20 Oktyabr 2017 18:56
1 112
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda özünü vəzifəli şəxs və vəzifəli şəxsin qohumu kimi təqdim etməklə dələduzluqda ittiham olunan 1986-cı il təvəllüdlü Tovuz rayon sakini Elnur Əmirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Elnur Əmirov Bakı şəhərində tanış olduğu Natəvan Ağayevaya Bakı şəhər və Binəqədi rayon İcra Hakimiyyətlərinin yüksək vəzifəli şəxsləri ilə yaxın münasibəti olduğunu bildirib.

O, Natəvan Ağayevanı Binəqədi qəsəbəsində 200 kv.m torpaq sahəsində yaşayış evi tikintisi üçün rayon icra hakimiyyətindən sərəncam almaq adı ilə aldadıb. Bu adla Elnur Əmirov Natəvan Ağayevadan 2013-cü ilin may ayıda 2000 manat, həmin ilin oktyabr ayında eyni məqsədlə 1500 manat alıb.

Həmçinin o, 2013-cü ilin noyabr ayında Bakı şəhərində tanış olduğu Səməd Səmədova özünü Dövlət Neft Şirkətinin əməkdaşı və Dövlət Miqrasiya Xidmətinin rəhbər vəzifəli şəxsinin yaxın qohumu kimi təqdim edib. O, Səməd Səmədovu Dövlət Miqrasiya Xidmətinə işə qəbul etdirmək adı ilə 2013-cü ilin dekabr ayında ondan 11 min manat, 2014-cü ilin fevral ayının sonlarında isə 4 min manat alıb.

Bundan başqa, Elnur Əmirov təkrarən eyni niyyətlə 2013-cü ilin dekabr ayında Natəvan Ağayevanın etibarından sui-istifadə edərək, onun bacısı oğlu Şanil Nağıyevi Bakıelekrtikşəbəkə ASC-yə işə qəbul etdirmək adı ilə aldadıb, onun 1000 manatını ələ keçirib.

Daha sonra Elnur Əmirov 2014-cü ilin iyununda Bakı şəhərində tanış olduğu Nərgiz Bayramovaya özünü Dövlət Neft Şirkətinin əməkdaşı və bir sıra dövlət orqanlarının rəhbər vəzifəli şəxslərinin yaxın qohumu kimi təqdim edib, onu “Asan Xidmətə” işə qəbul etdirmək adı ilə aldadıb. O, Nərgiz Bayramovadan 1560 manat alıb.

Həmçinin Elnur Əmirov 27 sentyabr 2014-cü ildə, saat 21.45-də Bakı şəhərinin Məhəmməd Hadi küçəsindəki 76 saylı binanın 4B nömrəli giriş qapısının qarşısında aralarında baş vermiş münaqişə zəminində qohumu Fikrət Əhmədovu döyüb. Bununla da o, Fikrət Əhmədova xəsarət yetirib.

Elnur Əmirov Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddələri ilə ittiham edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elnur Əmirov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun Xəzər rayon Məhkəməsinin 9 mart 2012-ci il tarixli qərarı ilə üzərində saxlanılmış cərimə cəzasının icra edilməmiş qalan 2400 manatlıq hissəsi hazırkı hökmlə təyin edilmiş cəzaya birləşdirilib, ona 2400 manat cərimə cəzası da təyin edilib.

Hökmdən narazı qalan Elnur Əmirov apelyasiya şikayəti verib, barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini istəyib.

Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Elnur Əmirovun apelyasiya şikayəti təmin edilməyib. Daha sonra o, Ali Məhkəməyə kasasiya şikayəti verib.

Ali Məhkəmədə işə baxan hakim Əli Seyfəliyevin sədrlik etdiyi kollegiyada təqsirləndirilən şəxs barəsində təyin edilmiş hökmdə dəyişiklik edib.

Məhkəmə Elnur Əmirovun zərərçəkmişlər – Şamil Nağıyevə 1000 manat, Nərgiz Bayramovaya 1560 manat dəyərində vurduğu ziyan hissədə “”xeyli miqdarda” sözlərini çıxarıb.

Elnur Əmirovun kasasiya şikayəti təmin edilməyib, hökm qalan hissədə dəyişdirilməyib.


Müəllif: Hacı Zeynalov