11 Oktyabr 2016 13:50
10 452
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Finlandiyada yaşayan yazıçı-araşdırmaçı Güntay Gəncalpla müsahibəni təqdim edir.

– Güntay bəy, tarixi mövzularda müzakirələri bəzən əhəmiyyətsiz hesab edənlər olur. Deyirlər keçmiş keçmişdə qaldı, gələcək haqqında danışmaq lazımdır. Siz necə düşünürsünüz?

– Bu mövzu bizim düşüncə üfüqlərimizi genişlədir. Dünyagörüşümüzü dərinləşdirir, bilgimizi və kültürümüzü artırır. Gərəksiz mübahisə deyil. Çağımızın yapon və alman kimi böyük millətlərinə baxsanız hamısı öz tarixləri ilə üz-üzə gələrək inkişaf etmişlər. Beynimizi və düşüncəmizi buxovlayan tarixi bağlardan və xurafələrdən azad olmazsaq necə inkişaf edə bilərik? Modern mədəniyyətin bir hissəsi olmaq istəyən hər bir millət öz keçmişi, kültürü və törələri ilə üz-üzə gəlməlidir, ya da öz tarixinin qaranlığına gömülərək yox olmalıdır. Bu mübahisələrə qarşı çıxanlar tarixə bilgi ilə deyil, inancla yanaşanlardır. Məsələn, tarixdəki bir şəxsiyyəti özünə büt təyin etmiş və şəxsiyyətin tənqid edilməsindən qorxur, çünki inancı yıxılır.

– Ən çox Fazil Mustafa və sizin fikirləriniz birmənalı qarşılanmır. Buna görə sizə avantürist deyirlər.

– Doğruları çoxluq söyləməz. Bütün toplumlarda belədir. Hər zaman azlıqda olan bir neçə kişi düşünər, qalanlar da ya onların düşündüklərini düşünər, ya da onların düşüncələrinə qarşı çıxar. Dünyada ən çətin iş düşünməkdir. Ömrünü kitab oxumağa, araşdırmağa həsr etməlisən. Ayrıca, zahirən indiki zamanda ən çox Fazil Mustafa bellə sorğulayıcı düşünür. Ancaq məncə, FazilMustafa keçən əsrin əvvəllərindəki ziyalıların çizgisində düşünür və o yolda yürüyür. Buna görə Fazil Mustafaya hər kəs minnətdar olmalıdır. O da bu ortalıqda olmasa Azərbaycanda düşüncələr durğun göl kimi qoxumağa başlar, heç olmasa Fazil bəy bir az əhalini düşünməyə və hətta heç olmasa ona etiraz etməyə çalışır. Etiraz etmək də bir kültür istər. Fazil Mustafa o ziyalılar kimi keçmişi olduğu kimi qorumaq deyil, keçmişdəki ümidləri gerçəkləşdirməyə çalışmaqdadır. Bu kimi intellektual çalışma olmasa sosial həyatın nə anlamı ola bilər?

– Siz necə bilirsiniz, bir mədəniyyətin hansı xalqa mənsub olduğunu sübut edən əsas şey nədir? Dil, düşüncə tərzi, təfəkkür...

– Mədəniyyət hansı dildə yaranırsa o dilin sahib olduğu millətə aiddir. Mədəniyyətin vətəni dildir, ərazi deyil. Məsələn, mən Qərbdə yaşayıram, ancaq yaradıcılığım türkcədir.

– Yəni Nizami farsca yazıbsa onun yaradıcılığı farslara mənsubdur. Belə?

– Nizami, Xaqani, Mövlanə fars dilində yazmışlar. Onların türk olmalarının heç bir önəmi yoxdur. Önəmli olan onların düşüncə və duyğularının dilidir.

– Bəs dövlətlər necə? Tutalım, Qacarlar sülaləsi...

– Dövlətlər də o şəkildə. Dövlətlər də mədəniyyətin siyasi qanadıdır. Bu siyasət hansı dilin amacına xidmət etmiş, hansı dilin inkişafı üçün büdcə ayırmışsa o dilə və o dilin xalqına aid olur. Bu üzdən də mən Qəznəviləri, Səlcuqları, Səfəviləri, Osmanlının böyük bir dövrünü türk dövləti hesab etmirəm. Necə ki, Ziya Göyalp da Osmanlı dövlətini 1838-ci ilə qədər, yəni Tənzimatın başlayıb avropalaşmanın davam etdiyi ana qədər İrani dövlət xasiyyətli olduğunu yazar. Həm Osmanlını, həm də Qafqaz türklərini irançılıqdan azad edən avropalaşma olmuş. Məsələn, düşünün, Osmanlıda 2200 cild farsca divan yazılmış, bir tək cild doğru-dürüst türkcə bir əsər yox. Bunun harası türk dövləti oldu? Bunun tarixi və sosioloji səbəbləri də var, istərsəniz onun üzərində dura bilərik.

– Nədir tarixi və sosioloji səbəblər? Bu barədə danışaq.

– Biz türklər olaraq siyasi gücə sahib olmadan öncə indiki İran ərazisində, xüsusən Xorasan və civarında fars seçkinləri və ziyalıları ərəb milliyətçiliyinə qarşı aşırı bir milli oyanış hərəkatı başlatmışdılar. Tam 1200 il bundan əvvəl Səffari padşahı Yaqub Leys bir fərman çıxararaq ərəb dilini yasaqladı. Bütün dövlət işlərində o zaman dəri adlanan farsca yerləşdi. Vergidə, ədəbiyyatda, rəsmi məktublarda fars dili istifadə edildi. Fars tarixində buna 200 illik səssizlik deyirlər. Yəni Sasanilərin çöküşündən 200 il sonra milli oyanış başlayır. Bu hərəkət tarixdə şüubiyyə adı ilə məşhurdu.

– Şüubiyyə haqqında Azərbaycanda bir məlumat varmı?

– Yoxdu. Çünki şüubi mətnlərin hamısı farscadır. Farscalaşma sürəci başladı və Nişabur mərkəz olmaqla yeni fars dili inkişaf etdi. Biz də İslamdan öncə bu ərazilərdə olmamışıq, bəziləri olmuşuq desələr də var oluşumuzun göstərgəsi olan heç bir mədəni əlamət yoxdur. Ən azından türklərin dövlət kimliyi ilə bu ərazilərdə, yəni geniş Yaxın Şərqdə görünmələri Qəznəvilər və Səlcuqlarla başlar. Türklər hazır bir vergi dilini gördülər və fars dilini öz dövlətlərinin dili etdilər. Bu üzdən də bütün türk dövlətlərində istisnasız olaraq iqtisadiyyatdan sorumlu olan baş nazirlər farsdır. Dilin də arxasında iqtisadiyyat durduğunda inkişaf edər. Qurduğumuz dövlətlərdə biz bir şey istehsal edərək dövlət büdcəsini doldurmazdıq. Yağmalardıq. Oranı-buranı yağmalayıb, vermişik fars baş nazirlərə. Türk tarixində siz bir tacir, bir sənayeçi, əkinçi-filan görməzsiniz. Hamısı yağmaçı olmuş. Bu yağmaların da hesabına fars nazirlər baxmışlar. Ona görə də din dili ərəbcə, dövlətin vergi və mədəniyyət dili farsca və ordunun dili türkcə olmuşdur. Türk dili qaba ordu sahəsində keçərli olmuş və incə mədəniyyət sahələrinə girməmişdi.

– Deyirsiniz mədəniyyət hansı dildə yaranırsa o dilin sahib olduğu millətə aiddir. Əsaslandırılmış bir fikirdi bu? Yoxsa şəxsi düşüncənizdi?

– Bu haqda fikir söyləyənlər vardır. Ancaq mən bunu açıq qəbul edirəm. Məsələn, Dostoyevskinin rus olmadığını dünyada barmaq sayı araşdırmaçılar bilər, ancaq onun əsərlərini oxuyub təsirlənən xalq kütləsi Dostoyevskini rus olaraq qəbul edərlər, çünki əsərinin dili ruscadır. Bu haqda Tolstoyun da yanaşması vardır. Tolstoy böyük “Savaş və barış” romanının təqribən yüz səhifəsini fransızca yazır. Bunu fransızcayı necə dərindən bildiyini isbatlamaq üçün yazır, lakin yazarın gerçək vətəni onun dilidir görüşündən yola çıxaraq əsərin geri qalanını rusca yazır. Buna bir çox nümunələr göstərmək mümkündür. Məsələn, Şəhriyar sizin üçün sadəcə türkcə əsərləri ilə tanınır. Şəhriyarın bu türkcə əsərləri olmasaydı, o da digərləri kimi tanınmaz olaraq qalacaqdı.

– Türk təfəkkürü, fars təfəkkürü, rus təfəkkürü... Bu cür anlayışları qəbul etmirsiniz?

– Yox, qəbul etmirəm. türkcə, farsca, rusca təfəkkürü kimi ifadələri qəbul edirəm. Təfəkkürün ifadə aracı yalnızca dildir. İnsan sözlərlə özünü bəyan edər. Yoxsa başqa millətlərin düşüncələrini qəbul edə bilməzdik. Oysa biz başqa millətlərin düşünüb ortaya qoyduğu bilgiləri tərcümə edib mənimsəyə bilirik.

– Fars dilini dərindən bilirsinizmi?

– Bilirəm.

– Bir dil kimi farscanın üstünlükləri nədən ibarətdir?

– Üstünlüyü yoxdur. Türkcəm də çox dərindir. Bu üzdən iki dili bir-biriylə müqayisə etmə elminə sahibəm deyə düşünürəm. Türkcənin üstünlüyü qarşısında farsca çox əksik bir dildir. Feil boşluğu var farscada. Məsələn, sevmək, sevdirmək, sevişmək, sevinmək, gülüşmək, öldürtmək, bilişmək, dərinləşdirmək, dərinlləşmək və minlərcə bu kimi feillər farscada yoxdur. Bu üzdən də farsca yazan türklərin cahillikləri qarşısında mən hər zaman şaşırmışam. Tarixin bir mərhələsində sadəcə 10 il dilimiz elm-təhsil dili olsaydı, bölgəmizdə ədəbiyyat, mədəniyyət və kültür tarixi fərqli varaqlanardı. Bizim xalqda qrammatik şüur olmamışdır. Bu üzdən də türkcə necə yazmaq gərəkir sualı qarşısında mat qalmışlar.

– Farsca yazan türklərin cahillikləri qarşısında şaşırdığınızı deyirsiniz. Bəs Nizami Gəncəvi kimi bir dahi nə üçün türkcə yox, farsca yazdı? Nizami türk dilinin siz deyən üstünlüklərini bilmirdimi?

– Türkcə oxucu kütləsi yox idi. O zaman türklərdə şəhər həyatı yox idi. Bu, birinci təbii sosial səbəb idi. Yazıçı oxucu kütləsi üçün yazar. İkinci səbəb dövlət başçılarının zorlamaları idi. Farsca yazmağa zorlayırdılar. Şahın Nizamiyə yazdığı məktubun mətnini Nizami nəzmə çəkmiş:

Türk dili yaraşmaz şah nəslimizə,

Türk dili əksiklik gətirər bizə.

Qəznəvilər də şairləri farsca yazmağa zorlayırdılar. Sultan Mahmudun sarayında yüzlərcə məddah şair vardı, hamısı da farsca yazırdı. Nizami kimi bir dahi türkcənin necə üstün dil olduğunu bilməliydi, lakin o da gedib qoyun alveri edərək əsər yazamazdı ki... Farsca yazaraq həyatını təmin edirdi. İlk dəfə olaraq Əlişir Nəvai farsca yazmağa qarşı çıxaraq farsca və türkcənin imkanlarını müqayisə edərək türkcənin necə üstün dil olduğunu nümunələrlə isbat etmiş. Ondan sonra da Füzuli meydana çıxdı. Füzulinin məktəbi yoxdur, Əlişir Nəvai məktəbinə mənsubdur. "Leyli və Məcnun" əsəri belə həm vəzn, həm üslub baxımından Nəvaidən iqtibas edilmişdir.

– Əlişir Nəvai türkcənin necə üstün bir olduğunu göstərib. Əmir Teymurun buna münasibəti necə idi?

– Bunun səbəbi əlbəttə Əmir Teymur idi. Onun dönəmində türk dili yüksəlmişdi. Teymurun bölgəmizə axınlarından sonra bizdə də, özəlliklə Bayındırlı dövləti zamanında türkcə yazma gələnəyi başladı, ancaq bunu Səfəvilər durdurdu.

– Səfəvilər zamanında türkcə yazma ənənəsi durduruldusa nə üçün Şah İsmayıl şeirlərini türcə yazırdı?

– Mənim araşdırmalarıma görə, Şah İsmayıl türkcəni bilmirdi. Çünki üç yaşından 14 yaşına qədər gilək mühitində yaşamışdır. Türklərin olmadığı yerdə və anasından da ayrı. O zaman türk dilini kimdən və haradan bu qədər dərin öyrəndi? Ayrıca, Xətai adında bir tək şair olmamış. Onlarca şair o zaman xətai təxəllüsü ilə yazıb Anadolu qızılbaşlarını yardıma çağırmış. Mən Xətai divanından bir çox şeirin üzərinə incələmə etdim və bu şeirin İsmayılın olmayacağını düşündüm. Məsələn, bu Şah İsmayıla aid edilən bir şeiri incələyəlim:

Dünyadan əlin çək divanə könlüm,
Ulaş bir ustada ər ilə görüş!
Mürşid nəzərini yad edərsə dil,
İkilikdən keçib bir ilə görüş!

***

Ər ətəyinə yüz sürmək dilərsən,
Əslinə, zatına ərmək dilərsən,
Haqqın cəmalını görmək dilərsən,
Nur ilə nur olub sirr ilə görüş!

***

Aşiqi-sadiqlər ola gəlmişdir,

Ağlayanlar bir gün gülə gəlmişdir,
Əl ələ, əl Haqqa bula gəlmişdir,
Tanrı kəndi özün pir ilə görüş!

***

Xətayi biçarə quldur şahına,
Xünkar Hacı Bəktaş nəzərgahına,
Dəli könül Haqq ol düş dərgahına,
Ər olayım dersən ər ilə görüş!

Məlum olduğu kimi Xətai qızılbaşların mürşidi idi. Xətai mürid deyildi. Bu şeir isə bir mürşidin şeiri deyil, bir müridin şeiridir. Çünki Xətai məqam olaraq qızılbaş kültüründə Hacı Bəktaş Vəlidən ya yüksəkdir, ya da eyni səviyyədədir. Necə ola bilər ki, Xətai mürşid ola-ola özünü Hacı Bəktaş Vəlinin müridi hesab etsin? Bu mürşidlik məqamına tərsdir. Bu qoşquda ”Ulaş bir ustada ər ilə görüş” misrası Xətaiyə aid ola bilməz.

– Nə üçün?

– Çünki Xətai özünü mürşid saymasaydı, o, qətiyyətlə müridləri üzərində hökm edə bilməzdi. Müridlər də mürşid olmayan birinin əmrinə belə canü-könüldən bağlı olmazdılar. Bu misra isə hələ mürşid olmamış və mürşid arayan birinin ruh halıdır. Bu qoşma başdan sona qədər mürşid arayan müridin ruh halının tərcümanıdır. Həm də Şah İsmayıldan 250 il öncə Hacı Bəktaş dönəmində yaşamış bir xətainin ruh halının tərcümanına bənzəməkdədir. Bu şeir Şah İsmayılın divanında keçsə də ona aid ola bilməz. Özü mürşid olan özündən 250 il öncə yaşamış Hacı Bəktaşı öyə bilməzdi. Həm də hökmdar və dövlət başçısı olan Şah İsmayıl Hacı Bəktaşı özündən üstün görə bilməzdi. Bu da göstərir ki, Xətai divanındakı şeirlər bəlli olan və bəlli olmayan bütün xətailərə aiddir. Xətai özü şah ikən şahın qulu olamazdı. Bu üzdən də “Xətai biçarə quldur şahına” misrası kəsinliklə ona aid ola bilməz.

3-14 yaş arası anasından uzaq gizlin həyat sürən bir çocuq türkcəni Anadolu şivəsinin dərinliyində öyrənə bilməzdi. Bu şeirlərin Anadolu ozanlarına aid olduğunu bir çox ədəbiyyatşünas alim yazmış. O zaman şahın şair olması bir şərt idi. Şair olmayan da başqasına yazdırıb öz adına yayırdı.

– Sultan Səlim də başqalarına şeir yazdırırdı?

– Əlbəttə, o da yazdırmış.

– Bəs bu dedikləriniz sizə qədər nə üçün araşdırılmayıb?

– Birincisi ehtiyac olmamış. İkincisi də araşdıran da olmuş. İrina Məlikova, Fuad Köprülü kimi ədəbiyyatşünaslar da bu haqda bilgi vermişlər. Məsələn, araşdırmaçı Ziya Gülər yazır: “Xətai divanındakı şeirlərin həpsi əruzla yazılmış. Kəndindən öncəki Azəri şairlərinin də əruzla yazdıqları diqqətə alınırsa, Şah İsmayıl Səfəvinin onları izləməsi doğru görülməlidir. Bu baxımdan qoşma tərzindəki nəfəslər istər Sultan Xətai olsun, istər Şah Xətai olsun heç biri İsmayıl Xətainin olamaz. Dil və anlatım yönündən başqa Azəri şairlərinə də mal ediləməz. Bunların gerçək sahibləri 16-20-ci əsr arasında Anadolu xətailəridir. Qul Xətai, Can Xətai, Dərdmənd Xətai, Dərviş Xətai, Sultan Xətai tapşırmalı nəfəslər ən çox Toqat, Sivas, Yozqat, Çorum, Malatya, Elazığ və Tunceli yörəsində düzənlənən cönklərdə yer almaqdadır. Bu şairlərin də o çevrələrdə yaşaması icab edər. Özəllikllə Ələvi köylərində yapılacaq araşdırmalar qonuya açıqlıq gətirəcəkdir. Şah İsmayıl Xətai həm pir, həm də bir mürşiddir. Onun başqa bir pirə xitabən şeir yazması düşünüləməz. 336 Anadolu Xətailəri bölümündə 219 heca, 23 qəzəl olmaq üzərə 242 şeir yer almaqdadır”.

– Şah Qacar haqqında danışmaq istərdim. Kökü, mənşəyi... O da farslara xidmət etmişmi?

– Qacar Şah türk idi, ancaq Qacarlardan öz soyları türklər üçün heç bir miras qalmamışdır. İrani-fars kimliyinə xidmət etmişlər. İndiki müstəqil Azərbaycan da Qacarların tərkibində qalsaydı yazı dili farsca olacaq və Bakının da petrolu fars aristokratlar əlində olacaqdı. Burada mövzu etnik kimlik deyil, siyasi və dünyagörüşü sistemi söz qonusudur. Səfəvilər çizgisində gedən Qacarların dünyaya baxışı fars milliyətçiliyi pəncərəsindən idi. Dünya ədəbiyyatını və bilgi kitablarını farscaya tərcümə etmə ilk dəfə Qacarlar zamanında acıdı. Qacarlar bu iş üçün bol para ayırdılar. Türkcəni bir tək fərmanla dövlətin və məktəblərin dili edə bilərdilər, ancaq etmədilər.

– Şah İsmayıl mövzusu çox müzakirə olunur. Ancaq Nadir şah barədə az danışılır...

– Nadir şah türk kimliyini önə çıxarmaq istədi, onu da teror edib öldürdülər. Ona görə də keçən əsrin əvvəllərində Nərimanov, Mirzə Ələkbər Sabir kimi ziyalılar Nadiri çox öymüşlər. Sabir Nadir şahı türk tarixinin və hətta Turanın bütün problemlərini çözən doktor kimi görmüş. Şiə-sünni bədbəxtliyini ortadan qaldırmaq üçün Nadir tək başına girişimdə bulundu. Sabir bunu nəzərə alaraq yazır:

Nadir bu iki xəstəliyi tutdu nəzərdə,
Dərman eləmək istədi bu qorxulu dərdə.

– Nadir şah niyə türk kimliyini önə çıxarmaq istədi? O, xilas yolunu bundamı görürdü? Ya necə?

– Nadir Osmanlıya məktublarında siz də, biz də türkük, gəlin yaxınlaşaq deyə yazırdı. O zaman Nadirin özəl fransız doktorları vardı. Qərbdəki aydınlanma prosesindən həkimləri vasitəsiylə xəbərdar olmuşdu. Məncə, birinci səbəb bu idi. İkinci səbəb Nadirin imperatorluğunun içində çoxluq sünnilərdən ibarət idi. İndiki İranda, Əfqanistan, Özbəkistan, Qafqaz, Pakistan onun imperatorluğunun içindəydi. Ona görə azlıqda olan şiələrin camilərdə "Ömərə lənət" bağırmalarını yasaqladı. Səfəvilərdən nə miras qalmışdısa, hamısını yasaqladı. Bunun üçün Osmanlıdan da yardım istədi. Lakin Osmanlı Nadirin başlatdığı reforma ciddi yanaşmadı. Bunu görən Nadir tək başına bu problemi çözmək istədi. Dünyada tanınmış şiə və sünni alimləri başkəndi Buxaraya dəvət etdi. Çox gözəl və böyük bir çadır hazırlatdı. Onlara 45 gün vaxt verdi. Dedi ki, oturun elmi şəkildə dartışın. onların mübahisəsini qələmə alan bir katib də müəyyən etdi. Yazıları və nəticəni daha sonra ona gətirmələrini istədi.

45 gün Buxarada şiə və sünni alimlər dartışdı. Nəticəni Nadirə verdilər və Nadir elmi mübahisə üzərinə bütün imperatorluğunda "Fərmani-şahi" deyə bir əmr yayıdı, bütün valiliklərə yolladı. Bu fərman şəhələrdə və kəndlərdə camilərdə və məscidlərdə oxundu.

– Nə deyilirdi o fərmanda?

– Deyilirdi ki, şah İsmayıl islam və ümməti parçalamışdır. Əbubəkir, Ömər, Aişə kimi islam böyüklərinə ədəbsizlik etmişdir. Bundan sonra kim onlara lənət oxunsa Şahın qəzəbi ilə qarşılaşacaqdır. Ayrıca, Nadir Şah türkcənin inkişaf üçün də şəxsiyyətlər və dilçilər görəvləndirdi. Öz katibı Əstərabadinin türkcə bir sözlük yazmasını istədi. O da "Səngülax" adında bir sözlük yazdı.

– Nadir şah bu qədər işlət görüb, nə üçün onu tanıyan yoxdu?

– Çünki Sovet projəsi və İran milliyətçiliyi üçün Nadir türk dünyasını birləşdirən amil idi və tanınmamalı idi. Şuşanın inkişafı və orada Vaqif, Vidadi, Natəvan kimi şairlərin yetişməsi də Nadirin miras buraxdığı kültürə görədir. Pənah Xan Nadirin sərkərdələrindən biri idi.

– Nadir haqqında bu faktları hansı mənbələr deyir?

– Qaynaq çoxdur. Onun farnsız özəl doktorunun xatirələri var. Sonra az öncə haqqında danışdığım şiə-sünni alimlərinin elmi mübahisələri Nadirin əmri ilə "Hücuci-qətiyyə" adlı kitab şəklində yayımlanar

– “Hücuci-qətiyyə” nə deməkdir?

– Yəni qəti dəlillər.

Kəramət Böyükçöl


Müəllif:

Oxşar xəbərlər