Avqustun 10-da yazıçı-filosof Əlisa Nicatın 80 illik yubileyi keçiriləcək. Yubileylə bağlı olaraq yazıçının mənəvi tələbələri, dostları tərəfindən şərti adı “Avropanın itkisi” olan kitab hazırlanır. Kitabda yazıçının yaradıcılığı haqqında məlumatlar, özəl müsahibələr yayımlanacaq, eləcə də, tanınmış ictimaiyyət xadimlərinin Əlisa Nicat haqqında düşüncələrinə yer veriləcək.
Yubiley ərəfəsində kitabda yayımlanacaq bəzi materialları ictimaiyyətə silsilə şəkildə təqdim edəcəyik.
Əgər kimlərsə bu kitaba qoşulmaq istəyərsə, yazılarını iyul ayının 20-nə qədər [email protected] ünvanına göndərə bilər.
Silsilə yazılara keçmədən öncə Əlisa Nicatın həyatı haqqında olan yazını təqdim edirik:
***
“Avropanın məni tanımaması, mənim yox, Avropanın itkisidir”
Əlisa Nicat
Əlisa Nicat 1936-cı il avqustun 10-da Lerik rayonunun Zuvand mahalının Yuxarı Gədik kəndində doğulub. Ailədə dörd qardaş, iki bacı olublar.
Ə.Nicat “Keçmişlə köçənlər” adlı xatirələrində ailəsi barədə yazır: “1919-1920-ci illərdə vəziyyətlərinin çətinliyini görən atam Qulam Bakıya gəlmiş, neft mədənlərində fəhləliyə başlamışdı. O, burada yaxşı qazanıb həm özü dolanmış, həm qardaşlarına göndərmiş, həm də bir az ehtiyat yığıb saxlamışdı… 1924-cü ildə o, Kommunist Partiyası sıralarına daxil olub, əvvəlcə namizəd, 1926-cı ildən isə partiya üzvü olub”.
1928-ci ildə Qulam kişi Lənkərana dönür, o zamanlar Vərgəduz adlanan Yardımlıya təyinat alır.
Bu ərəfələrdə Separadi kəndinə anasının və qardaşlarının yanına tez-tez gedən Qulam burada Mirzəli kişinin qızı Qızbəsi görür və onunla ailə həyatı qurur.
“Atam əvvəllər Yardımlı və Lerikdə, sonralar Lənkəranda müxtəlif vəzifələrdə qulluq edib, arada partiya kursunu bitirib. Amma 1943-cü ilə kimi öz evimiz olmadığına görə orda-burda qalmışıq” – Ə.Nicat yazır.
Uşaqlığı II Dünya müharibəsi illərinə düşən Ə.Nicat həmin vaxtlar yaşadığı bölgədə əhalinin aclıqdan əziyyət çəkdiyini qeyd edir: “Lənkəranda elə yollarda, yaxud şəhərin ortasındakı bağda neçə-neçə adam uzanıb acından ölərdi. Dəhşətli illər idi. Heç kim heç kimin hayına qalmır, hərə özünün, öz ailəsinin dərdini çəkirdi. Şəhərdə yaşayanlar üçün nisbətən yaxşı idi. Çünki talonla “qalac” – qara çörək alırdılar”.
Ə.Nicat qeyd edir ki, nəhayət, ailə əllərində-ovuclarında olan qızılları, qiymətli əşyaları, xalçaları sataraq 40 min manata ev alır: “O vaxt kənddə ispolkom işləyən atamı çox o yan-bu yana çəkdilər. Çünki dövlət qulluqçusunun belə hərəkəti yolverilməzdi. O mənada ki, pulu haradan gətirmisən. Atam da yalnız sənədlər sayəsində bu vəziyyətdən çıxdı… Atam çox böyük vəzifələrdə olmasa da, möhkəm danışan, hədsiz sərt və nəhayət, hədsiz təmiz bir adam idi. Buna görə də Lerikdə də, Lənkəranda da rayon rəhbərləri ona daima hörmət edər, heç vaxt nədəsə qınamazdılar. Lakin atamın ali və hətta orta təhsili olmadığına görə daha yüksək vəzifələr tuta bilmirdi… 40-cı illərin lap əvvəllərində, nəhayət öz evimizin və həyətimizin olması ailəmizin həyatında dönüş nöqtəsi oldu. Evimiz ikiotaqlı, qırmızı kirəmitli, amma içi və divarları çiy kərpicdən idi. Hətta deyəsən, divarları qamış və torpaqdan hörülmüşdü. Ev və eyvanın döşəməsi də torpaq idi. Sonralar atam evi qazdırıb taxta döşəmə saldırdı”.
Atası Lerikdə Meşə İdarəsinin direktoru işləyən zaman Əlisa Nicat ilk dəfə məktəbə gedir. Lakin birinci sinfi daha sonra Lənkəranın Səpnəkaran kəndində davam etdirir: “O vaxt Molotov küçəsi 1 nömrəli evimizə ən yaxın məktəb Böyük bazarın yanındakı 3 nömrəli orta məktəb idi. Bu, birmərtəbəli, dördkünc bir bina idi. O vaxtlar qızlar və oğlanlar ayrı-ayrı məktəblərdə oxuyardılar. Qızların məktəbi 2 nömrəli idi… Çox yoxsul yaşayırdıq. Çox vaxt qışa kimi məktəbə ayaqyalın gedərdim. Yollar palçıq idi. Hələ elektrik də yox idi. Axşam düşən kimi küçələr qaranlığa qərq olardı”…
Ə.Nicat 1955-ci ildə bu məktəbi bitirir.
O, xatirələrində hələ uşaq vaxtı ilk mütaliə etdiyi kitablar haqqında yazır, o cür ağır şəraitdə kitabda tapdığı sevinci qeyd edir. Daha sonra oxuduğu kitablardan təsirlənərək ilk yaradıcılıq addımlarını atır: “İlk şeirimi 1950-1951-ci illərdə yazmışdım… Gərək ki, həyətimizdəki qocaman armud ağacına həsr etmişdim”.
Uşaqlıq illərində onun sevdiyi bir məşğuliyyəti vardı. Müsahibələrinin birində deyir: “15 yaşım olanda köhnə radionu qulağıma tutub gecə saat birə qədər “Arşın mal alan”ın montajına qulaq asmışam”. Üzeyir Hacıbəyli sevgisi sonralar saysız məqalələr və “İşıq saçan insan” povestini ərsəyə gətirəcəkdi.
Əlisa Nicat mövcud cəmiyyətdə özünün fərqli olduğunu, öz dünyası ilə ətrafındakı insanların ziddiyyətli olduğunu 50-ci illərin əvvəllərində dərk edir: “Mənim maraqlandığım aləm artıq həmyaşıdlarımın, dostlarımın, məhəllə uşaqlarının maraqlarından çox-çox fərqlənirdi… Ətrafımda iki cür adam görürdüm: bir hakimiyyətin – rayonda birinci katiblərin, prokuror və hakimin, milis rəisinin köləsi olan çinovniklər, məmurlar ordusu, bir də dükan-bazarlarda alver edənlər sürüsü. Mən bu dəstələrin heç birində ola bilməzdim. Ona görə də müstəqilliyin, əyilməzliyin rəmzi olan yaradıcı olmaq lazım idi. Mənim yolum bu idi…”.
O dönəmdə yaradıcı, dünya elminə, fəlsəfəsinə, ədəbiyyatına yiyələnməyin ünvanı isə bir yer ola bilərdi: Bakı!
Əlisa Nicat yazır: “Bakı mənim üçün sehirli bir məkan, bütün xoşbəxtliklərimin cəmləşdiyi nağıllardakı qırxıncı otaq kimi idi”.
O, bu məqsədlə orta məktəbi bitirən kimi Bakıya instituta imtahan verməyə gəlir, lakin qəbul ola bilmir.
“1956-cı ildə acıq elədiyimə görə növbəti dəfə Bakıya ali təhsil almaq ardınca getmədim. Ciddi surətdə növbəti, 1957-ci ilə hazırlaşdım. Çünki bu dəfə gedib-qayıtmaq fəlakət olardı. Bakı mənim Məkkəm idi və bütün gələcəyim və səadətim orada idi”.
Bu dəfə o, arzusuna çatır. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin kitabxanaşünaslıq şöbəsinə daxil olur. O, artıq yaradıclığı üçün geniş məkan olan Bakıya doğru yol alır: “Bakı, Bakı… Həyatın paytaxtı, arzularımın meydanı, ədəbi Bohema, tanıdığım bütün gənc və şöhrətli şair və yazıçıların yaşayıb-yaratdığı, bütün qəzet, jurnal və kitabların çap olunduğu aləm. Bütün varlığım ora, Bakıya uçunurdu”.
Həmin ilin avqustunda o, Bakıya gəlir.
Təbii ki, kənd yerindən Bakıya gələn bir tələbə üçün buradakı həyata uymaq çox çətin idi. İşsizlik, yoxsulluq gənc tələbəni hər gün, hər saat sıxır, o yarımzirzəmi kimi otaqlarda qalır. Bütün bu çətinliklərə isə dönəmin ab-havasına xas olmayan oxuduğu kitablardan ilham alaraq sinə gərir, yüz minlər içərisində fərqliliyini hiss edə-edə, bundan mənəvi zövq ala-ala yaşayırdı. Məhz bu həqiqətlərlə daha çox təmasda olmaq istəyi idi ki, Ə.Nicat Yusif Məmmədəliyevin dəstəyi ilə qiyabi təhsilə keçir, öz kəşf elədiyi gerçək həqiqətlərlə yaşayır, yazır.
Xatirələrində Ə.Nicat qaldığı evlərin biri haqqında maraqlı məqama toxunur: “Qonşumuz və dostum, gələcək xalça rəssamı Məmmədağa ilə ev axtarıb, o vaxtkı Ermənikənd bazarı (indiki Nəsimi bazarı) yaxınlığındakı Muğan restoranının həyətində yarımzirzəmi bir otaq tapıb orada qaldıq. Otağın sahibəsi kim olsa, yaxşıdır? Məşhur milyonçu Zeynalabdin Tağıyevin qızı Sara xanım. Bəli, varını xalqının firavanlığına və maariflənməsinə sərf etməkdən yorulmayan milyonçunun qızı yarımzirzəmidə yaşayırdı… Rus dilində gözəl danışan bu 55-60 yaşlarında ziyalı qadın hər gün ora-bura gedib, müxtəlif təşkilatlara müraciət edərək atasının adının üzə çıxarılmasına çalışır, amma əlbəttə, rədd cavabı alıb qayıdırdı. Eyni zamanda, qətiyyən ruhdan düşməyib, eyni inadkarlıq mübarizəsini davam etdirirdi”.
Bakı mühiti Əlisa Nicatın çap olunmasında, tanınmasında önəmli rol oynayır. Baxmayaraq ki, Bakıya qədər Lənkəranda yerli mətbuatda çap olunurdu, amma dönəmin nəhəng hesab edilən qəzet və jurnallarında, almanaxlarda çap olunmaq nüfuz üçün önəmli idi.
Hələ bundan öncə 1956-cı ildə dönəmin tanınan şairi Rəsul Rza Lənkərana gələrkən Əlisa Nicat onunla görüşür, şəhər qəzetlərinə yazılar göndərsə də, çap edilmədiyini bildirir. R.Rza isə şeirlərini Yazıçılar İttifaqına, onun adına göndərməsini istəyir. Beləliklə, “Ədəbiyyat və incəsənət” qəzetində “Bircə söz” adlı şeiri çap olunur.
Lakin elə həmin R.Rza sonralar onun Yazıçılar İttifaqına üzv olmasını 10 il gecikdirir, Bayrona həsr etdiyi “Müqəddəs kareta” poemasının çapına imkan vermir. Eləcə də, Rəsul Rza onun “Qızılbaşlar” romanının çapına, Azərbaycan Sovet Ensiklopediyasının redaksiya heyəti yaradılanda orada işləməsinə mane olur.
R.Rzanın bu addımlarının səbəbinə gəldikdə isə, bu barədə “Keçmişlə köçənlər”ə baxmaq gərəkdir.
“Qızılbaşlar”ı çap edə bilməyən Ə.Nicat Mirzə Şəfi haqqında roman yazır. O zamankı şairlərdən Aslan Aslanovun Vazehin şeirlərini almancadan tərcümə edib nəfis şəkildə çap etməsi, geniş ön söz yazması Əlisa Nicatda bu mövzuya böyük maraq yaradır və o, romanın ilk hissəsini yazır.
1961-ci ildə “Gecəniz xeyrə qalsın, ulduzlar” adlı ilk hekayəsi yayımlanır.
1963-cü ildə Ə.Nicat universiteti bitirir, 1964-cü ildə “Yay axşamı” adlı ilk şeirlər kitabı çap olunur. Bir arzusuna çatır. O arzusu ilə bağlı müsahibələrinin birində deyir: “Orta məktəbin son illərində Bakıya yolum düşəndə “Azərnəşr”in qarşısında durardım, mətbəənin pəncərəsindən içəri baxardım ki, görəsən, nə vaxtsa Əlisa Hüseynovun da balaca bir kitabçası burada çap olunacaqmı?”
Bu dövrdə isə o, dünya tarixi, fəlsəfəsi, ədəbiyyatı ilə dərindən maraqlanır, müasirlərinin tapa bilmədiyi kitabları əldə edir, gələcək əsərləri üçün baza toplayır.
1968-ci ildə Ə.Nicat Radio və Televiziya Verilişləri Komitəsinin İncəsənət şöbəsində redaktor olaraq işə düzəlir.
Onu da qeyd edək ki, həmin dövrdə ədəbiyyat nəzarətdə idi, dönəmin şair və yazıçılarından ancaq mövcud rejimi tərənnüm tələb edilirdi. Ə.Nicat yazır: “Ədəbiyyat qatı nəzarət altında idi, ictimai təşkilatlarda isə KQB agentləri hər sözə, hər addıma nəzarət edir, kommunizm, Lenin, partiya və sosializm mövzularından başqa heç nəyi qələmə almaq olmur və ya çətin olurdu”.
Necə ki, onun özü “Türklər keçmişdə və indi” adlı yazdığı monoqrafiyanı davam etdirib çap edə bilməmişdi.
Buna baxmayaraq, Ə.Nicat müxtəlif yollarla qadağan olunmuş kitabları tapırdı: “O zaman aldığım bütün pulları kitablara verirdim. Həmin kitabları yəhudilərdən alırdım. Məsələn, Nitşenin birinci cildi bir yəhudidə vardı, heç cür satmırdı. Mən də tez-tez gedib zəhləsini aparardım. Sonra İsrailə köçmək məsələsi ortaya çıxdı. Onda özü zəng vurdu, məni çağırdı. O dövrdə mən 150 manat maaş alırdım. O da həmin kitabı mənə 150 manata verdi. Yağışlı gündə onu necə qoltuğuma alıb aparmağım yadımdadır. Özü də necə vəziyyətdə yaşayırdım. Amma o kitabı alanda necə xoşbəxt idim. Elə bil ətrafda olan insanlar mənim bu xoşbəxtliyimi hiss edirdilər. Yağışlı bir gün idi, heç tramvaya da minmədim. Xeyli yolu sevinc hissi ilə ayaqla getdim. Sanki qoltuğuma aldığım kitabın istiliyi məni üşüməyə qoymurdu”.
Nəhayət, 1970-ci ildə o, Yazıçılar İttifaqına üzv ola bilir. 1971-də “Çənlibel” adlı ikinci şeir kitabı yayımlanır. 1973-cü ildə isə “Gənclik” nəşriyyatında “Bir qız, üç çinar” adlı ilk hekayələr kitabı çap olunur.
İlk hekayələr kitabı haqqında müəllif yazır: “Bu hekayələr o dövrkü Azərbaycan ədəbiyyatı üçün tamamilə yeni bir hadisə idi. Buradakı hekayələrdə artıq sovet və kommunist ideologiyasının əsər-əlaməti yox idi. Başdan-başa rəmzi, psixoloji, tarixi hekayələr idi”.
1973-1983-cü illərdə "Elm və həyat" jurnalında redaktor və şöbə müdiri vəzifəsində çalışır.
1980-ci ildə əvvəlcə jurnalda çap olunan Mirzə Şəfi haqqında olan “Nəğməyə dönmüş ömür” romanı kitab şəklində çap olunur. Bu illərdə müəllif pritça janrına müraciət edir və bənzərsiz nümunələr yaradır. Təsadüfi deyil ki, bu gün də bu janrı davam etdirən Ə.Nicat bu janrda əsərlər yazan yeganə şəxsdir.
1974-cü ildə Ə.Nicat ailə həyatı qurur.
Yazıçılar İttifaqının verdiyi birotaqlı mənzildə yaşayır: “Bu, mənim 40 il ərzində Yazıçılar İttifaqından gördüyüm ilk və yeganə xeyir idi”.
1983-cü ildə, nəhayət ki, 23 ildən sonra “Qızılbaşlar” romanı çap edilir.
1983-1990-cı illərdə Lənkəranda yaşayır və bu dövrdə "Zərdüşt", "Əsarət bayramı", "Gərəksiz" povestlərini qələmə alır.
Lənkərana köçməsinin səbəbinə gəldikdə isə Əlisa Nicat müsahibələrinin birində deyir: “Şumerlərin dilində ilk dəfə çoxlu türk adlar və sözlər tapdım. Ata, ana, nənə, arpa, qarış, saman və s. 30-a qədər heç kimə məlum olmayan sözlər. Anar həmin məqaləni “Qobustan” jurnalında çap elədi. Əlbəttə, “türk” sözünü qeyd etmədik, sadəcə, yazdım ki, şumer dilində ahəng qanunu və bu qədər Azərbaycan sözləri var. Sonra da skiflər barədə yazdım. Və bundan sonra hər şeyi görən və hər yerdə nüfuz və ağalıq edən KQB və onun sadiq və qorxunc azərbaycanlı əməkdaşları məni izləməyə başladılar.
Doğrudur, çağırıb qorxutmadılar, sorğu-suala tutmadılar. Çünki əldə əsas yox idi. Mən öz əqidəmdən dönmürdüm. Nitşeni oxuyur, türk tarixinə dair həqiqətləri yayırdım. Lakin buna baxmayaraq, məcbur olub Lənkəran kəndlərinin birinə köçməli oldum. Səkkiz il orada yaşadım. Kinli və qəzəbli KQB işçiləri orada da bizdən əl çəkmirdilər. Hətta dostlarımı da ələ alıb diktafonla üstümə saldılar. Amma onlara lazım olan sözləri məndən ala bilmədilər. Bütün bu gözəgörünməz təqiblər 1990-cı ilə kimi davam elədi. Deyir, hər şərin bir xeyri də var. Xeyri bu oldu ki, həmin 8 il ərzində yaxşı istirahət edib, doyunca oxudum və işlədim. Zərəri isə bu oldu ki, səksəninci illərdə yazmağa başladığım 33 fəsildən ibarət, təxminən 50 çap vərəqi həcmində olacaq “Türklər keçmişdə və gələcəkdə” əsərinin yalnız 8 fəsli yazıldı… Millətçi və türkçü kimi KQB-nin nəzarəti altına düşəndən sonra çox qorxmuşam və başımın belə tez ağarmasının səbəbi, bəlkə də, budur”.
Bu dövrdə DTK onu nəzarətdən buraxmır, hətta onu öldürmək üçün həyətdəki quyularına iki dəfə zəhər atırlar. Amma bu cür təhlükə altında yazmağın verdiyi xoşbəxtlik də vardı. Müsahibələrinin birində deyir: “Təzyiqlər altında yazıb-yaratmaq maraqlı idi. Ehtirasla yazırdım bütün yazılarımı”.
Bu illərdə Ə.Nicat Plutarxın "Makedoniyalı İskəndər" (1982), Məhəmməd Tahirin "Şeyx Şamil" (1983), Ceyms Coysun “Dublinlilər”, Albert Kamyunun “Yad” və başqa kitabları tərcümə edir.
1987-ci ildə povest və hekayələrin toplandığı "Qəbilə başçısı" kitabı, 1990-cı ildə "Gəncəli müdrik" romanı çap edilir. SSRİ-nin süqutundan və müstəqilliyin əldə edilməsindən sonra - 1993-1994-cü illərdə "Turan" jurnalını nəşr etdirir.
“Turan” jurnalı barədə deyir: “Bu, mənim, bəlkə də, 30 ildən bəri qəlbimin, beynimin hansı bir guşəsindəsə gözlənmiş ən böyük, ən fantastik arzum idi. Amma kimin ağlına gələr, kimin yuxusuna girərdi ki, bu arzum bir gün həyata keçəcək. Soruşa bilərsiniz ki, bəs bunun səbəbi nəydi? Sadəcə olaraq, mənim yazılarımı illərdən bəri heç kim çap etmirdi. Əsərlərimin taleyi kiminsə zövqündən asılı idi”.
Müstəqillik dövründə "Nağıllara dönən tarix" (1993), "Ruhların söhbəti" (1994), "Dünya sərkərdələri" (1995), "Dünya filosofları" (1995), "Kədər şərabı" (1997), "Dünya tarixçiləri" (1998), "Yüz böyük Azərbaycanlı" (1999), "Karvan" (2000), "Tarixin qürubu" (2009) kitabları çap edilir. Eyni zamanda, bu dövr ərzində ölkənin tanınmış mətbu orqanlarında çalışır. 1999-cu il aprelin 28-də AMEA-nın Bəhmənyar adına Fəlsəfə və Hüquq institutunun elmi şurasının qərarı ilə Əlisa Nicata səmərəli elmi və elmi-maarif fəaliyyətinə görə fəlsəfə elmləri üzrə fəxri doktor adı verilir.
Son illərdə Əlisa Nicat 45 cilddən ibarət “Əsərlər”ini hazırlayır. Artıq 20-dən çox cild çap olunub. Bu dövrlərdə onun hazırladığı ən maraqlı kitablardan biri “Fridrix Nitsşe külliyyatından seçmələr – Əlisa Nicatın seçimi, tərcüməsi və şərhləri ilə” adlı əsərdir.
Son illərdə isə “Mələklər və iblislər”, “Sarsılmaz Mircəfər”, “Ehram”, “Artakserks və Midiya türkləri” kimi əsərləri ayrıca kitab kimi çap edilib, “Sasanilərin sonu”, “Məhəmməd Rzanın macəraları”, “Vətənpərvər” romanları, “Rza xan”, “Azadlıqdan doyanlar”, “Təqib” kimi povestləri yayımlanıb. 2010-cu ildə “Qızılbaşlar” romanı Türkiyədə “Yurt Kitap-yayın”da ikinci dəfə nəşr olunub.
Müstəqillik illərindən etibarən Ə.Nicat müxtəlif mətbuat orqanlarında çalışıb. Hazırda “Hürriyyət” qəzetində fəaliyyətini davam etdirir. Onun müasirləri müxtəlif yollarla – mirasçılıq, yaltaqlıq və s. – indi vəzifəcə yaxşı yerlərdə olsalar da, keyfiyyətcə ondan qat-qat aşağı yerlərdədirlər və tarix və zaman deyilən əlahəzrətin pəncəsindən daxili keyfiyyətləri yüksək olanlar xilas olacaqlar. Necə ki, bir zamanlar Sovet İttifaqında bir nömrəli şair, yazıçı sayılan adamlar bu gün gülüş obyektinə çevrilib. Əlisa Nicat isə Peqasın üstündə Olimpin zirvəsinə artıq çatıb…
Dilqəm ƏHMƏD