18 Noyabr 2016 16:00
1 143
12 Punto 14 Punto 16 Punto 18 Punto

60 ildən çoxdur şair Sezai Karakoçun “Mona Rosa” şeiri türk ədəbi çevrələrinin müzakirə mövzusudur. Şeirin qəhrəmanının kim olması, hekayəsi ədəbiyyatçıların əsas maraq dairəsindədir. 14 qitəlik şeirin misralarının baş hərflərini bir yerə yığanda ortaya çıxan Muazzem Akkayanın kim olduğu soruşulur.

Ankarada əfsanə yaymışdılar: “Sezai Karakoç bir qıza aşiq olur, amma bundan nə o qıza, nə də başqa birinə söz açır. Qız bunun fərqinə varır, amma əmin olmur. Ən yaxın dostu Sezainin şeirə olan marağını bilir və onu bir məclisə dəvət edir. O da dostunun xahişini yerə salmayıb gedir. Dostu isə qatıldıqları tədbirin aparıcısı idi. Gecənin sonuna yaxın sözə başlayan dostu aralarında gözəl şeirlər yazmağı bacaran birinin olduğunu deyir və Sezai Karakoçu səhnəyə çağırır. Karakoç sıxıla-sıxıla səhnəyə çıxır və “Mona Rosa” şeirini oxumağa başlayır. Sevdiyi qız da orda olur. (Onda artıq nişanlı idi). Şeiri dinlədikcə onun sevgisindən əmin olur. Karakoç şeirini söylədikcə sevdiyi qızla baxışırlar, axırda dözməyib səhnəni tərk eləyir. Qız da arxasınca qaçıb ona yetişir. Barmağındakı üzüyü göstərir və deyir: “Bir tək sözünlə çıxarıb ataram”. Sezai isə cavabında “Artıq sənin sevgin mənimkinə çata bilməz...” deyir. O gecə qız intihar edir...”

Əfsanəyə görə beləydi. Amma sonralar qızın yaşadığı bilinir. Şair Karakoç isə bu gün 83 yaşındadır və hələ də evlənməyib...

İllərlə şairlə görüşən heç bir jurnalist onunla söhbətdə bu mövzuya toxuna bilmir. Ancaq bir gün onun görüşünə gedən gənc cəsarət edib bu şeirin tarixçəsini, indiyə kimi heç kimin soruşa bilmədiyini soruşur. Və şair də heç kim gözləmədiyi halda bu sevginin hekayəsini danışmağa başlayır:

19 yaşındaydım. Həyəcanlı bir gənc. Şeirə təzə başlamışdı. Ölçüsü olmayan vəznsiz, qafiyəsiz şeirlər yazılmağa başlanmışdı. Heca ölçüsü də bitmişdi. Sərbəst şeirlər yazılırdı.

Mən istəyirdim ki, öz ədəbiyyatımız olan divan ədəbiyyatı ilə yazılsın şeirlər. Amma tək başıma əruzu gətirə bilməzdim ki. Əruz o tərəfə, heca da itirdi artıq. O vaxt dedim ki, qoy heca vəznində bir şeir yazım. Bu sərbəst şairlər də divana lağ edirdilər; gül-bülbül, gül-bülbül, başqa bir şey yoxdu deyirdilər.

O dövrdə şeirlərə yad ad vermək ənənəsi yaranmışdı. Bu şairlər də gül-bülbülə lağ etdiyindən mən də şeirin adını “Mona Rosa” qoydum. Yəni tək gül… Şeiri tamamilə özümü sınamaq üçün yazdım. O vaxt bir də akrostiş (şeirin misralarının ilk hərflərini yuxarıdan-aşağıya sıralayanda mənalı bir söz ortaya çıxır, bu şairin və ya şeiri həsr etdiyi şəxsin də adı ola bilər) şeir yazmaq dəbi var idi. Gənc şairlər akrostiş şeirlər yazmağa çox həvəsliydilər. Mən də gənciydim, həm hecada olan, həm də akrostiş olan bir şeir qələmə aldım.
Məktəb yoldaşımın adıyla yazdım şeiri. (Sevgi şeirlərinin ən gözəl örnəyi olan bir şeiri sevgisini gizlətmək üçünmü öz adıyla yazmamışdı?)

Mülkiyə Məktəbinin ikinci kursunda oxuyurdum. Ankaranın Söğütözü deyilən məşhur bir çəmənlik varıydı, ora getdik. Bir yaz günü idi, 20 aprel. Yazdığım şeirdən bir neçə dostumun xəbəri varıydı. O gəzintidə “şeiri oxu” deyə dirəndilər. O qədər israr elədilər ki, oxumalı oldum. Bəyəndilər.

Axşam qayıtdıq. O biri gün bizimlə gəzintidə olan dostlardan biri yanıma gəlib o şeiri istədi məndən. Mən də içkiyə qarşıydı deyə sevərdim bu oğlanı. Verdim şeiri. Aradan 10-15 gün keçdi, o dövrün “Hisar” jurnalının redaktorları gəlib məktəbdə məni axtarıblar, oturub danışdıq. O dost şeirimi onlara çatdırıbmış. Böyük ədəbiyyat adamları idi, şeiri də bəyənmişdilər. Amma orasını belə düzəldək, burasını belə deyə 1-2 şey dedilər.

Şeirin yayımlanması haqqında heç nə danışmadıq, çünki mən onun yayımlanmasını istəmirdim. 1952-ci ilin iyun ayında şeiri həmin jurnalda dərc eləyiblər, amma mənə heç nə deməyiblər. Şeir beləcə əldən-ələ keçdi.

Hamı bəyəndi, amma bu qədər vaxtda heç kim onun akrostiş olduğunu bilmədi. Mən onu qitələr şəklində yazdığım üçün heç kim başa düşməmişdi”.

Söhbətin bu yerində gənc sözə qarışır, hekayədə nəyinsə çatışmadığını deyir. Amma şair “Mən hələ danışıram, sözüm bitməyib” deyir və gəncin sual verməsinə əngəl olur. Sual bəlliydi əslində, bu barədə deyilənlər, yazılanları və bu şeirinin qəhrəmanı Muazzez Akkayanı soruşacaqdı. Şair özü də nə soruşulacağını hiss edirdi.

Və şair davam edir: Sonra hamı bir rəvayət uydurdu ki, guya şeiri Mülkiyə Məktəbində oxumuşam, bir nəfər də intihar edib. Mən nə şeiri məktəbdə oxumuşam, nə də kimsə intihar edib. Kimsə mənə görə intihar etsə mən yaşaya bilərdimmi? Bax belə, mən bu şeir haqda bir daha danışmayacam. Birinci və axırıncı dəfədir”.

Beləcə şair, o mühacir qızının – Muazzez Akkayanın adını çəkmir və əfsanəyə çevrilən sevgisindən danışmır. Ona görə də işin içi hələ də bilinmir, amma şairin dilindən “Mona Rosa” belə nağıl edilib.

Şeirin qəhrəmanı da bu barədə bir dəfə danışıb. Ancaq şairin sevgisinə qarşılıq verə, ona yaxınlıq duya bilmədiyini, sözügedən şeiri eşidəndə isə heç bir yerə qaçmadığını deyib. Ən əsası isə deyib ki, kaş Sezai ozünə bir həyat quraydı…

Sevinc Fədai


Müəllif:

Oxşar xəbərlər