“CinemaPlus” kinoteatrında “Əli və Nino” filminə hədiyyə bilet aksiyası keçirilir.
Kinoteatrdan Teleqraf.com-a verilən məlumata görə, əsas çəkilişləri Gəncədə körpüdə çəkilmiş “Əli və Nino” filminə hədiyyə bilet aksiyasından yalnız Gəncə sakinləri yararlana biləcək.
Aksiya noyabr ayının 1-dək etibarlıdır və həftənin bazar ertəsindən cümə axşamınadək keçirilir. Hədiyyə biletlərdən dövlət qulluqçular (müəllimlər, həkimlər və s.) və hərbiçilər, tələbələr, 50 yaşdan yuxarı tamaşaçılar və məhdud fiziki imkanlı insanlar yararlana biləcək.
Qurban Səidin eyni adlı romanı - dünya bestselleri əsasında ekranlaşdırılmış film XX əsrin əvvəllərində Azərbaycanın müstəqilliyi uğrunda mübarizəsi və fərqli dinlərə mənsub iki gəncin məhəbbəti haqqında danışır. Film 2015-ci ildə çəkilib. Çəkilişlər Bakıda – tarixi Köhnə şəhərin küçələrində və paytaxtın müxtəlif yerlərində, həmçinin Qobustan, Xınalıq və başqa yerlərdə aparılıb.
“Əli və Nino” filminin icraçı prodüseri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, prodüseri – Kris Tikye, rejissor – BAFTA mükafatını qazanmış Asif Kapadia, ssenari müəllifi - Academy Award mükafatı laureatı Kristofer Hemptondur.
Filmdə Adam Bakri, Mariya Valverde, Xalit Ergenc, Mendi Petinkin, Koni Nilson, Rikkardo Skamarçio, Humayon Erşardi, Fəxrəddin Manafov, Assaad Buab, Numan Akar və başqa məşhur aktyorlar çəkilib.
Nərmin