19 Fevral 2018 11:18
957
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu qəsəbəsində bir gecədə üç evdən oğurluq olub.

Teleqraf.com xəbər verir ki, qəsəbənin “Şəhər şosesi” küçəsində Xanoğlan Hadıyevə məxsus fərdi yaşayış evindən oğurluq edilib.

Bu barədə ev sahibi Sabunçu rayon Polis İdarəsi 12-ci polis bölməsinə məlumat verib. Şikayətçi fevralın 16-da evdə olmadığı müddətdə mənzilin pəncərəsinin qırıldığını, oradan 4 min manat dəyərində qızıl-zinət əşyaları və 280 manat pul oğurlandığını bildirib.

12-ci polis bölməsi əməkdaşlarının “isti izlər”lə cinayəti törətməkdə şübhəli bilinən, həmin qəsəbədə yaşayan Quba rayon sakini Elmin İsayev tutublar.

Saxlanılan şəxs ifadəsində oğurluq etdiyi evin sahibi ilə qonşu olduğunu və həmin evdə heç kimin olmadığını bildiyi üçün ora getdiyini deyib.

Elmin İsayevin digər cinayətlərinin də üstü açılıb.

Araşdırmalarla saxlanılan şəxsin eyni gündə Sabunçu qəsəbəsində daha iki fərdi yaşayış evinə oğurluq niyyəti ilə daxil olduğu və həmin mənzillərdən 2500 manat dəyərində qızıl-zinət əşyaları və 317 manat pul oğurladığı məlum olub.


Müəllif: Hacı Zeynalov