21 Sentyabr 2016 08:35

Dilqəm ƏHMƏD

Axşam gəzintisindən sonra avtobusa minib evə qayıdarkən “Posta” qəzetinin 19 sentyabr sayının manşet xəbərini oxumaq üçün qəzeti çevirdim.

Manşet belə idi: “Kalbimize gömdük”.

Ana xəbər sentyabrın 16-da ağciyər xərçəngi səbəbindən vəfat edən Türkiyənin məşhur aktyoru Tarık Akanın cənazə mərasimi haqqında idi.

Həmin günkü qəzetlərin əksəriyyətinin əsas xəbəri Tarık Akanın minlərlə insanın iştirakı ilə son mənzilə yola salınması ilə bağlı idi.

Qəzeti çevirib xəbəri oxumaq istəyərkən yanımda əyləşən təxminən 50-55 yaşlı bir kişi sərt şəkildə xəbərə münasibət bildirdi: “Kimdir axı bu ki, iki səhifə xəbər hazırlayıblar? Peyğəmbərmi? 15 iyul şəhidimi? Kim ki? Kommunistin biridir...”.

Son aylarda türk xalqının baş verən hadisələr səbəbindən qəzəbli olduğunu bildiyim üçün heç bir reaksiya vermədim və xəbəri oxumağa davam etdim.

Zatən Türkiyə elə bir ölkədir ki, burada müxtəlif görüşlər Cümhuriyyətin elanından bu yana qarşıdurma içindədir, zamanında hətta silahlara da əl atılıb.

Necə ki, Türkiyəyə gəldiyim vaxtdan bir neçə gün sonra avtobusda “Türkiyə İslamın qanunları ilə idarə edilməlidir” deyən bir şəxs tərəfindən şortik geyinmiş 23 yaşlı qız hücuma məruz qalaraq təpiklənmişdi. Sosial mediadakı kütləvi etirazdan sonra məhkəmə əvvəlcə sərbəst buraxdığı cinayətkarı həbsə göndərmək məcburiyyətində qaldı...

Əlqərəz, Tarık Akana da münasibət Türkiyədə birmənalı deyil. Necə ki, cənazə mərasiminə nə prezident Ərdoğan, nə də ki İstanbulun bələdiyyə başqanı Kadir Topbaş qatıldı. Baş nazir Binəli Yıldırım başsağlığı mesajı göndərdi.

Amma Akanı son mənzilə yola salan minlərlə Türkiyə vətəndaşı arasında bu ölkənin ən məşhur siyasətçiləri, sənətçiləri vardı.

Əvvəlcə Muhsin Ertuğrul səhnəsində mərhumla vida mərasimi keçirildi, Teşvikiye məscidində cənazə namazı qılındıqdan sonra Zuhuratbaba məzarlığına aparıldı.

Cənazədə ön sırada CHP sədri Kamal Kılıçdaroğlu da vardı.

Eləcə də Tarıkı yola salmağa gələnlər arasında keçmiş prezident Əhməd Necdət Sezər, millət vəkili Gürsel Tekin, sənət dünyasından Emel Sayın, Kadir İnanır, Ediz Hun, Nuri Alço, Türkan Şoray, Fazıl Say, Zülfü Livaneli, Fatma Girik, Filiz Akın, Hülya Koçyigit, eləcə də çətin vəziyyətdə yeriyən, “Mədən” filmdə Tarıkla baş rolu bölüşən Cüneyt Arkın da var idi.

Vida mərasimində Tarıkın qızı Özləm Üregil atası haqqında bunları dedi: “Atam Türkiyə insanının dərdlərini və sevinclərini filmdə göstərdi. Atdığı hər addımda Türkiyənin daha yaxşı bir gələcəyi üçün çalışdı”.

Fazil Say Tarıkın xatirəsinə həsr etdiyi bəstəni ifa edərək ona olan sevgisini ortaya qoydu.

Ən kədərli mesajlardan birini Kemal Sunalın oğlu Əli Sunal işlətdi: “Tək təsəllimiz iki qardaşın qovuşmasıdır”.

İlk filmlərində yaraşıqlılığı ilə gündəmə gələn Tarık Akan sonralar Yeşilçamı alt-üst edəcək addımlar atır. O, filmlərində xalqın problemlərini qabardaraq gerçək sənət yolunu seçir. Xüsusən, “Mədən” və “Yol” filmləri onun vizyonunu tamamilə dəyişdirir.

Tarık Akanın dəfnində iştirak edənlər arasında onun zamanında “Mədən” filmində problemlərini qabartdığı işçilər də var idi. Onlar “Yoldaşımızı sayğıyla anırıq” adlı pankart açaraq sol görüşlü aktyora vəfa borclarını yerinə yetirdilər. Təsadüfi deyil ki, Tarık 1990-cı ildə Zonquldakda mədənçilərin yürüşünə qatılmışdı.

1980-ci il çevrilişində həbs edilənlər arasında Tarık da vardı. Hazırda Türkiyədə terror qruplaşması kimi təqdim edilən Fətullah Gülən tərəfdarlarının türk ordusunun zabitlərini məhbəsə atdıqlarında ordunun yanında yer alanlar arasında yenə o vardı.

Silivri həbsxanası önündə çəkilmiş fotosu öldüyü gün ən çox gündəmə gətirilən foto oldu. Təsadüfi deyil ki, Akanın ölümü ilə bağlı yayımladığı başsağlığı mesajında İlkər Başbuğ bunları dedi: “Bizləri Silivridə heç yalnız buraxmayan gözəl insan, böyük sənətçimiz Tarık Akana Allahdan rəhmət diləyirəm”.

12 sentyabr çevrilişindən sonra Almaniyada etdiyi bir çıxışa görə vətənə qayıdanda 2,5 ay hücrə cəzasına məhkum qalan Tarık həmin dönəmlə bağlı xatirələrini 2002-ci ildə “Anne kafamda bit var” adlı kitabında yada salır.

Türkiyənin məşhur köşə yazarı Yılmaz Özdil Tarıkın bu xarakteri ilə bağlı bunları yazdı: “Dəliqanlı kimi yaşadı, dəliqanlı kimi getdi. Hər kəsə nəsib olmaz”.

“Sözcü” qəzeti Tarıkla bağlı xəbərə də belə başlıq qoymuşdu: “Hər dövrün dəliqanlısı”.

Çünki Tarık Türkiyənin siyasi həyatında nə zamansa bir qanunsuzluq gördüyündə oraya gedən ilk vətəndaşlardan biri olurdu...

Tarık Akan sosial məsuliyyəti olan insanlardan idi. Türkiyədə məktəb açan sənətçilər sırasında o da var idi.

Tarıkın Türkiyəyə son mesajı isə sentyabrın 7-də Çukurova Bələdiyyəsinin təşkil etdiyi Yılmaz Güneyi anma gecəsində səslənmişdi. Tədbirə telefonla qatılan Akan bunu demişdi: “Mücadilə heç vaxt bitməyəcək”.

Son vəsiyyətlərindən biri isə qəbirə qoyularkən heç kimin onu görməməsi idi. Polislər onun bu arzusunu yerinə yetirdi...


Müəllif: Dilqəm Əhməd