Bu gün məşhur italyan aktrisa Monika Belluçinin doğum günüdür.
Teleqraf.com xəbər verir ki, aktrisa doğum gününü sosial şəbəkədə özünəməxsus formada qeyd edib. O, atasıyla birgə çəkilmiş uşaqlıq fotosunu rəsmi instaqram hesabında paylaşaraq onu təbrik edib: “Mənimlə eyni gündə doğulan atam, doğum günün mübarək”.
Monika Belluççi 1964-cü il sentyabrın 30-da İtaliyanın Umbriya əyalətinin kiçik Çita-di-Kastello şəhərində anadan olub. 1986-cı ildə Peruca Universitetinə qəbul olunan Monika təhsil haqqını ödəmək üçün ofisiant kimi işə düzəlib. Sonra isə gözəl görünüşü karına gəlib – o, dostlarının məsləhətiylə model agentliyində işləməyə başlayıb.
Monika 1987-ci ildə model kimi karyerasının ən yüksək zirvəsinə çatıb. Milandakı ən nüfuzlu model agentliyi olan "Elit"ə dəvət edilib. Təsadüf nəticəsində həmin dövrdə Moda Evinin menecerləri firmanın simvolu olacaq model axtarırlarmış. Monikanın bəxti burada da gətirib. Məhz onu "Dolce and Gabbana"nın rəsmi siması seçiblər.
Məşhur rejissor Frensis Ford Koppolanın qardaşı 1992-ci ildə onu moda jurnallarından birində görüb və Monika "Brem Stokerin Drakulası" filmində kiçik rol alıb. Bu filmdən sonra onu ABŞ-da da tanıyıblar.
"Mənzil" filmi ona aktrisa kimi ilk uğurunu gətirib. Monika bu filmdəki roluna görə Avropanın nüfuzlu "Sezar" mükafatına nominant kimi irəli sürülüb.
2001-ci ildə çəkildiyi "Malena" filmində Monika növbəti dəfə bütün kişilərin arzuladığı qadın obrazını canlandırıb. Film 14 dəfə müxtəlif mükafatlar, o cümlədən, "Qızıl qlobus" almağa namizəd kimi irəli sürülüb.
2002-ci il Kann kinofestivalının sensasiyası isə Qaspar Noenin "Geridönməzlik" filmi olub. Filmdə Monikanın iştirakı ilə 9 dəqiqəlik zorakılıq səhnəsi tamaşaçıların neqativ reaksiyasına səbəb olub. Onların bir hissəsi ilk premyera günü zalı tərk ediblər.
Monika Belluççi artıq 50-dən çox filmə çəkilib. Onun bu filmlərdə tərəf müqabilləri Entoni Hopkins, Cin Hekman, Şon Konneri, Bryus Uills kimi aktyorlar olub.
1999-cu ildə Monika ilə Vensan Kassel evləniblər. Onların tanışlığı isə 1996-cı ilə təsadüf edir. O zaman Beluççi və Kassel "Mənzil" filmində çəkiliblər. Evlilikdən 3 il sonra isə onlar "Geridönməzlik" filmində tərəf müqabili olublar. 2004-cü ildə cütlüyün Deva, 2010-cu ildə isə Leoni adlı qızları doğulub. Cütlük 2013-cü ilin avqustunda boşanıb.
Pərvin