4 Oktyabr 2016 12:16
2 029
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Ado teatrının rəhbəri Elmin Bədəlovla müsahibəni təqdim edir:

-Elmin, söhbətə son günlərin səs-küylü tamaşası olan “GOTT və ya Cənnətin işğalı”ndan başlayaq. Niyə bu qədər səs-küyə səbəb oldu tamaşanız?

-Tamaşa ilk dəfə nümayiş olunandan sonra demək olar ki, heç bir təzyiqlə qarşılaşmadıq. Sadəcə, bəzi dindarlar teatrın feysbuk səhifəsinə yazıb, tamaşa barədə məlumat alırdılar, onların narahatlıqlarını hiss edirdik. Bir müddət sonra aktyorların pamperslə olan səhnələrinin görüntüləri yayımlandı və sənət adamlarının bizə təzyiqləri başladı. Çox maraqlı bir halla qarşılaşdıq. Dindarları başa sala bilirdik, amma sənət adamlarını yox.

Ağaxan Salmanlının tamaşa barədə açıqlamasını oxudum, doğrusu, teatr adamının teatrı fahişəxanayla müqayisə etməsi mənə çox qəribə gəldi. Bu, artıq təhqir idi. Amma biz bütün fikirlərə, polemikalara açığıq. Onun bir fikri də vardı – guya Ado erotik teatrdır. Əslində, Ado erotik deyil, modern teatrdır. Burada erotik, eləcə də, başqa janrlı tamaşalar hazırlana bilər. Bu, o demək deyil ki, teatr erotik teatrdır.

Ramiz Məlik demişdi Ado teatrı mənəviyyatımıza ləkədir. Bilirsiniz, mənə elə gəlir bu təzyiqlər teatrı gözdən salmaq üçündür. Azərbaycanda mentalitet çox güclüdür və xalq artistləri bundan istifadə edərək Ado-nu gözdən salmağa çalışırlar. Başa düşmürlər ki, onların bu çıxışları elə özlərini gözdən salır. Çox sərt çıxsa da deyəcəm, onlar qocalıq sindromuna tutulublar. Biz artıq XXI əsrdə yaşayırıq və müasir tamaşaçı artıq SSRİ-dən qalan pafoslu oyun tərzini bəyənmir. Ona görə onlar yeni yaranan müstəqil teatrlara üz tuturlar. Bu da həmin sənət adamlarını narahat edir.

-Tamaşanın məzmunu və ötürdüyü mesaj nədir?

-Doğrusu, tamaşa barədə danışmaq mənim üçün çətindir. “GOTT və ya Cənnətin işğalı” Ado stilində olan növbəti fərqli tamaşadır. Bu tamaşada demək olar ki, söz yoxdur. Yenə əsas məsələ insan faktoru, azadlıq, insanların cəmiyyətdə özünü tapmasıdır. Adəm və Həvva, sadəcə, simvoldur. Mən Adəmlə Həvvanı səhnəyə qapalı geyimdə – çadrada çıxara bilməzdim. Orda ya yarpaq, ya da başqa nələrsə olmalı idi. Ado-nun stili bir az fərqli olduğuna görə düşündük ki, aktyorları səhnəyə pamperslə çıxaraq.

-Ado Oda-nın tərkibində yaradılmış teatrdır. Bunların bir-birindən nə fərqi var? Ümumiyyətlə, niyə ikinci teatrı yaratmaq ehtiyacı hiss etdin?

-Biz Oda-nı yaradanda əsas missiyamız Azərbaycanda müstəqil teatr ənənəsini formalaşdırmaq idi. Müəyyən zaman keçdi, amma yeni, müstəqil, alternativ teatrlar yaranmadı. Ona görə biz Ado-nu yaratmaqla özümüzə alternativ teatr yaratdıq. Onda hər iki teatr paralel olaraq işləyirdi və biz bununla insanlara göstərmək istəyirdik ki, əslində, teatr yaratmaq elə də çətin deyil. Əsas istəkdir, istək varsa, teatrı da yaradacaqsan.


Ado yaranandan sonra M teatrı, Əsa Teatrı, Modern adlı yeni teatr yarandı. Bu, bizi çox sevindirir. Dünya təcrübəsinə əsasən müstəqil teatrlar teatrın inkişafına səbəb olur, prosesə yeni, fərqli çalar qatır. Ona görə müstəqil teatrlar nə qədər çox olsa, bu, işin xeyrinədir.

Ado-nun Oda-dan fərqinə gəlincə, biz ikincidə birincidə qıra bilmədiyimiz standartları asanlıqla qırdıq. Pərdələri yığışdırdıq, mövzuları daha kəskin, daha vurucu etdik.

Amma zamanla gördük ki, iki teatrı da birlikdə inkişaf etdirmək, ayaqda saxlamaq çətindir. Ona görə qərara gəldik ki, ikisini birləşdirib bir ad altında fəaliyyətimizi davam etdirək. Ad seçimində də Adoya üstünlük verdik.

-Bildiyim qədər sənin teatr təhsilin yoxdur. Doğrusu, teatrdan jurnalistikaya keçən adam görmüşdüm, amma jurnalistikadan teatra keçid edən ilk adamsan. Teatra marağın nə vaxtdan yaranıb?

-10-cu sinifdə oxuyanda hiss edirdim ki, incəsənət sahəsinə meylim var. Evimizin yanında mədəniyyət klubu vardı, tez-tez orda təşkil olunan ədəbi məclislərə qatılırdım. Mədəniyyət evinin direktoru orda aktyorluq üzrə kurs təşkil edib, uşaqları universitetə hazırlaşdırırdı. Mən də o kursa yazılmaq istədim, amma evdən dedilər ki, bircə artistimiz çatmır. Ona görə sənədlərimi Neft Akademiyasına verdim.

-Bəs indi ailənin sənin gördüyün işə münasibəti necədir?

-Məqsədim rayondan çıxmaq idi, ona da Neft Akademiyasına daxil olmaqla nail oldum. Orda oxuya-oxuya “Mədəniyyət” qəzetinə yazırdım, mədəniyyət evlərində fəaliyyət göstərən xalq teatrlarına gedirdim. Ailəm şəhərə köçəndən və bu işlərlə məşğul olduğumu biləndən sonra narazılıqlar başladı. Mən onlara qarşı çıxdım, görəndə ki, mən tutduğum yoldan dönmürəm, məcbur qalıb razılaşdılar.

-Bəzən yazıçılar əsərlərində bilərəkdən mental mövzulara toxunaraq diqqət cəlb etməyə çalışırlar. Səhnələşdirmək istədiyin mövzular səni illərdir narahat edən məsələlərdir, yoxsa bizim gənc yazıçılara tutulan iradı sənə də tutaq, “Elmin piar üçün qadağan mövzulara müraciət edir” deyək.

-Piar üçün yalnız bir dəfə bunu etmişik. O da 18+ fotosessiyamız idi. Bir model qız sinəsinə loqomuzu yapışdıraraq yarıçılpaq fotolar çəkdirmişdi. Bu, piar üçün idi. Bunu etiraf edirəm. Adətən bizim tamaşalara 30-40-50 nəfər tamaşaçı gəlir. O piarın hesabına teatra 140 adam gəlmişdi. Onları güclə yerbəyer edib, “Arzular bağı” kimi çox ciddi tamaşamızı nümayiş etdirdik. O tamaşada İlqar Cahangirlə, Rauf Şahsuvarlı kimi peşəkar aktyorlar oynayırdılar. Tamaşadan çıxan hər kəs çox təsirləndiklərini bildirmişdilər. Tamaşa hətta onların dünyagörüşlərini də dəyişmişdi.

Fotosessiya reklam xarakterli olsa da, tamaşalarımız reklam xarakterli deyil. Əslində, məqsədimiz piar xatirinə də olsa insanları teatra cəlb edib, onların düşüncəsini dəyişməkdir.

Bir də bilirsiniz, biz göydən cırıq zənbillə düşməmişik. Valideynlərimiz sekslə məşğul olub və biz yaranmışıq. Bunu niyə danaq? Avropalılar seksə həyatın başlanğıcı, sevgi kimi yanaşır. Bizdə isə sevgiyə tamam başqa cür – uzaqdan-uzağa münasibət var. Teatr da güzgüdür, həyatı göstərən vasitədir. Orda başqa şeylər göstərib, həyatın başlanğıcını göstərə bilmirsənsə, onda ora teatr deyil. Bu gün niyə insanlar teatrlara getmir? Çünki onları aldadırlar. Akademik Milli Dram Teatrına gedib, bunun şahidi olmaq olar.

-Yəni demək istəyirsən ki, Akademik Teatrda adamları aldadırlar?

-Mənə elə gəlir. İddia edirəm ki, bizim teatra könüllü gələn insanların sayı Akademik Dram Teatrına öz istəyi ilə gəlib, bilet alanların sayından çoxdur. Araşdırsanız görərsiniz. Bir tamaşaya 50 bilet belə satılmır. Ancaq dövlət müəssisələri yaxud da məktəblər, universitetlərə məcburi bilet satırlar.

-Səncə, “Azdrama” hansı tamaşasında insanları aldadır?

-“Qoca kloun” adlı bir tamaşaya baxmışdım. İnanın, tamaşanın ortasında zalı tərk etmək istəyirdim, amma insanlara narahatlıq olmasın deyə yerimdə oturdum. Görürdüm ki, insanların çoxu yatır. O tamaşaya baxmaqla vaxtımı itirilmiş hesab etdim.

Bəyəndiyim tamaşalar da var. Məsələn, Mikayıl Mikayılovun “Müfəttiş”i səliqəli, maraqlı tamaşa idi. Ancaq mənə çatan məlumata görə, Azər Paşa Nemətov tamaşaya dəyişikliklər edir. Qorxuram korlaya.
“Qatil” super tamaşa olmasa da, yaxşı tamaşadır. Hikmət Rəhimovun təbii oyunu çox gözəl idi.

-Dövlət teatrlarından dəvət gəlsə, orda işləməyə razılıq verərsən?

-Yox. Eqoistlik kimi çıxsa da deyəcəm: heç bir dövlət teatrında işləmək istəmirəm. Fərqli bir rejissor fərqli formatlı tamaşa hazırlasa, bəlkə, onda razılaşa bilərəm. Mən yaratdığım teatr ənənədən kənardır, ənənəvi tamaşada oynasam bu, tamaşaçılarıma hörmətsizlik olar.

-Düşünürsən ki, Ado və ya Oda estetikasının yetərincə tamaşaçısı var?

-Əlbəttə, var. Dörd ildir hər həftə tamaşa oynayırıq və bu illər ərzində, bəli, özümüzün tamaşaçı kütləmiz formalaşıb.

-Məşğul olduğun sənətin təhsilini almaq barədə nə düşünürsən?

-Rusiyada üç aylıq bir məktəb var. Ola bilsin, o kurslara qatıldım. Ümumiyyətlə, həm xarici, həm də öz teatrlarımızdan yetərincə təcrübə toplayıram. Akademik Dram Teatrını nə qədər tənqid etsəm də, vaxtaşırı gedib tamaşalara baxıram. Həmçinin Yuğ, Pantomima, Gənc Tamaşaçılar, Opera və Balet Teatrına da gedirəm.

Amma Mədəniyyət və İncəsənət Universitetində təhsil almaq kimi niyyətim yoxdur. Tanınmış bir rejissor tamaşamıza baxdı və mənə dedi ki, nə yaxşı sən İncəsənət Universitetini bitirməmisəm.

-İncəsənət Universitetinin tələbələrindən, məzunlarından Adoda işləmək, yaxud tamaşa hazırlamaq üçün müraciət edənlər varmı?

-Oda dövründə bizə müraciət edənlər olmuşdu. Hətta bəziləri tamaşalar da hazırladılar. Ado stilini yaradandan sonra Mədəniyyət və İncəsənət Universitetinin uşaqlarıyla işləyə bilmədim. Mən demirəm ki, onlar istedadsızdır – əsla. Sadəcə, mən onlarla işləyə bilmədim. Bizim teatrda işləyənlərə artıq peşəkar deyə bilirəm, çünki onlar illərlə, aylarla bu sahədə işləyib, formalaşıblar. Onlar fədakardır, amma universitetin tələbələri texnikayla oynayırlar. Tamaşaçıya aktyorun filan qədər kitab oxuması lazım deyil, tamaşaçı aktyorun ürəyini, hisslərini istəyir. Fədakarlar tamaşaçıya bu hissləri verir, amma texnikayla oynayanları tamaşaçı sevmir. Müasir dünya belədir. Fransada, Tiflisdə tamaşalara baxmışdım, hadisələr səhnədə çox canlı görünürdü.

Bax bizdə çatışmayan əsas cəhət budur.

Mövlud Mövlud

Nərmin Muradova


Müəllif:

Oxşar xəbərlər