14 İyun 2016 15:33
1 536
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ürək ağrısından yata bilmirdim”

Xalq artisti Rafiq Əzimov Teleqraf.com-un suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik:

- Rafiq müəllim, Teatr Xadimləri İttifaqında təqdimatı gözlənilən “Stullar” tamaşasında siz də oynamısız. Tamaşanın çoxdandır ki, səsi-sorağı gəlmir. “Stullar”ın taleyi necə oldu?
- Tamaşaya çox uzun müddət hazırlıq getdi, məşqlər oldu. Bu müddət ərzində mən Akademik Milli Dram Teatrında iki tamaşada məşqləri davam etdirdim. Bunlardan biri Cəlil Məmmədquluzadənin “Ölülər” tamaşası idi ki, onu bu yaxınlarda təhvil verdik. O biri isə bu ayın sonu təhvil verilməsi gözlənilən Qoqolun “Müfəttiş” əsəridir. Gərgin məşqlərimiz olduğuna görə “Stullar” tamaşası ilə müntəzəm məşğul ola bilmədim. Ona görə də tamaşanın məşqləri müvəqqəti olaraq dayandı. Tamaşada mənimlə barəbər Hacı İsmayılov, Həmidə Ömərova da oynayır. Əvvəl Həmidə xanımın çəkilişlərinə görə, indi də mənə görə tamaşa yubanır.

- Tamaşanın hazırlanması ideyası kimin idi?
- Bilirsiniz ki, Teatr Xadimləri İttifaqında Mustafa Mərdanov səhnəsi açıldı. Açılışdan sonra Mustafa Mərdanovun həyatı ilə bağlı yazdığı “Mənim müasirlərim, mənim xatirələrim” kitabı əsasında Hacı İsmayılovla birgə tamaşa hazırladıq. Tamaşa çox gözəl alındı. Ardınca o səhnədə müxtəlif sənətkarlara həsr olunan yaradıcılıq gecələri təşkil etdik.
İoneskonun “Stullar” əsərini hazırlamaq Azər Paşa müəllimin bədii rəhbərliyi ilə Rus Dram teatrından dəvət olunan iki rejissora həvalə olundu. Deyim ki, çox çətin pyes və absurd əsərdir. Belə bir tamaşa nə Teatr Xadimləri İttifaqında, nə də “Azdrama” da hazırlanıb. Çətinliyi həm də ondadır ki, bizim tamaşaçı absurd teatr sənəti ilə bağlı çox məlumatlı deyil.

- Hacı İsmayılovla birgə tamaşa hazırlamısınız. Özünüzü rejissor kimi görürsünüz?
- Əvvəllər özümün “Damğa” adlı satirik teatrım olub. O zaman “Azdrama”da işləyirdim. Amma bununla yanaşı ayrıca teatrım var idi və məşqlərimiz “Azərbaycan” nəşriyyatında olurdu. Mən uzun illər o teatrda müxtəlif tamaşalara quruluş verdim. Şıxəli Qurbanovun “Sənsiz”, İlyas Əfəndiyevin “Məhv olmuş gündəliklər” və başqa pyeslər əsasında tamaşalar hazırladım. Çox da maraqla qarşılanırdı.

- Belə çıxır, rejissorluğa iddialısınız.
- Gərək elə işin qulpundan yapışasan ki, həm özün, həm də orda oynayacaq insanlar canla- başla o işlə məşğul olsunlar. Böyük iddiam yoxdur. Amma gələcəkdə qismət olsa rejissor kimi tamaşa hazırlayaram.

- “Azdrama” səhnəsində hansı rejissorların işlərini bəyənmisiniz?
- Hazırda “Müfəttiş” tamaşasını hazırlayan Mikayıl Mikayılov vaxtilə teatrımızda “Xanuma” tamaşasına quruluş vermişdi. Ondan başqa Bəhram Osmanov dəfələrlə bizim teatrda tamaşa hazırlayıb.
Teatrımızdakı sistemə görə bizdə heç bir rejissor ştatda deyil. Ona görə teatrımıza hər zaman kənardan rejissorlar dəvət edirik. Çox istəyərik ki, teatra istedadlı rejissorlar sanballı tamaşalarla dəvət olunsunlar. Çünki aktyor yalnız klassik əsərlərdə, böyük momumental tamaşalarda yetişir.

- Daha bir teatr mövsümünün sonuna gəldik. Bu mövsümdə fəaliyyətinizdən razı qaldınızmı?
- Mən bu mövsümü teatrımız adına çox yüksək qiymətləndirirəm. Ona görə ki, teatrımız artıq dərindən nəfəs ala bilir. Azər Paşanın gəlişi “Azdrama”ya yeni nəfəs gətirdi.
Vaxtilə Azər Paşanın atası Zəfər Nemətovla institutda diplom işi hazırlamışam. Bu hardasa 1970-ci ilə təsadüf edirdi. Azər Paşa ilə tanışlığımın tarixçəsi də uzun illərə söykənir. Onda Azər Paşa müəllim Gənc Tamaşaçılar Teatrında çalışırdı. Həyat yoldaşım 45 ildən artıq Gənc Tamaşaçılar Teatrında tərbiyəçi müəllimə vəzifəsində çalışıb. Həm ona görə, həm də teatrı çox sevdiyimdən Gənc Tamaşaçılar Teatrının kollektivi ilə tez-tez təmasda olurdum. Azər Paşanın bütün tamaşalarına dönə-dönə baxırdım. Bir arzu ilə yaşayırdıq: kaş Azər Paşa bizim teatra bədii rəhbər kimi gələydi. Doğrudur, Azər Paşa müxtəlif vaxtlarda Akademik Dram teatrında tamaşalar hazırlayıb. Mən onun “Biganələr oteli” tamaşasından oynamışam.
Bu yaxınlarda təhvil verdiyimiz “Ölülər” komediyasını məşq edəndə bütün aktyorlar çox xoşbəxt idilər. İnanın, məqş prosesinin birinci günündən buraxılışa qədər bütün prosesləri videoya çəkmişik. Kollektivin üzvləri çox sevinir ki, nəhayət, bizim ürəkdən istədiyimiz rejissor teatrımızda bədii rəhbərdir. Nazir Əbülfəs Qarayev Elçin Əfəndiyevlə tamaşaya baxandan sonra yanımıza gəlib, bizi təbrik edəndə dedilər, sağ olun ki, siz bizə bir daha Cəlil Məmmədquluzadəni qaytardınız. Tamaşaçılar bu tamaşaya axın-axın gəlir, baxır. Çoxdandır ki, biz belə tamaşaçı görməmişdik. Çünki tamaşaçıları itirmişdik.

- Amma tamaşa heç də birmənalı qarşılanmadı...Klassik əsərin qrotesk üslubda səhnələşdirilməsinə etiraz edənlər də oldu. Necə qarşıladınız?
- Bilirsiniz, rusların bir məsəli var: zövqlər müzakirə olunmur. Doğurdan da zövqlər müxtəlifdir. Amma neçə illərdir ki, kufədə qazilik etdiyimdən bilirəm ki, əsl tamaşaçı tamaşanı necə qəbul edir, sevir, sahiblənir. Əksəriyyət insan tamaşanı çox bəyəndi. Tamaşanın sonuncu nümayişi isə lap yüksək səviyyədə qarşılandı.
Tamaşanın yaxşı cəhətlərindən biri də odur ki, Azər Paşa müəllim bir çox rollara dublyor təyin etmişdi. Məsələn, mən oynadığım gün dulbyorum kütləvi səhnədə çıxış edir. O oynayırsa, mən kütləvi səhnədə çıxış edirəm.

- Kütləvi səhnə demişkən, teatrın kişi aktyorlarının əksəriyyətini o tamaşada görmək mümkün idi.
- Bu çox gözəl ənənədir. 20 -30 il bundan əvvəl bizə xarici qonaqlar gəlmişdi. O vaxt rəhbərimiz Əli İsmayılov idi. Onda teatrda Fuad Poladov, Yaşar Nuri və başqaları var idi. Bizdən xahiş etdi ki, teatrın adı naminə hamımız kütləvi səhnələrdə iştirak edək. Biz o günləri əynimizə paltar geyinib kütləvi səhnəyə çıxdıq. Sözümün canı odur ki, biz öz teatrımızı sevdiyimiz üçün hər şeyə getməyə hazır olmalıyıq.
Mən hətta nazirimizə dedim ki, biz bu teatrı istəyirdik, bu teatrın arzusu ilə yaşayırdıq. Çünki biz bu ənənəni görkəmli sənətkarlardan almışıq və bu istiqamətdə də davam etdirmək istəyirik. İstəyirik ki, itirdiyimiz tamaşaçıları teatra qaytaraq.

- Çoxmu tamaşaçı itirdiniz?
- Siz bilirsiniz ki, teatrın repertuarında olan bəzi tamaşalara görə biz tənqid hədəfi olurduq. Halbuki, bizim teatrda o vaxta qədər açıq-saçıqlıq olmayıb. Nə Hökumə Qurbanovanın, nə Leyla Bədirbəylinin, nə Barat Şəkinskayanın, nə Fatma Qədirlinin dövründə...Mən 54 ildir ki, teatrda çalışıram və indiyə qədər belə hallarla qarşılaşmamışdım. Teatrda həmişə abır-həya olub.
Kim istəyər ki, bacısı, yoldaşı, nişanlısı ilə teatra gəlib, orda açıq-saçıq tamaşaya baxa?..Abırsız tamaşalara görə həmişə bizə tənə gəlib. Ki, hara baxırsınız?
Bu müasirlik demək deyil. Həyatını teatrda qoymuş qocaman kimi mən belə şeylərin əleyhinəyəm. Tək mən deyil, kolllektivimizin əksəriyyəti bunun əleyhinədir.
Teatra ana teatrı deyiriksə - ananın qarşısında belə işlərlə məşğul olmaq olmaz.

- O tamaşalar hazırlıq müddətində olanda, yəni səhnəyə çıxmamış aktyorların belə səhnələrə etirazı olurdumu?
- Biz öz fikrimizi mətbuatda, tədbirlərdə deyirdik. Amma o vaxtki müdriyyət dəvət etdiyi rejissorlara elə bir şərait yaradıbsa, məsuliyyət onun boynundadır. Gərək elə şeylərə yol verməyəydi. Mən inanmıram ki, Azər Paşanın gəlişi ilə bizim teatrda belə tamaşalara, belə rejissorların arzu istəklərinə yol verilsin. Ola bilər, müəyyən aktrisanın könlündən səhnədə çılpaq şəkildə oynamaq keçir, amma inanmıram ki, əksəriyyət bu fikirdə olsun.

- Sizi filmlərimizdə də görmürük. Təkliflər yoxdur, yoxsa çoxmu seçim edirsiniz?
- Çəkildiyim son film İlqar Nəcəfin “Buta” filmidir. İstərdim ki, öz yaşıma uyğun, “Buta”dakı dəyirmançı rolum kimi sanballı bir rol oynayım. O keyfiyyətimi mən teatrda itirmədiyim kimi kinoda da itirmək istəmirəm. Az-çox qazandığım tamaşaçı hörmətini, alqışını hər rolu oynayıb itirmək istəmirəm. Yəni rolu yalnız pula görə seçmək istəmirəm. İstəyirəm ki, tamaşaçı filmə baxanda desinlər ki, halal olsun. Şəxsən mənə hər rolda oynamaq yaraşmaz.
Bu yaşımda da tamaşaçı mənimlə maraqlanırsa, deməli, mən ayaqüstəyəm. Ayaqüstə olduğum dövrdə də istəməzdim ki, mənim adıma ləkə gəlsin. Siz görürsünüz ki, heç bir intriqada adım olmayıb. O dövrləri ki, mən yaşadım, - bilirsiniz nəyi nəzərdə tuturam, - inanın ki, yaşımın üstünə yaş gəldi. Əzabdan, ürək ağrısından yata bilmirdim. Hər dəfə düşünürdüm ki, niyə görə teatrımız bu günə qaldı. Axı biz teatrın yaxşı dövrünü görüb, yaşamışıq. Sənətkarlarla tərəf müqabili olmuşuq. Biz onlardan estafeti aldıq ki, sonrakı dövrü də elə uğurlu yaşadaq. Amma beş il yarım biz əzab çəkdik.

Nərmin Muradova


Müəllif:

Oxşar xəbərlər