20 Noyabr 2017 16:59
1 546
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəbələ şəhərinin İsmayıl bəy Qutqaşınlı küçəsində bir qadının evinə basqın olub.

Teleqraf.com xəbər verir ki, həmin ünvanda 1951-ci il təvəllüdlü Elmira Xasməmmədova yaxın qohumu Natiq Paşabəyli tərəfindən bıçaqlanıb.

Qadın çoxsaylı kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu ilə Qəbələ rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq cərrahiyyə əməliyyatı olunub. Hazırda reanimasiya şöbəsində olan 66 yaşlı Elmira Xasməmmədovanın vəziyyəti ağır olaraq qalır.

Baş verən hadisə ilə bağlı Qəbələ rayon polis şöbəsinə məlumat daxil olub. Həmin ünvana gələn istintaq-əməliyyat qrupunun araşdırmaları nəticəsində evə zirzəminin pəncərəsindən girmiş maskalı şəxsin qadının baş, qol və sinə nahiyələrinə bıçaqla xəsarət yetirdiyi, 115 manatını və qızıl üzüyünü aldığı müəyyən edilib.

Görülmüş təxirəsalınmaz tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq polis şöbəsinə gətirilib.

Bakı şəhər sakini olan Natiq Paşabəyli müxtəlif yalanlar uydurmaqla məsuliyyəti boynundan atmaq istəsə də, tutarlı faktlar qarşısında törətdiyi cinayət əməlini etiraf edib.

Onun həmin qadının yaxın qohumu olması, bir gün əvvəl taksi ilə Qəbələyə gəldiyi, tamah məqsədilə bu əməli törətdiyi məlum olub.

Polis əməkdaşları tərəfindən onun cinayətdə istifadə etdiyi əlcək rayon ərazisində atdığı yerdən, oğurladığı qızıl üzük isə paytaxtda satdığı mağazadan aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov