16 Mart 14:15

Ötən bir ildə o cümlə beynimdən heç vaxt çəkilmədi. İndi mən həmin cümləni, o cümlənin də xətrinə bu yazını yazacam: Həyatımda heç kəsin doldura bilməyəcəyi boşluq hiss eləyirəm! Bundan sonra o boşluğu kim tuta bilər? Heç kim. Heç kim... Martın 16-sı, Mövlud Mövludun intihar ildönümündə bu həqiqəti daha aydın başa düşürəm.

Emosiyaların dumanı çəkilir, dağ kimi, qaya kimi həqiqət dikəlir. Biz hər dəfə həqiqəti ilk dəfə görürük.

O məşum gecədən bir gün qabaq biz necə ayrıldıq? Mövludun son sözünü də yazacam.

Amma əvvəlcə məni girdaba salan başqa bir sualın hovunu almağa çalışım. A kişi, a qardaş, hər gün səliqə-sahmanla, vaxtlı-vaxtında işə gəlib gedən, yazı oxuyan, admin-panelə irili-xırdalı material qoyan, planlaşmada iştirak eləyən, mülahizə yürüdən, keçmiş, gələcək, ətraf çevrə, insanlar, isti-soyuq, pis-yaxşı hər şey haqda aydın və məntiqi fikri olan, bir dəfə evlənib ailə quran, uşaq əkən, “istəsəm, üç aya o möhtəşəm toyu bir də təkrar elərəm” söyləyən, bir sözlə, yaşamağa, var olmağa qabil bir kəsin beyninin bir yarımkürəsi gecənin bir aləmində o biri yarımkürəsini necə qapaya, necə zülmətə bürüyə, hansı üsulla bir varlığı üzüaşağı quyunun dibinə yuvarlada bilər?

O qara cazibənin adı, fənd-feli nədi, zəhrimara qalsın onu!

Bizim dostluğumuzun tərs başlanğıcından, üstünü vurmasa belə, məncə, xəbəri vardı, “Gündəlik Teleqraf”ın baş redaktoru Taleh Şahsuvarlı Mövludun namizədliyini mənə, sonradan onun gəlişi artıq mənsiz müəyyənləşəndə məlum olacağı kimi, elə-belə, məşvərət rejimində söyləyəndə, ambisiyalı bir gəncin bizə problem yaradacağı fikrilə buna etiraz eləmişdim. Nə ambisiya, nə Mövlud?.. Bəzən nə sonra, nə də son başlanğıca bənzəyir; sonra əvvəlin atasını yandırır bəzən.

Heç bir qəribəliyi-zadı yoxdu, dostluğumuz redaksiyada onun bir lətifə danışmasından başladı. Mövlud bizim şəffaf şüşəli otağın qapısı ağzında durub lətifəsini söylədi:

“Aran zonasından bir kişi adam öldürdüyünə görə mühakimə olunur. Hakim ona söz verir: Hadisə necə olub, danış. Aranlı deyir: Necə olacaq, pul istədim vermədi, götürüb atdım sua-a...”

Mövlud “sua” (suya) sözünü ləhcədə o qədər gülməli yamsıladı, uğunduq getdik.

Məndə “Mövlud aydınlanması”, necə deyərlər, daha bir yaxşı oğlanla rastlaşdığımı “idrak eləməyim” belə oldu. Həmin lətifənin təkanıyla başlayan dostluğumuzun gedişatı boyu, tragik sonluğun özünəcən o, heç vaxt bu münasibətlərə görə məni peşman eləmədi. Əksinə, mən Mövludu qazandım, onun məndən öyrəndiyindən çox mən ondan öyrəndim – ədəbiyyat, insanlar, proseslər, qarşıdakı gözləntilər – hər şey, hər şey haqda Mövludun sonradan əksər hallarda doğrulan dəqiq diaqnozu, proqnozu, mülahizəsi olurdu; bəlkə bu səbəbdən özümün yaza bilmədiyimi onun yazacağına inanırdım.

Amma o da yazası olmadı. Planlarımız viran qaldı, düzü...

Zahid Nurəli şahiddi, biz bəzi istisnalarla hər günorta hava almaq və bir tikə yeyəcək tapmaq məqsədi, hərdən bəhanəsilə ofisdən çıxıb şirin söhbətlə gəzişirdik. Sterss dolu günlərin birində qanrılıb əliylə nəhəng binanı göstərdi, “bir gün özümü ordan atacam” dedi, mənim ona çımxırmaqdan özgə əlacım yoxuydu. Tez güldü: “Zarafat eləyirəm, əşşi...”

Mövlud gizlətdi. Düzünü Abdullayev dedi...

İntihardan bir gün qabaq yenə birgə metroya düşdük. Yenə onunla getməyimi arzuladı, həmişə ətrafında çoxlu adam olmasını istəyirdi, təklikdən qorxurdu. “Evə getməliyəm, problem var”, – dedim. Dərhal razılaşdı, problemə təslim oldu. Metroda ayrılanda dalımca qışqırdı: “Allah eləsin, sabah xoş xəbər eşidək!” Ondan eşitdiyim son söz budu. Bu sirli-qışqırtılı cümlənin mənasını hələ də anlamıram – mənim narahatlığımdan danışırdı, öz aqibətinə işarə vururdu, yoxsa avaz Allahdan gəlmişdi.

Ya bir şeytan pıçıltısıydı bu?

Səhər tezdən işə gələndə, yolda bir nəfər zəng vurub məndən bircə söz soruşdu: “İşə çatmamısız?” “Yox”. Telefonu qapadı. Səs yiyəsini tanımadım.

Ofisə yetişib, kompüteri açıb, sayta qoyulmalı intihar xəbərindəki ad-soyadı (Mövlud Abdullayev) oxuyanda hələ çaş-baş qalan, məndən ümidli söz gözləyən uşaqlara dəhşətli xəbəri təsdiqləməli oldum: Odu. Abdullayev...

Mövludun soyadını doğrudan bilmirdim. Bilmirdim. Amma tanıdım.

- Allah eləsin, sabah xoş xəbər eşidək!

- Bu gün bəd xəbər eşitdik, Mövlud...

***

...Həmin gün üç nəfərin ağlamasını heç vaxt unutmayacam.

30 il tanıdığım Fəxri Uğurlunun ilk dəfə telefonda hönkürtüsünü eşitdim. “Gördün də neynədi bu əclaf, satdı bizi!” Bir dəfə Mövludla gecə saat 3-ə qədər şəhərdə gəzişə-gəzişə söhbət eləmişdilər. Mövlud bu söhbətin təsəlli dolu təsirindən mənə də danışmışdı.

Sonra Kəramət Böyükçöl gəldi. Çox qəribə gəldi. Uşaq kimi, nənələr demiş, zır-zır ağlaya-ağlaya üstümə yeridi. Mat-məəttəl qaldım, Kəraməti heç vaxt belə həlim-kövrək bilməzdim. Gözünün yaşını heç gizlətməyə də çalışmırdı. Ağladı, ağladı...

Mövludun işçisi, Mövludun zarafat ünvanı, Mövludun ata tərəfdən yerlisi, buna görə bəzən şit sözlərlə bezdirdiyi şou müxbirimiz Rəqsanə xəbəri oxumuşdumu, eşitmişdimi, istəyirdi kimsə bunu yalanlasın. Kimsə onu bu xəbərdən xilas eləsin. Bizim şüşəli otağa cumdu, gah şüşənin o üzündən, gah bəri üzündən elə hey ağlayırdı, elə hey soruşurdu; ağlayırdı, soruşurdu: “Qurban müəllim... Qurban müəllim... Düzdü? Düzdü?.. Qurban müəllim...”

Başımı qoluma, qolumu stola söykəyib... - necə təsvir eləyim? - heç nə də... Heç nə... Heç nə cavab verə bilmədim.

***

Kəramətdən daha bir neçə kəlmə yazmaq istədim.

Kəramətlə Mövlud yaşıddı, bir ədəbi nəsildəndi. Onları bir yerdə nadir hallarda görmüşəm. Amma Mövlud mənsub olduğu ədəbi nəsil haqda mənim çoxsaylı suallarıma cavabların birində onun “Çöl” romanını tərifləmişdi.

Biz Qazaxa yasa gedəndə kiriməyən, kirimək bilməyən Kəramət Böyükçölün dəhşətli monoloqunu da yaxşı xatırlayıram. Danışdı, ağladı, ağladı, danışdı. Saxlamaq mümkün deyildi onu. İlan vuran yatdı, Kəramət yox. Kəramət hələ də ağlayır.

Mənsə “Çöl” romanını oxudum. Mövlud düz deyirmiş, roman mənim də xoşuma gəldi. Kəramətlə biri-birimizə isinişdik. Həyat budu, gerçəkliyi də üstündə...


Müəllif: Qurban Yaquboğlu
Загрузка...