5 Sentyabr 2017 14:27
1 563
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əslində, bu yazını hələ oyundan qabaq yazmaq istəyirdim. İstəyirdim ki, beynimdə bir neçə gün davam edən “avtoqol” linçləməsinə aydınlıq gətirim... Ki, əmindim… Bu oyunda Rəşad nəyisə bir daha sübut edəcək…

Əslində, onun nəyisə sübut etməsinə də gərək yoxdu… Təbii ki, ondan daha istedadlılar da olub, perskpektivlisi də, çalışqanı da… Amma onda olan xarakter heç kimdə olmayıb... ki, buna qayıdacağam…

Onunla 2008-ci ildə tanış olmuşam. Futbolsuz günləri idi, bir jurnalistin toyuna eyni maşında getmişdik. O zamanların yetərincə populyar futbolçusu basketbol oynamağa məcbur olmasına rəğmən, olduqca nikbin, hətta inamlı idi. Yolboyu hətta zarafat etməkdən də çəkinməyərək, karyerasını bitirmə uçurumunu belə sonsuz vahəyə çevirmişdi…

Nə isə, məsələ o deyil… 2009-cu ildə məlum “Rozenburq” oyunundan öncə “Qarabağ”a gələndə belə çoxları artıq onun erasını bitmiş sayırdı... Amma o neylədi? İnanılmazı bacardı… İl ərzində ona edilən tənələr, mənəvi basqılara ilahi zərbəylə möhtəşəm qələbəni gətirdi…

Norveçlə oyundan və bəzi avtoqol tənələrindən sonra 8 il öncəsi məlum oyunu xatırladım. Əmindim ki, yenə nəsə edəcək. Və bu gün cərimə zərbəsi zamanı topa yaxınlaşarkən, baxışlarındakı qətiyyət hesabın dəyişəcəyindən xəbər verirdi.

Nə qədər təzadlı səslənsə də, kapitanın nömrəsi məndə yoxdu, yəni “çaşka-loşka” deyilik. Üst-üstə düşməyən fikirlərimiz də var. Məsələn, bəzilərinə adının özüylə aşırı səsləşməsinə imkan verir, deyəndə bən olmamağı tövsiyə edir. Demək olar ki, oyundan-oyuna salamlaşırıq. Amma...

Bunu “Slovan”la Bakıda keçirilən oyundan sonra da yazmışdım. Rəşad Sadıqov fenomeni əsla pul, şan-şöhrət, populyarlıq üzərinə formalaşmayıb. Nə zamansa onun maddi tələblərini eşitmisinizmi? Əsla… O bu günə qədər saysız-hesabsız əməliyyatlara, haqlı-haqsız, özünü aşan basqılara sırf xarakterinə görə qalib gəlib. Məğlub olmaq istəməyib, məğrurluğu bədənini, fiziki imkanlarını belə aşıb. Uğursuzluqlara boyun olub, başarıda kölgəyə çəkilib.

Bu gün qolun hansı komandanın qapısına vurulması önəmli deyil. Önəmli olan məsuliyyəti hiss etməkdi. Təbii ki, o da nə zamansa yaşıl meydanlara kapitan kimi çıxmayacaq. Amma adamı yaşına görə dəyərləndirmək 37 yaşında klub dəyişən Jon Terriyə haqsızlıqdı.

Hər kəs tənqid edilə bilər, tənqid etmək də həmçinin azaddır. Sadəcə, qurunun oduna yaşı yandırmaq isti verməyəcək, göz tutuşduracaq. Bu nə Rəşadın, nə də başqasının problemidir. Yerimizi itirmək qorxusu yerimizdə saymağa gətirir.

Bu gün Rəşadın alternativinin olmaması futbol(çun)un yox, xarakter çatışmazlığının göstəricisidi. Böyük şəxsiyyət istedad və ya çalışqanlıqla deyil, hər ikisinin birləşməsiylə olur. İstər futbolçu, istər məşqçi həmkarları (yenicə başlasa da, zaman fərqi göstərəcək) şanssızlıqdan, imkansızlıqdan şikayətlənəndə Rəşad durmadan öz üzərində çalışır(dı). Başqaları futbol uğurunu əyləncə masalarında xərcləyəndə o, əməliyyat stollarından növbəti əzmkarlığını nümayiş etdirmək üçün qalxdı.

O, şübhəsiz müstəqil futbolumuzun ən əsrarəngiz, ziddiyətli romanıdı: Oxunacaq yox, mütaliə ediləcək.

İstəsək də, istəməsək də o kitabı özü bitirəcək. Gələcək nəsillərə miras qalacaq bir əsər kimi. Amma inanın ki, bu roman nə qədər uzun olsa, darıxdırıcı yox, yaddaqalan və faydalı olacaq.

Təbii ki, Rəşad da karyerasını bitirəcək, ondan daha istedadlıları da gələcək. Amma əsla ikinci bir Rəşad Sadıqov olmayacaq, gəlməyəcək…”


Müəllif: Nurlan İbrahimov