökm elan edib. Məhkəmənin hökmü ilə hər iki qardaş islah işləri cəzasına məhkum olunub. Hökmdən narazı qalan zərərçəkmiş apelyasiya şikayəti verib. O, Muradov qardaşlarının həbs edilməsini tələb edib. Zərərçəkmişin şikayəti araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Elçin Xasməmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara görə, zərərçəkmişin şikayəti qismən təmin edilib. Məhkəmə Şamxal Muradovun barəsində 4 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edib. O, məhkəmə zalından həbs edilib. Nicat Muradovun həbs edilməsi ilə bağlı şikayət təmin edilməyib.

Hacı Zeynalov


Müəllif: