Noyabrın 1-də Milli Məclisin mədəniyyət komitəsinin iclası keçirilib.
Teleqraf.com xəbər verir ki, komitənin sədri Rafael Hüseynov “Kinematoqrafiya haqqında” yeni qanun layihəsi ilə bağlı məlumat verib. O deyib ki, 12 fəsil, 40 maddədən ibarət yeni qanun filmlərin istehsalı və yayımlanması, milli kinematoqrafiyanın təbliği və qorunması sahəsində yaranan münasibətləri tənzimləyir. Milli kinematoqrafiya irsinin qorunması, milli filmlərin istehsalı və yayımlanması, uşaqlar və gənclər üçün filmlərin istehsalı və yayımlanması, kinematoqrafiya sahəsində fəaliyyətin əlaqələndirilməsi, dünya kinematoqrafiya sənətinin təbliği, kinematoqrafiya sahəsində kadrların hazırlanması və onların peşəkarlıq səviyyəsinin artırılması, kinematoqrafiya sahəsinə sərmayələrin qoyulması üçün tədbirlərin təşkil edilməsi kinematoqrafiya sahəsində dövlət siyasətinin əsas istiqamətlərini təşkil edir.
Qanun layihəsində qeyd edilir ki, gənc istedadların aşkarlanması, onların yaradıcılığının inkişaf etdirilməsi məqsədilə dövlət tərəfindən tədbirlər görülür. Gənc kinematoqrafçıların bilik və bacarıqlarının, peşəkar səviyyələrinin artırılması və yaradıcılıqlarının inkişafı məqsədilə həvəsləndirmə tədbirlərinin təşkili müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
Yeni qanuna əsasən Azərbaycan Respublikasının müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, konstitusiya quruluşuna, iqtisadi, müdafiə, elmi-texniki potensialına və milli maraqlarına zərər vura biləcək filmlərin istehsalına və yayımına yol verilmir.
“Gömrük tarifi haqqında” Qanuna edilən dəyişikliyə əsasən sənədə 20.0.20-ci maddə əlavə edilir. Yeni maddəyə əsasən milli film istehsalçıları müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında kino texnikasının, kino texnoloji avadanlıqlarının və kino qurğularının idxalına görə 2017-ci il yanvarın 1-dən 3 il müddətinə gömrük rüsumlarından azad edilirlər.
İclasda, həmçinin Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi müzakirə edilib.