“Məlikməmməd və Ziba” adlı komediya filmi oktyabr ayında ekranlara çıxacaq.
Bu haqda Teleqraf.com-a açıqlamasında filmin ssenari müəllifi və rejissoru Ruslan Hüseynov məlumat verib. Onun sözlərinə görə, film Azərbaycanın bütün kinoteatrlarında nümayiş olunacaq: “Bu film baş prodüser Ruslan Zeynalov, Nofəl Şahlaroğlu və mənim ideyam əsasında ərsəyə gəldi. Sponsor hesabına çəkilib. Məlikməmməd klassik qəhrəman olsa da, filmdəki hadisələr müasir zamanda baş verir. Məlikməmmədin borcu olduğuna görə başına min cür hadisələr gəlir”.
İlin ən bomba komediyası kimi təqdim olunan filmin digərlərindən fərqinə gəlincə, rejissor bunları deyib: “Çəkilən bütün komediya filmləri bir-birindən fərqlənir. Biz də komediyaya müraciət etdik, çünki seyirçilər gülməyi daha çox sevirlər. Tamaşaçımız dram janrını sevsə də, bir həqiqət var ki, Azərbaycan dramasına izləyici inanmır. Çünki türk dramasına baxan tamaşaçı sonradan Azərbaycan dramasına baxa bilmir. Amma türk komediyasına baxa bilməyən Azərbaycan tamaşaçısı bizim komediyaya məmnuniyyətlə baxır. Ona görə Azərbaycan komediyası dramasına nisbətdə daha çox baxılır və daha çox satılır.
Komediyada yenilik etməyə gəlincə, Azərbaycanda qeyri-adi komediya üslubu olan yeganə adam Vaqif Mustafayevdir. Ondan sonra kim hansı komediya çəksə, bilin ki, baxıb, götürüb, çəkəcək”.
Filmin çəkilişlərinə iyun ayında start verilib. Çəkilişləri Mingəçevir və Bakıda aparılan filmin aktyor heyətində daha çox peşəkarlar yer alır: “Filmdə əsasən peşəkar aktyor heyəti ilə çalışmağa qərar verdik. Bu, bizim üçün çox vacib idi”.
Ekran əsərində Məlikməmməd obrazını Nofəl Şahlaroğlu canlandırır. Bununla yanaşı filmdə Qorxmaz Əlili, Əzizağa Əliyev, Teymur Məmmədov, Mətanət Əliverdiyeva, Rəşid Səməndər, Fatma Mahmudova, İntiqam Soltan, Aynur Abbasova, Nərgiz Zamir çəkilib.
Filmin quruluşçu operatoru İlkin Şirinli, icraçı prodüser Vasif Ayan, baş prodüser Ruslan Zeynalovdur.
Nərmin