6 Fevral 16:53
761

Bu yaxınlarda Qarabağ müharibəsinə, Qarabağ faciəmizə həsr olunmuş «Geyilməmiş ayaqqabılar» filmi ilə kino mədəniyyətimizdə bir yeniliyə imza atmış rejissor Rza Rzayev Bakı şəhərindəki 220 nömrəli məktəbdə baş verən neqativ hadisə ilə bağlı sosial şəbəkədə bir yazı paylaşmışdı. Və bir neçə mətbuat vasitəsi də həmin tənqidi yazını dərc eləmişdi. Yazıda ciddi faktlar vardı və bu faktların da həm Təhsil Nazirliyi tərəfindən, həm də hüquq-mühafizə orqanları tərəfindən araşdırılması gərəkirdi. Yəqin ki də araşdırılacaq.

Və iki gündü həm qəzetlərdə, həm saytlarda, həm də sosial şəbəkələrdə Rza Rzayevin 220 nömrəli məktəbin direktoru ilə xoşagəlməz bir görüşü tirajlanıb. Və baxıram, sosial şəbəkələrdə də xüsusi qruplar tərəfindən bu tanınmış rejissor linç edilir. İnsanların içində kimlərəsə və nələrəsə olan kin, nifrət hamısı Rzanın üzərinə püskürüb. Sosial şəbəkə qəhrəmanlarının əlinə yeni bir söyüləsi, təhqir olunası, linç ediləsi bir ziyalı düşüb.

Dostumuzun həmin hərəkətinə haqq qazandırmaq fikrim yoxdu. Çünki heç gözləmədiyim, nəinki mənim, eləcə Rzanı yaxından tanıyan dost-tanışların, hətta Rzanı sevməyənlərin də ağlına gəlməzdi ki, Rza kimisə təhqir eləsin və yaxud kimisə hədələsin. Və hamı da məsələyə birtərəfli yanaşır. Məsələnin alt qatı heç kimi maraqlandırmır.

Rzanı mətbuatda dərc olunan məqalələrindən tanıyırdım, şəxsi tanışlığımız yox idi. Tale elə gətirdi ki, «Dolu» filmi çəkilərkən bir kollektivdə çalışmalı olduq. Üç-dörd ay, demək olar ki günorta-axşam, bir yerdə çörək yedik. Dəfələrlə həm kino çəkilişi zamanı, həm də çəkilişdən sonra ölkənin regionlarına birgə səfərlərə çıxdıq, həm də yol yoldaşı olduq. Deyirlər qardaşın necə adamdı, deyir yol yoldaşı olmamışam, bilmirəm. Mən də Rzanı yol yoldaşlığında tanıdım.

Bu boylu-buxunlu, bir az da kor-kobud görünüşlü adamın necə incə qəlbə sahib olduğunu, uşaq kimi saf və təmiz , kövrək olduğunu onunla yarımca saat söhbət eləyəndə görmək olar. Mən həyatımda bu qədər utancaq bir insan görməmişəm. Onun yanında kimsə kobud, yaxud xoşagəlməz bir ifadə işlədəndə Rza qızarır.

Mən həddindən artıq zarafatcıl, lətifə danışmağı, bir qədər açıq-saçıq danışmağı xoşlayan adamam. Yəni dostlar arasında qoruq-qaytağı elə gözləmərəm. İlk tanışlığımız gündən hiss elədim ki, mənim bir qədər açıq-saçıq danışmağım, latayır lətifələrim Rzaya heç xoş gəlmir. Bəzən hərdən məclisi tərk edirdi, bir az meşədə gəzişirdi, sonra qayıdırdı.

Kino işçiləri də həddən artıq zarafatcıldılar, açıq-saçıq danışmağı, etikadan kənar lətifələr söyləməyi xoşlayarlar. Ümumiyyətlə, yaradıcı adamların 90-95 faizi elə belə olur, yəni çərçivələrə sığmırlar. Rza tamamilə fərqliydi. Həddindən artıq yüksək bir mədəniyyətə malik idi. Mən onun yüksək mədəniyyətinə və tərbiyəsinə heyran qalmışdım. Yəni indiki zamanda saflığını və təmizliyini qoruyub saxlamaq çətin məsələdi. Rza onu qoruyub saxlaya bilib. Hətta zarafatla deyirdim ki, "Rza, həddən artıq mədəniyyətli olmaq özü bir mədəniyyətsizlik əlamətidi”. Gülürdü.

Rzanı tanıyanlar çox gözəl bilir ki, bu günədək onun dilindən bir kor-kobud söz çıxmayıb. Kimisə nəinki təhqir etməyib, heç xətrinə belə dəyməyib.

Özünü Ümummilli Lider Heydər Əliyevin bir əsgəri sayan Rza həm də dövlətçiliyimizin yolunda, torpaqlarımızın uğrunda filmdə deyil, həyatda canından keçməyi «uf» demədən bacara bilən bir şəxsiyyətdi. Eləcə də dost yolunda, hətta küçədə tanımadığı bir insanın yolunda da özünü qurban verməyi bacarır.

Bəs necə oldu ki, belə bir mədəni, saf, təmiz insan bir məktəbə gedir, məktəbin direktorunu təhqir edir və ya hədələyir? Deməli, buna nə isə bir səbəb olub. Bunun özülündə bizim bilmədiyimiz və təxminən hiss elədiyimiz bir səbəb yəqin ki var. Heç kəsi alt qat maraqlandırmır, səbəb maraqlandırmır. Çünki həmin o alt qat və səbəb Rzanı sosial şəbəkələrdə linç edənlər üçün lazım deyil. Heç bir kəs durub durduğu yerdə belə bir hərəkətə yol verməz, onda ki Rza kimi bir mədəni, tərbiyəli adam ola.

Bir daha deyirəm, Rzanın hərəkəti xoşagələn deyil, amma görən kiminsə əzizi hər hansı bir haqsızlıqla, təhqirlə, xoşagəlməz bir hadisəylə qarşılaşarsa həmin kimsələr özlərini necə aparar? Deməli, Rzanı təbdən çıxaran ciddi bir hadisə baş verib ki, o da belə bir xoşagəlməz hərəkət edib. Və bu hərəkətləri nələrisə yeməyi bacarmayan hər kəs edə bilər. Qanunu heçə sayan adamlar haqlıları haqsız duruma salır.

Rza elədiyi hərəkətə görə lap qanun qarşısında qoy cavab versin. Amma onu bu hərəkətə sövq edənlər də yaxalarını kənara çəkə bilməzlər. Bu məsələyə qanun çərçivəsində baxılarsa, elə birinci Rzanın qələmə aldığı və faktlara söykənən məsələ araşdırılmalıdır. Həm Təhsil Nazirliyi tərəfindən, həm də hüquq-mühafizə orqanları tərəfindən.

Rza da yəqin ki, hər hansı bir cəzanı məmnuniyyətlə qəbul edər.

Vaqif Cəbrayılzadənin çox gözəl bir şeiri var: «Ax, zalım dostlar, zalım qardaşlar». Bu yazıda onu dərc etmirəm, başqa vaxt ayrıca birinci səhifədə dərc edəcəm.

Ax, zalım dostlar,

zalım qardaşlar,

fələyin zülmünə düşəndən bəri

kimin nə vecinə ki

anamın əziziyəm,

kimin nə vecinə ki…

anam yalvarır göyə…

Qalanı da qalsın başqa vaxta.


Müəllif: Aqil Abbas