18 Dekabr 2017 13:57
869
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaçmazda iş adamını qətlə yetirməkdə təqsirləndirilən Vüsal Rüstəmov, Firudin Axverdiyev və Qalib Kərimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş şəxsin hüquqi varisi, qətlə yetirilən İlqar Məmmədovun oğlu Vüqar Məmmədov ifadə verib.

O bildirib ki, hadisə baş verən zaman Bakıda olub: “2008-ci ildən Bakıda qalıram, Xaçmaza bayramdan-bayrama gedirdim. Atamı təqsirləndirilən şəxslərin hər üçü qətlə yetirib. Hadisə zamanı evdə 1 milyon 500 minə yaxın pul olub”.

Vüqar Məmmədovun sözlərinə görə, atası ilə hadisədən bir il əvvəl görüşüb: “Hadisənin necə baş verdiyini görməmişəm, lakin bu haqda sonradan məlumatım aldım. Evdəki pulun məbləğini dövriyədə olan mallarla bilirdim. Atam rayonda sahibkar idi. Atamla birgə fabrik açmaq fikrimiz vardı”.

Vüqar Məmmədov deyib ki, anası da Binə Ticarət Mərkəzində ticarətlə məşğul olur.

Məhkəmədə məlum olub ki, Vüqar Məmmədov 1.5 milyon manatlıq mülki iddia qaldırıb.

Növbəti proses dekabrın 25-də davam edəcək.

İttihama görə, təqsirləndirilən şəxslər cinayətkar dəstə yaradıb və Xaçmazda quldurluq, oğurluq cinayətləri ilə məşğul olublar. Onlar rayon sakini Nəzakət Hacıyevanın evinə girib, onu zəhərləyərək öldürüb, evindən 10 min manat pul götürüblər. Daha sonra həmin mənzili yandırıblar.

Bundan başqa, dəstə üzvləri əvvəlcədən hazırladıqları plan üzrə İlqar Məmmədovun topdansatış mərkəzinə daxil olublar. Orada İlqar Məmmədovu bıçaqla qətlə yetirərək evindən 289 min manat pul və qızıl-zinət əşyaları götürüblər.

Qətlə yetirilən İlqar Məmmədov Xaçmazda ticarət mallarının topdan satışı ilə məşğul olan biznesmen kimi tanınıb.


Müəllif: Hacı Zeynalov