22 Oktyabr 2016 03:01
1 627
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbulnamə 7

“Üç min illik abidəyə daş atan cahillər var, nə olacaq bu Türkiyənin halı?”

Mənimlə yanaşı Firon III Tutmosun bir zamanlar öz vətənində ucaltdığı abidəyə baxan bir vətəndaş haqlı olaraq deyinirdi.

“Narahat olmayın, Misir fironlarının kəhanəti var, mütləq daş atanları tutacaq” deyib vətəndaşı sakitləşdirdim, o isə mənə qəribə-qəribə baxıb uzaqlaşdı. Görünür, firon Tutanxamonun məzarının açılmasından sonra baş verənlərdən xəbəri yox imiş...

Əslində, bu daşın İstanbulda necə peyda olması haqqında da təfərrüatlı bilgi yoxdur.

Bilinən odur ki, 3400 il öncə Misir fironu III Tutmos o vaxtın tanrısı Amon-Ranın şərəfinə tikilən Karnak məbədi üçün bu abidəni ucaldıb.

Abidə üçün lazım olan monolit Cənubi Misirdə Assuvan adlı ərazidəki qranit yatağından əldə edilib, böyük bir törənlə səmaya doğru ucaldılıb. Yüzlərlə qulun, yük heyvanlarının vasitəsilə gəmilərə yüklənən abidə 300 km uzaqdakı Karnakın yerləşdiyi paytaxt Teb şəhərinə aparılıb.

Obelisk düz 1840 il Bizans imperiyası yarananadək öz əzəmətini burada qoruyur.

Bizansın ilk imperatoru I Konstantin öz adını verdiyi paytaxt Konstantinopolu göz oxşayan şəhər etmək üçün bir qərar vermişdi. Şəhər meydanını əmrində olan ölkələrdən gələn abidələrlə dolduracaq.

Paytaxtında görmək istədiyi abidələrdən biri də məhz III Tutmosun min bir əziyyətlə ucaltdığı obelisk idi.

Öz zövqü xoş olsun deyə qədim abidəni sökdürməyi qərara alan I Konstantinin bu arzusu gözündə qalır. Görünür, kəhanət həqiqət imiş, imperator vəfat edir, yerinə oğlu keçir.

Oğlu tərəfindən obelisk Tebdən İskəndəriyyəyə gətirilir. Uzun müddət abidə bu şəhərdə qalır. Bu imperatora da abidəni paytaxta gətirmək qismət olmur.

Yulianın məktubu

Hakimiyyətə gələn imperator Yulianın (361-363) tarixdə qalmış bir məktubu var. İmperator İskəndəriyyəni idarə edənlərə göndərdiyi məktubunda yazır: “... Sizlərə comərdcə qucaq açan bu şəhərin gözəlləşməsində dəstəyinizin olması üçün bu bütöv daşı Konstantinopola göndərməniz yaxşı olar”.

Amma bu abidənin Yulianın vaxtında gəlib paytaxta çatması haqqında bilgi yoxdur.

Dəqiq bilgi odur ki, imperator I Feodosinin (379-395) vaxtında, 390-cı ildə bu abidə şəhər hipodromunda, yəni indi gördüyümüz yerdə ucaldılıb.

Bizansın süqutundan sonra Bizans abidələrinə hörmətlə yanaşan türklər obeliski də qoruyub bu günə qədər saxlayıblar.

Yeri gəlmişkən, bu obeliskdən dünyanın bir çox mühüm şəhərlərində - Paris, Roma, London və Nyu-Yorkda da var. İstanbuldakı obeliskin indiki hündürlüyü 19.59 metrdir. III Tutmosun zamanında abidənin daha hündür olduğu hesab edilir. Çünki abidə Konstantinopolda ucaldılarkən və ya yolda gələrkən müəyyən qədər zədə görüb. Çünki abidənin alt hissəsindəki heroqliflər tam ortadan kəsilib.

Heroqliflərdən söz düşmüşkən, abidədə firon III Tutmosun tanrı Amon-Ra ilə əl-ələ tutması, Misirin qoruyucu tanrısı Horusun təsviri var. Digər yazılarda isə abidənin Amon-Ra üçün tikilməsi barədə danışılır.

Bizans dönəmində abidənin alt hissəsi mərmərdən hazırlanıb və orada yunan və latınca yazılar həkk olunub.

Yunanca yazıda bunlar qeyd olunub:

“Uzun zamandan bəri torpaq üzərində bütün ağırlığı ilə yatan dörd üzlü bu dirəyi tikmək cürəti sadəcə imperator Feodosiyə qismət oldu. Bu işi bacarmaq üçün Proklusu köməyə çağırdı və daş ancaq 32 gündə yerinə tikildi”.

Latınca yazı isə obeliskin öz dilindən verilib:

“Öncələri dirəndim. Amma uca əfəndimə boyun əyməm və onun tiranlar üzərində qazandığı zəfərin çələngini daşımaq mənə əmr edildi. Hər şey Feodosiyə və onun uzun sürəcək sülaləsinə itaət edir. Mənə də beləcə qalib gəlindi və Proklusun idarəçiliyi altında üç dəfə on gündə ucalmağa məcbur edildim”.

Abidəni saxlayan 6 metr hündürlükdəki mərmərin üstündə imperator I Feodosi və əyan-əşrəfin qabartma təsviri var. İmperator təsvirlərdə ona hədiyyə gətirən xarici qonaqları qəbul edir, hipodromda yarışı qazanan çempiona dəfnə yarpağından hazırlanmış şərəf tacını verir, rəqqasələri izləyir.

Bu gün isə dünyanın hər tərəfindən İstanbula gələnlər imperator I Feodosinin təsvirini, III Tutmosun və Amon-Ranın əzəmətini izləyirlər.

Tanrı Amon-Ra tarixin dərinliyində itsə də, yaxınlıqdakı Aya-Sofiyada isə kilsə zəngləri 1453-dən etibarən sussa da, Sultan Əhməddən gələn “Allahu-əkbər” sədaları obelisklə birgə səmaya ucalır...

Bütün bunları isə izləyən başqa bir abidə də var: İlanlı sütun. Bu barədə daha sonra.

Dilqəm ƏHMƏD

Fotolar müəllifindir.


Müəllif: