Akademik Milli Dram Teatrında Xalq yazıçısı İlyas Əfəndiyevin xatirəsinə həsr olunan “Boy çiçəyi” tamaşası nümayiş olunub.
Teatrın mətbuat xidmətindən verilən məlumata görə, səhnə əsərinin nümayişindən əvvəl tamaşaçılar qarşısında çıxış edən teatrın bədii rəhbəri və direktoru, Xalq artisti Azər Paşa Nemət bildirib ki, İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən və yaxud Boy çiçəyi” pyesi ilk dəfə 52 il əvvəl tamaşaya qoyulsa da, mövzusu və qaldırdığı problem bu gün də aktualdır: “Oktyabrın 3-də İlyas Əfəndiyevin anım günüdür. Biz özümüzə borc bildik ki, bu gün İlyas müəllimin müəllifi olduğu pyesin əsasında hazırladığımız tamaşanı nümayiş etdirək. İlyas Əfəndiyevin bu əsəri müasir dövrümüzdə də öz aktuallığını saxlayır. Bu günün gəncləri də bu məhəbbət əsərini görməlidir. Boy çiçəyi sözünün böyük mənası var. Ona görə qərar gəldik ki, bu tamaşanın adı sadəcə, boy çiçəyi ilə bağlı olsun.
Vaxtilə bu tamaşanın baş rollarında xalq artistləri Amaliya Pənahova və Əli Zeynalov oynayıb. İndi isə xalq artisti Fuad Poladov və əməkdar artist Məsmə Aslanqızı çıxış edir. Ümumiyyətlə, tamaşanın çox maraqlı aktyor heyəti var. Ümid edirəm, sizə təqdim olunan səhnə əsərini alqışlarla qarşılayacaq və Akademik Milli Dram Teatrından xoş təəssüratla ayrılacaqsınız”.
Qeyd edək ki, Xalq yazıçısı İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən və ya Boy çiçəyi” pyesi əsasında hazırlanan tamaşanın rejissoru Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru, xalq artisti Azər Paşa Nemətdir. Tamaşada əsas rolları xalq artisti Fuad Poladov, əməkdar artistlər Məsmə Aslanqızı, Hicran Nəsirova, Almaz Amanova, Əjdər Həmidov, Sabir Məmmədov, aktyorlar Nigar Güləhmədova, Elnar Qarayev və Fəridə Əliyeva ifa edirlər.
Ata qayğısından məhrum olan Nargilənin zavod direktoru Həsənzadəyə olan məhəbbətindən bəhs olunan tamaşada cərəyan edən hadisələr bugünümüzlə səsləşir.
Səhnə əsərinin ilk nümayişi 2011-ci il noyabrın 2-də olub.