22 Aprel 2014 13:19
1 301
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Markesin günahı yoxdur"

Qabriel Qarsiya Markesin yaradıcılığı ilə bağlı gedən müzakirələr davam edir. Ötən sayımızda Seymur Baycanla Afaq Məsudun qalmaqallı çıxışından sonra yazıçı Yaşar da müzakirələrə qoşulub. O, Markeslə bağlı bunları deyib:

"Dünyada çox azsaylı yazıçılar var ki, dünya ədəbiyyatının istiqamətini dəyişə bilirlər. Bu insanlara kult yazıçılar deyirlər. Çox böyük yazıçılar olub ki, onlar kulta çevrilə bilməyiblər. Ancaq Markes magik-realizmin banisi olmasa da, demək olar ki, bu janrı o yaratdı. Çünki magik-realizm öz təzahürünü Markesin yaradıcılığında tapdı. Onun yaradıcılığı dünya ilə yanaşı Azərbaycan nəsrinə də çox böyük təsir etdi. Markesin yazdıqları Əkrəm Əylislidən tutmuş Afaq Məsuda, Kamal Abdullaya, Mövlud Süleymanlının əsərlərinə kömək etdi. Hətta deyə bilərdim ki, adlarını sadaladığım müəlliflərə Azərbaycan ədəbiyyatından çox Markesin təsiri olub".

Yaşar müəllim Markesin Azərbaycan yazıçıları tərəfindən bütə çevrilib iddialarına bu cür münasibət bildirib:

"O, dünya ədəbiyyatında bəlkə də sonuncu yazıçı idi ki, həm ciddi ədəbiyyata iddialı idi. Həm də əsərləri milyon nüsxələrlə satılır. Markesin əsərləri ilə yanaşı həyatı da onun bütə çevrilməsində rol oynadı. Qabriel Qarsiya Salvador Dali kimi qeyri-adi bir həyat yaşadı. O, həm də öz həyatının imicmeykeri idi. Bu ədəbiyyat həqiqətən də, 20-ci əsr ədəbiyyatının zirvələrindən biridir. Markesin yaradıcılığı bir süngər kimi yazıçıları özünə çəkirdi. Bir çox yazıçılar oldu ki, onu təkrarlamağa başladılar. Ancaq bunda Markesin bir günahı yoxdur".

Rövşən


Müəllif:

Oxşar xəbərlər