Onu hər zaman yoldaşı və balaca oğluyla (Qız nəvəsi idi, amma oğlu kimi böyüdürdü) görürdüm. Köhnə 139 nömrəli avtobusda qabaq sırada oturardılar. Bu hardasa 10-11 ilin söhbəti olar, mən jurnalist deyildim və hələ universitetin birinci kursunda oxuyurdum. Şux qamətli, özündən əmin bir qadın vardı qarşımda.
İki il öncə avqust ayında Şahmar Ələkbərovun yubiley gecəsində görüşdük. Neçə dəfələrlə telefon söhbətimiz olsa da ilk dəfə canlı müsahibədəydim qarşısında. O, məlum və məşhur qəzadan yenicə rahatlayıb dostlarının arasına çıxmışdı. Yenə şux qamətli, özündən əmin bir qadın vardı qarşımda...
Hər nə qədər şux qaməti, özünə əminliyi olsa da üzünə baxınca içində nələr yaşadığını, xəstəliyinin necə ağırlaşdığını hiss etmək olurdu. Bu dəfə yoldaşı yanında yox idi, o balaca oğlan da böyümüşdü və Nuriyyə xanım hər dəfəsində onun gələcəyi ilə bağlı narahatlıq keçirdiyini dilə gətirirdi.
Ötən ilin bu günündə eşidəndə ki, Nuriyyə xanım dünyasını dəyişib, inanmadım. Mənə elə gəlirdi ki, o bütün çətinliklərə sinə gərərək bu həyatı üzündə gülüşlə daima yaşayacaq.
Ötən il oktyabrın 10-da Nuriyyə Əhmədova 1 saylı Klinik şəhər Xəstəxanasında ürək çatışmazlığından vəfat edərək, bu dünyaya gözlərini yumub, bizimlə vidalaşdı...
Vəfatının ildönümündə çoxlu filmlərə çəkilən, sənətdə bəxti gətirən, tamaşaçılar tərəfindən tanınan və sevilən aktrisanı sənət dostlarıyla birlikdə yad edirik.
“İlk dəfəydi canlı meyit görürdüm...”
Əməkdar artist Xalidə Quliyeva: “ Nuriyyə ilə eyni kursda oxumuşuq. Kurs rəhbərimiz Adil İsgəndərov idi. Fəal tələbələrdən biri, çox zəhmətkeş idi. Məqsədi aktrisa olmaq idi. Çünki universitetə daxil olmamışdan öncə Musiqili Teatrda xorda oxuyub. Universitetə üç il gec daxil olmuşdu. Teatrda işləyəndən bəri şəhərdə kirayədə qalırdı. Məktəb illərindən sonra həyata atılmaq cəsarət tələb edirdi, amma o, bunu bacardı. Nuriyyə başqa sahədə də olsaydı mütləq zirvədə yer alardı, çünki gördüyü işə canını qoyurdu. Bir dəfə universitetdə tibbi yoxlama var idi. Tələbələrin qanını analiz edirdilər. Həkim Nuriyyənin qanını yoxlayandan sonra ona baxıb zarafatyana bir söz dedi: “Sənin qanında “aktrisa” yazılıb. Doğrudan da o, bütün həyatını aktrisa olmağa xərclədi.
Nuriyyə ailə həyatı qurdu, amma xoşbəxt olmadı. Mən kiminsə həyatından danışmağın, kiməsə məsləhət verməyin, yol göstərməyin ictimailəşməsini heç cür qəbul edə bilmirəm. Ona görə bu haqda danışmaq mənim üçün çətindir. Onu bilirəm ki, şəxsi həyatında çox problemlər var idi. Qızının başına faciəli hadisənin gəlməsi, oğlunun xəstəlikdən rəhmətə getməsi, yoldaşı ilə ayrılması... Oğlundan sonra heç dözə bilmirdi. Mənə bir-iki dəfə zəng elədi, telefonda ağladı və “Mənim üçün çox çətindi, dözə bilmirəm, Xalidə” dedi. Ürək-dirək verməyə çalışdım, amma bilirəm ki, bunlar hamısı söz idi. Ard-arda gələn faciələr onun həyatında öz izini qoymuşdu. Onun həm mənəviyyatını dağıtmışdı, həm də fiziki cəhətdən sarsıtmışdı. Yəqin onun ürəyində damar tıxanması olub, amma bilməyib. Nuriyyə hər dəfə vəziyyətdən çıxırdı, amma bu dəfə çıxa bilmədi.
Əslində, Nuriyyə indi ölməmişdi, çoxdan ölmüşdü. Mən həyatımda birinci dəfə idi onun simasında canlı meyit görürdüm. O şux, bəzəkli, gəzən meyit idi. Nuriyyə ruhən güclüydü. Övlad dərdi olmasaydı, həyat yoldaşı ilə həyatı belə gətirməsəydi xoşbəxt olardı.
Nuriyyə həyat yoldaşını dəlicəsinə sevib ailə qurmuşdu, elə ona görə də gec ayrıldı. Nuriyyə göründüyü kimi yaşamırdı, amma kaş pis görünüb yaxşı yaşayaydı. Kaş elə olardı. Xoşbəxt qadın deyildi Nuriyyə. O, çox şeyləri gizlədirdi. Amma hamı bilirdi.
Son vaxtlar onun efirə çıxıb “evim yoxdur” deməyi ürəyimi dağlayırdı. Doğrudan da onun evi yoxuydu. Qızının faciəsini yaşadı, yenə evsiz qaldı, oğlunun faciəsini yaşadı, yenə evsiz qaldı. Hamı bilirdi ki, Nuriyyə küçələrdə qalıb. Qadınlar yuva qurmaq istəyirlər, Nuriyyə yuva qura bilmədi. İndi oğlunun, qızının yanına gedib...”
“Allah ona dərd verdikcə, mərhəməti daha da artırdı”
Əməkdar artist Sənubər İsgəndərli: “Sənətkar var sənəti qabarıqdı, sənətkar var şəxsiyyəti, insaniyyəti. Onun sənəti haqqında sənətşünaslar yəqin ki, danışacaqlar və illər keçdikcə qiymətləndiriləcək. Nuriyyə “adam kimi adam” sözünü tam anlamında özündə əks etdirirdi. Çox gözəl insan idi. Diqqətcil, böyüklə böyük, kiçiklə kiçik olmağı bacarırdı. Ona uzaqdan baxanda içimdəki yanğı ürəyimi ağrıdırdı. Deyirdim, ay Allah, bu insanın nə böyük ürəyi var: qucağında qızı rəhmətə getdi, oğlunu itirdi, amma hələ də insanlara qarşı mərhəmətlidir, Allaha üsyan etmir. Sanki Allah Nuriyyəyə dərd verdikcə onun mərhəməti daha da artırdı. Onun oğlu dünyasını dəyişəndə yanına gedə bilmədim. Qızının dərdinin üstünə bir də oğlunun dərdinə müşahidəçi ola bilmədiyimdən getmədim.
Cəmi bir dəfə Nuriyyəylə tərəf müqabili oldum. O da “Şahid qız” filminə təsadüf etdi. Elə tanışlığımız da ordan başladı. Bir hadisəni danışım, bu iki il əvvəl Şəkidə onunla bağlı veriliş çəkərkən baş vermişdi. Yeddi-səkkiz verilişi bir günə çəkdiyimiz üçün Şəkidə qalmalı olduq. Səhər səs eşitdim. Oteldə nömrənin qapısını açdım, gördüm ağ xalatlı həkimlər Nuriyyə xanımın otağına gedir. Ürəyi tutmuşdu, həmin gün yataqdan durmadı, amma yaxınlaşıb “Nuriyyə xanım, nə olub sizə?” deyirdim ki, cümləni bitirməmiş üzümə baxdı, gülərək “Əşşşii nolaaacaq heç nə olmayıb” dedi. Həyatda da çətinliklərə dirənən, möhkəm, iradəli bir qadın idi. Ona hər baxdığımda qürur duyurdum”.
“Acılarını onunla unutdu”
Xalq artisti Firəngiz Mütəllimova: “Nuriyyə ilə “Kinoklub” verilişinə birgə çəkilmişik. Ölümü məni çox təsirləndirdi. Son illər başına çalma bağlayırdı, amma ona qədər hər yerə gur, qıvrım saçlarıyla gedərdi. Çəkilişlərə qızının oğlunu gətirərdi, ona “oğlum” deyərdi. Gülərüz idi, amma kədəri gözlərindən hiss olunurdu. Şəxsi həyatında heç xoşbəxt ola bilmədi. Sənət onu yaşatdı, acılarını sənətlə unutdu. Vaqif Mustafayev sağ olsun ki, filmlərində ona rollar verməklə stressdən çıxardı. Yeri behişt olsun, heç olmasa, o dünyada balalarına qovuşsun”.
Nərmin Muradova