Azərbaycanın məşhur şairi Mirzə Şəfi Vazehin adı XIX əsrdə Almaniyada bir siqaret firmasına verilibmiş.
Bu faktı əməkdaşımız, kolleksioner Dilqəm Əhməd müəyyənləşdirib.
D.Əhmədin Teleqraf.com-a verdiyi məlumata görə, alman şairi və səyyahı, Mirzə Şəfidən türk dilini və Şərqi öyrənən Bodenştedt 1851-ci ildə "Mirzə Şəfinin nəğmələri”ni ölkəsində çap etdirib. Geniş səs gətirən bu şeirlər Fridrixin başının gicəlləndirib və o, şeirlərin müəllifinin özü olduğunu yazıb, lakin əsərlər öz həqiqi sahibinin imzasına qovuşub: ““Nəğmələr” Avropada dəfələrlə çap olunub, fransız, ingilis, italyan, isveç, holland, ispan, portuqal, rus, çex, macar, yəhudi dillərinə tərcümə edilib. Təkcə Almaniyada 1922-ci ilə qədər 169 dəfə çap olunub”.
D.Əhməd əlavə edib ki, bu məşhurluqdan sonra Mirzə Şəfi adı Avropada brendə çevrilib. Rubinşteyn Mirzə Şəfinin əsərlərinə romans bəstələyib, şeirlərinin yazıldığı poçt açıqcaları çap olunub.
Sonda kolleksioner “Mirza–Schaffy” (“Mirzə Şəfi”nin almanca yazılışı) adlı siqaretin olduğunu isbat edən reklam yazısını təqdim edib və bu materialın 1897-ci ildə Drezdendə yayımlandığını qeyd edib.
Bəkir