25 İyul 2014 20:15

Məhkəmə çempionatda dava salan idmançılara güzəşt etmədi

Bakıda keçirilən sərbəst və Yunan-Roma güləşi üzrə Azərbaycan çempionatında baş verən insidentə görə, təqsirli bilinən idmançılar Vüqar Həziyev və İbrahim Muxtarovun məhkəməsi keçirilib.

Teleqraf.com-un xəbərinə görə, ötən ilin dekabrın 23-də “Sərhədçi” İdman Mərkəzində keçirilən çempionatda Azərbaycan vətəndaşı olan iki idmançı güləşərkən aralarında mübahisə yaranıb və onların azarkeşləri olan bir neçə şəxs də bu qısamüddətli mübahisəyə qoşulub. Yarışın təşkilatçılarının vaxtında müdaxiləsi ilə məsələnin böyüməsinin qarşısı alınıb, ara sakitləşib.

Tədbirdən sonra Bakı şəhər sakini, 16 yaşlı Şamil adlı gənc Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinə ərizə ilə müraciət edərək “Sərhədçi” İdman Mərkəzində keçirilən yarışda mübahisə zəminində tanımadığı bir şəxsin bıçaqla ona çiyin nahiyəsindən xəsarət yetirdiyini bildirib. Polis əməkdaşlarının “isti izlər”lə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 2 nəfər - Bakı şəhər sakini Vüqar Həziyev və Bərdə rayonunda yaşayan İbrahim Muxtarov tutularaq istintaqa təhvil verilib.

Həmin gün Azərbaycanda sərbəst və yunan-Roma güləşi üzrə respublika çempionatı olub. Mübahisə də məhz Azərbaycan vətəndaşları olan iki güləşçi arasında düşüb. Saxlanılan şəxslər güləş üzrə keçirilən respublika çempionatlarında bir neçə dəfə birinci yerə çıxıblar. Hər iki şəxsin barəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə ittiham ediliblər. Xətai rayon Məhkəməsinin hokum ilə Vüqar Həziyev 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən İbrahim Muxtarovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Hökmdən təqsirləndirilən şəxslər narazı qalıblar. Vüqar Həziyev şikayətində birinci məhkəmə instansiyası tərəfindən ağır cəzaya məhkum olunduğunu yazıb. O, barəsində daha yüngül cəzanın verilməsini xahiş edib. İbrahim Muxtarov isə günahsız olmasını əsas gətirib və barəsində bəraət hökmünün çıxarılmasını istəyiblər. Hər iki şikayət araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Həsən Əhmədovun sədrliyi ilə dünən keçirilən prosesdə qərar elan olunub. Qərara görə, Vüqar Həziyevin apelyasiya şikayəti qismən təmin edilib. Məhkəmə onun cəzasından 6 ay çıxıb və barəsində qəti olaraq 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılıb. İbrahim Muxtarovun apelyasiya şikayəti təmin edilməyib.

Hacı Zeynalov


Müəllif: