22 May 2014 09:34
594

Premyer Liqanın yekunlarına həsr olunmuş yazı silsiləsini davam etdiririk. Ötən sayımızda ilk üçlükdə yerləşən komandalar haqqında qısaca məlumat vermişdik. Bu yazıda isə növbəti üç yerin sahibindən bəhs edəcəyik.

“Neftçi”. Ölkə futbolunun flaqmanı hesab olunan klub üç mövsüm üst-üstə çempionluq yaşadıqdan sonra bu dəfə xeyli zəif təsir bağışladı. Bütün illərdə çempionluğa və mükafatlara əsas iddialılar arasında yer alan “ağ-qaralar” bu mövsümə də bu hədəflə başlamışdı.

Ancaq yeni mövsüm öncəsi, Avrokuboklarda yaşanan fiasko klubun daxili birincilikdəki çıxışına da təsirsiz ötüşmədi. Komandanın baş məşqçisi Böyükağa Hacıyev istefa verdi. Baş məşqçi vəzifəsini bir müddət Tərlan Əhmədov icra eləsə də, onun gördüyü iş rəhbərliyin xoşuna gəlmədi və tezliklə komandaya Nazim Süleymanov gətirildi.

Ancaq enişli-çıxışlı qrafik və komandanın olduqca qeyri-stabil oyun sərgiləməsi sonucda Süleymanovun da, işinə son verilməsinə gətirib çıxardı. Bütün bu zaman ərzində isə kollektiv yaxşı oyun oynamasa da hər halda liderlik qrupundan uzaq düşməməyə çaılşırdı.

İşlərin belə davam eləməsi rəhbərliyi qane eləmədi və çox keçmədən Süleymanovun da işinə son verən komandaya təzədən Böyükağa Hacıyev qaytarıldı. Lakin bu dəyişiklik də bir işə yaramadı. Getdikcə daha zəif çıxış eləyən keçmiş çempion yekun nəticədə liderlər qrupundan aralı düşərək dördüncü yerlə kifayətlənməli oldu.

Ölkə kubokunda isə final oynayacaq “ağ-qaralar” bu nəticə ilə UEFA Avropa liqasında çıxış eləmək hüququ qazandı.

Komandada maddi problemlərin olduğu və bu səbəbdən bəzi oyunçuların klubu tərk edəcəyi söyləntiləri olsa da, hər halda hələlik dəqiqləşmiş bir şey yoxdur.

“Bakı”. “Zolaqlılar” çempionata əla başlasalar da, yarışı iddialarına yaraşmayacaq bir şəkildə bitirməli oldular. Vaxt var idi ölkənin maddi baxımdan ən imkanlı klublarından olan paytaxtın eyniadlı komandası son zamanlar heç kimin gözləmədiyi halda ciddi düşüş yaşamaqdadır.

Serbiyalı baş məşqçi Miliko Pantiçin rəhbərliyi altında enişli-yoxuşlu qrafik cızan şəhərlilər heyətinə və imkanlarına baxmayaraq, mövsümü 5-ci sırada bitirə bildilər. Halbuki son turlara qədər komandanın mükafatçılar sırasına düşmək şansı qalırdı.

Ancaq klubdaxili atmosferin korlanması və oyunçularla yaranmış maddi problemlər yekunda öz təsirini göstərdi. Mükafatlardan əlini üzən komanda heç Avrokuboklara da qatılmağı bacarmadı.

Komandanın məhz bu mövsüm heyətinə daxil elədiyi bir sıra yerli oyunçular isə, bəlkə də, hal-hazırda bunun peşmanlığını yaşamaqdadırlar.

“Xəzər Lənkəran”. Ölkənin ən çox azarkeş kütləsinə malik, ən imkanlı, eyni zamanda ən çox həvəskarcasına idarə olunan klubu “Xəzər Lənkəran”dır desək, yəqin, yanılmarıq. Güclü maliyyə dayaqları olan kluba güclü baş məşqçi, səviyyəli yerli və legioner oyunçular cəlb olunsa da, klubda nəticə baxımından heç nə dəyişmir ki, dəyişmir.

Xüsusilə bu il 10 illik yubileylərini qeyd eləyən komandada hansısa mükafatın qazanılacağına ümid bəslənilirdi. Ancaq nə mövsümün əvvəlində komandanın baş məşqçisi olan dünya şöhrətli Con Toşakın vaxtında, nə də ondan heç də az tanınmamış türkiyəli Mustafa Dənizli ilə hədəflərə çatmaq mümkün olmadı.

Finişə 6-cı sırada çatan cənublular bununla da tarixinin ən pis nəticələrindən birini yaşamış oldular.


Müəllif: Zaur Xudiyev