Teleqraf.com bu yaxınlarda Rusiya səfərindən qayıdan tanınmış şair Yafəs Türksəslə müsahibəni təqdim edir:
- Yafəs bəy, istərdim söhbətə Rusiya səfərinizdən başlayaq. Səfərinizin məqsədi nə idi?
- Bu, Rusiyaya on beşinci gedişim idi. Daha öncə orda jurnalist, Dünya Azərbaycanlıları Konqresinin təlimatçısı kimi getmişəm. Bu dəfə isə istirahət üçün getmişdim. Təbii ki, dostlarla da görüşdüm.
- Kimlərlə görüşdünüz, hansı layihələri müzakirə etdiniz?
- Mən hansı şəhərə gedirsəmsə, həmişə orda fəaliyyət göstərən Azərbaycan cəmiyyətlərinin rəhbərləriylə görüşürəm. İndi də elə etdim. Eyni zamanda, şəxsi dostlarımla da görüşdüm. Yaxşı istirahət edib, xoş təəssüratlarla qayıtmışam, hamısını qələmə alacam.
- Dünyanı gəzib görmək hər bir yaradıcı adam üçün çox vacibdir. Rusiyadan baxanda Azərbaycan cəmiyyəti, insanları, kişi-qadın münasibətləri, ədəbi düşüncəsi necə görünür?
- İstənilən cəmiyyətdə ədəbi-mədəni mühiti ordakı ictimai-siyasi mühit müəyyənləşdirir. Rusiya ilə Azərbaycanın ictimai-siyasi mühiti oxşardır. Ona görə də oxşar cəhətlərimiz var. Amma təbii ki, fərqli cəhətlərimiz də çoxdur. Gəlin etiraf edək ki, rus xalqı, cəmiyyəti bizim cəmiyyətdən sivil səviyyəsinə görə fərqlidir. Bu ədəbiyyatda da, məişətdə də özünü büruzə verir. Orada nəqliyyatın hərəkəti çox intizamlıdır. Metroda vi-fi xidməti var. Ayaq üstə duran insanlara çox az rast gəlmək olar. Cəmiyyətdə, bazarda, şəhərdə, restoranda qayda-qanun fərqlidir. Rus gəncləri romantikaya qayıdıblar. Mən orda küçədə rus oğlanının rus qızına kobud söz dediyini görmədim. Görüşən kimi yarım saat bir-birini sığallayıb, xoş söz deyirlər. Fikirləşdim ki, bu, Rusiyada gənclərə qayğıdan irəli gəlib. Şəhərə çıxanda hiss edirsən ki, qadın-kişi münasibətləri dostluq, sevgi üzərində qurulur. Bizdə isə tamam başqadır.
- Dediniz ki, orda qadın-kişi münasibətləri fərqlidir. Bu fərq özünü nədə göstərir? Ümumiyyətlə, bu fərqin səbəbi nədir?
- İlk səbəb sivilizasiya fərqidir. Etiraf edək, xristian ölkələrində qadın-kişi münasibətləri daha sivildir. İkincisi, iqtisadi vəziyyətdir.
Orda diskotekalarda qız da, oğlan da ayrıca öz çaxırını, pivəsini alır. Hərə öz sevgilisiylə istirahətə gəlir. Bizdə diskoteka adıyla barlar fəaliyyət göstərir. Barlara girən kimi də biri yaxınlaşıb siqaret, biri pivə istəyir.
Rusiyada insanların münasibət qurmaq üçün ayrıca kafeləri var. Boşananlar, yaşı keçənlər ora gəlir, tanış olub, münasibət qururlar. Burada isə kişi qadına mütləq hesab verməlidir.
- Romantika demişkən, mənə elə gəlir ki, siz də son zamanlar romantikaya meyil edirsiniz. Bu, nə ilə bağlıdır?
- İstənilən insanda lirik-romantik duyğular var. Müasir insanlarda rasional düşüncə daha güclüdür. Amma insanlar təbiətən müxtəlifdir. Nəğmə sevən insanlar ancaq nəğməyə qulaq asırlar. İnsan var, təbiətən romantikdir. Mənim təbiətimdə bir romantika var, amma düşüncəm romantik düşüncə deyil. Mən insan həyatında romantikanın yerinin hara qədər olduğunu bilirəm.
- Hara qədərdir insan həyatında romantikanın yeri?..
- Kəşf etmişəm ki, sevgi bütün insanlarda yaranır, real həyatın ilk addımlarında isə məhv olmağa məhkum olur. Əsl romantik, lirik sevgini qəhrəmanlar yaşayır. Bir qəhrəman qadındırsa, onu sənin atanın, ananın kim olduğu maraqlandırmır. Amma qorxaq qadın deyə bilər ki, mən filan kişiyə ərə getmirəm, çünki anası deyingəndir, nə bilim, evi yoxdur-filan.
Azərbaycan qadınlarının 99 faizi qəhrəman deyil. Onlar ilk reallıqda çətinə düşən kimi qaçacaqlar. Ona görə o qadınlardan əsl sevgi gözləmirəm. Yaradıcılıqda da duyğu və düşüncələrin qatlarını bilirəm.
Çox təəssüf ki, Azərbaycanda bir şair də müasir insanın duyğularını, düşüncələrini verə bilmir. Tənqidimiz də öz sözünü deyə bilmir. Elə qabaqcıl avanqard şairimiz də yoxdur ki, gənclər onlardan ilham alsın.
Mənim avanqard düşüncəli beş-altı şeirim var. Qisməti, Şəhriyar del Geranini, Əsəd Qaraqaplanı, Emin Pirini oxuyuram, görürəm onlar şeiri modern texnikayla yazırlar. Məsələn, Qismət şeiri modern texnikayla, çox istedadla yazır. Amma düşüncəsi ənənəvi Ramiz Rövşən düşüncəsidir. Bizim şeirimizin qəhrəmanları məğlub qəhrəmanlardır. Bir qadınla sevgin alınmadı, ola bilməz ki, başqa birini tapmayasan. On metr qabağa gedəndən sonra görəcəksən ki, sənin sevdiyin qızdan gözəli, ağıllısı, dərrakəlisi, vəfalısı var. Sanki bir qızı itirirsən, boşluğa düşürsən və həmişə də o boşluğun içində qalırsan. Bizim şərq ədəbiyyatı bunu təbliğ edir: O vəfalı olmayıbsa, sən vəfalı olmalısan və bütün ömrünü ona həsr edib, sızıldamalısan.
Şəhriyar del Gerani kukla kimi oğlandır, mən onun yerinə olsam, Bakı qızlarının yarısıyla məhəbbət yaşayaram. Nə olub axı, niyə şeirində ağlayırsan? Əslində, müasir şairlər mütəfəkkir olmalıdır, oxucuya yol göstərməlidir. Ədəbiyyat təkcə estetika deyil. Ədəbiyyat həm də yol göstərməlidir, axı səni oxuyan oxucu dərs götürür. Daha ömrü boyu bir qadının arxasınca niyə ağlayırsan? Get Nizami küçəsində gəz, bir-birindən gözəl, ağıllı qızlarla tanış ol. Sevgi ona görə yaranmır ki, sən onu, o səni tanımır, tanış ol ki, sevgi yaransın.
Bu dediklərim ictimai sahələrdən yazılan şeirlərə və şairlərə də aiddir. İstənilən ictimai vəziyyətdə həyat davam edir. İstənilən cəmiyyətdə neqativ və pozitiv şeylər var. İndi neqativ şeylərin bir qədər çox olmağı o demək deyil ki, sən insanlara bu həyatın, bu ictimai prosesin belə davam edəcəyini aşılamalı, bədbinliyə qapılmağı, özünü asmağı təbliğ etməlisən. Gəncsən, get Rusiyada, Avropada yaşa, yaxud burda özünə şərait yarat. Həyatı bu qədər qara təbliğ etmək olmaz, çünki həmin şeiri oxuyan oxucu daha da acizləşəcək. Əslində, ədəbiyyat insanı mübarizəyə səsləməli, möhkəmləndirməlidir.
Nəsrlə bağlı bir söz deyə bilmərəm, etiraf edirəm ki, yazıçılarımızı çox oxumuram. Amma oxumalıyam, istənilən şair, yazıçı öz ölkəsinin yazıçı və şairlərinin əsərlərini oxumalıdır.
- Deyirsiniz ki, çox az qadın qəhrəmanlıq mərtəbəsinə yüksələ bilir. Sizin həyatınızda elə qadın var?
- Həyatımda elə qadın var.
- Onun adını çəkə bilərsinizmi?
- Şair, jurnalist Yeganə xanım. O, qəhrəman qadındır. Yeganə qadındır ki, cəmiyyəti vecinə almadan, ürəyinin istədiyi hərəkəti edir.
- Azərbaycanda belə bir ənənə var: Yazıçılar, şairlər öz kitablarını məmurlara təqdim edib şirinlik alırlar. Mənim üçün maraqlıdır, siz o yolla pul qazanmısınız?
- Olub. Arif Quliyev başda olmaqla bütün aktyorlar idarələrdən, vəzifəli şəxslərdən pul alır. Biz yenə kitablarımızı aparıb pul alırıq, onlar əllərini ciblərinə qoyub pul alırlar. Mən beş-altı yerə getmişəm, görmüşəm Arif Quliyev məndən əvvəl gedib. Özü də aktyorlara çox verirlər, nəinki yazıçılara... Ən axmaq aktyora 100 manat verirlər.
- Onda belə çıxır ki, aktyorlar şairlərin çörəyinə bais olur?
- Şairlərin hamısı bunu eləmir. Onlar bir az utancaq olur. Bütün getdiyim idarələrdə Arif Quliyevi görmüşəm. Xalq artistidir, kafesi də var. Şairlər acından gedir, Arif Quliyev öyrəncəlidir.
- Yaradıcılıqda nə yenilik var? Nə yazırsınız, nə yazmağı planlaşdırırsınız?
- Reportaj üslubunda bir roman yazmaq istəyirəm. Amma indi vaxtım yoxdur. Ümumiyyətlə, mənim yazı stolum yoxdur. Şeirlərin çoxunu çayxanada yazıram.
- Bir ara “Canlı komediya” yazırdınız...
- Hə, Azərbaycan ədəbiyyatında ilk dəfə yazılan yeddi pərdəli canlı komediya idi. Qəhrəmanları öz adı, öz həyatı ilə təqdim etmişdim. O qəhrəmanlar səhnəyə də özləri çıxsa, ümumiyyətlə, sensasiya olardı. O vaxt Qəşəm Nəcəfzadə onun beş pərdəsini nəşr etdi, amma sonra yazıçılar onu hədələdilər. İstəyirəm arada elə komediya yazım. Çünki mən həmişə yazanda fərqli nələrsə yazmaq istəyirəm.
“Ədalət” qəzetində mənim komediyamın yanında Firuz Mustafanın bir komediyasını nəşr etmişdilər. Baxdım ki, onun komediyası mənimkinin yanında çox sönük görünür. O layihəni davam etdirsəydim, dünyada tanınmış yazıçı olardım. Məndə tənbəllik də var.
- Belə bir fikir var ki, Yafəs Türksəsin yaradıcılığı iki dövrə bölünür: Yafəs Məftun dövrü, Yafəs Türksəs dövrü... Dönüş nöqtəsi nə oldu, kim oldu?
- Bunun iki səbəbi var. Birincisi düşdüyüm mühit, ikincisi ətrafımda olan obyektiv insanlar. Bu insanlara Zahid Əzəmət, Aqşin Yenisey, Rasim Qaraca, Murad Köhnəqala, Sadiq Elyer aiddir. Çox ənənəvi, gözəl bir şeir oxuyurdum, baxırdım ki, Aqşin, Zahir, Rasim, Murad, Sadiq gülür. Tez başa düşdüm onlar nəyə və niyə gülürlər. Ondan sonra ənənəvi şeirdən modern düşüncəyə keçid etdim.
Öyrənməyi özümə heç vaxt ar bilmirəm. Aqşin məndən yaşca balaca olsa da, ondan modern şeirlə bağlı çox şeyi öyrənirdim. Sonra özüm araşdırmağa başlayırdım. Amma şairlər tanıyıram ki, bir vergülünü dəyişsən, dünyanı dağıdar. Zahir Əzəmətə sərbəst şeirlərimi verirdim ki, çap etsin, o şeirin dörddə birini ixtisar edirdi. Ona heç nə demirdim. Şərif Ağayar da şeirlərimi kəsib-doğrayır, sonra baxıram ki, düz edir. Görünür, Şərifin zövqü mənimkindən də yaxşıdır. Amma mən yaşda tanıdığın şairlərin heç birinin cümləsini dəyişə bilməzsən. Rəhmətlik Böyükxan Pərvizin bir vergülünü dəyişsən, səninlə ömür boyu küsülü qalardı.
- Mən eşitdiyimə görə, tələbə vaxtı çox ağır xəstəlik keçirmisiniz. Bu xəstəlik bütün həyatınıza təsir edib. Hətta təhsilinizi də yarımçıq qoymusunuz.
- Atam çoxdan rəhmətə gedib. Bir gün evə getdim, gördüm ki, böyük qardaşım anamı döyür, əsəbiləşdim, qardaşımla dalaşdım. Halbuki o qardaşım mənə pul göndərirdi. O pula baxmayaraq, anamın tərəfini saxladım. Ondan sonra qardaşım mənə pul göndərmədi. İkinci tərəfdən pnevmonit olmuşdum. Bu xəstəlik insanı çox zəiflədir və heç bir xəstəliyə immunitetin olmur. Bakının havası mənə düşmədi, pulum da olmurdu, ona görə institutu buraxmalı oldum. Rayona getdim, amma orda da böyük qardaşım mənim işə düzəlməyimə mane oldu. Qorxdu ki, birdən ata yurduna şərik olaram. Halbuki mənim elə bir fikrim yox idi. Sonra əsgərlik...
Kəndə qayıdanda yenə böyük qardaşım işə düzəlməyimə imkan vermədi, axırda məcbur oldum “sovzoz”da işləməyə başladım. Əvvəl istədim qiyabi oxuyam, ona da pul lazım idi, həm də mənəvi cəhətdən yorulmuşdum, bir ilim qalanda ayrıldım institutdan.
- O dövrdə şeir yazırdınız?
-Yox. Mən sarsıntılardan sonra şeir yazırdım. İlk şeirimi 1985-ci ildə yazmışam. Sevgimi, arzularımı itirəndə yazdım.
- Amma çox güclü insansınız ki, hətta müharibə dağıntılarının altından belə sağ-salamat çıxmısınız...
- Mən Vahid Poeziya Evinə 1999-cu ildə gəlmişəm. Qələmi onda əlimə aldım. Cəbrayılda dərnəyə gedirdim, şeirlərimi oxuyurdum, bir-iki dəfə də kolxozçularun qəzetində çap olunmuşdum. 1999-da yenidən şeir yazmağa başladım.
- Məni ən çox heyrətləndirən sizin iradəniz, əzminizdir...
- Onun alt qatında bilirsiniz nə dayanır? Məndən köçürən uşaqlar müəllim, kolxoz sədri, briqadir oldu. Mən dirəyi qoltuğumun altından yazı köçürən, məktəbdə üçdən yuxarı qiymət almayan birinin qabağında basdırırdım. O da əlini belinə qoyub mənə baxırdı.
Mən öz həyatımı yazsam, çox güclü roman ortaya çıxar. Bir xəstə qardaşım vardı, balaca vaxtı ilandan qorxduğuna görə dəli olmuşdu. Ona görə tay-tuşlarım mənə lağ edirdilər. Hətta müəllimlərim də... Həyatım çox ağır keçib. (doluxsunur)
Həyatın dibindən qaçmaq arzusu məni şair elədi. Hamıdan soruşurdum, kimsə şeirimi bəyənməyəndə, ondan da yaxşı yazmağa çalışırdım, öyrənirdim. Heç nədə uğur əldə etməyən adam şair kimi özünü sübut etmək istəyirdi. O istək məni əzmkarlığa sövq etdi. Amma mən o qədər də zəhmətkeş deyiləm. Şairlikdə də imzam tanınandan sonra tənbəllik elədim. Üç ildir şeir yazmıram...
Mövlud Mövlud
Nərmin Muradova