7 Aprel 2014 17:45
1 213

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirli bilinən Suraxanı rayon İcra Hakimiyyəti başçısının Bülbülə qəsəbə inzibati ərazi vahidliyi üzrə nümayəndəsi Nazim Dadaşovun cinayət işi üzrə məhkəmə başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, Bakı şəhər sakininin Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə Nazim Dadaşovun torpaq sahəsinin ayrılması və həmin torpaq sahəsinə 2010-cu ilin sənədi verilməsi müqabilində ondan 17 min manat rüşvət tələb etməsi barədə müraciəti əsasında toplanan material üzrə Cinayət Məcəlləsinin 311.3.3-cü (rüşvət alma) maddəsi ilə başlanıb.

Daxil olan müraciət əsasında idarənin əməkdaşlarının 2013-cü il fevralın 6-da keçirdiyi əməliyyat tədbirləri nəticəsində Nazim Dadaşov Bülbülə qəsəbəsində idarə etdiyi “VAZ-2106" markalı avtomobilində Bakı şəhər sakinindən 8 min manatı alarkən yaxalanıb.

Baxış zamanı Nazim Dadaşovun idarə etdiyi avtomobilin salonundan rüşvət kimi aldığı 8 min manat, xidməti otağından isə ayrı-ayrı vətəndaşlara məxsus cinayət təqibi üçün əhəmiyyət kəsb edən sənədlər hal şahidlərinin iştirakı ilə aşkar edilərək götürülüb.

Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə Nazim Dadaşov 8 il müddətinə azadlıqdan məhrum edilib.


Müəllif: Teleqraf.com