Teleqraf.com Nəriman Əbdülrəhmanlının “Təkan” hekayəsini təqdim edir:
...Gecəyarıdan xeyli keçəndən sonra, daha doğrusu, səhərə yaxın qəfildən, elə bil, gözəgörünməz bir adamın dürtmələməsilə oyanasan, gözlərini açıb yönünü çevirdiyin divarın bomboz üzünə uzun-uzadı baxasan, həmişə yatanda dirsəyini söykədiyinə görə yaranmış ləkə tanış gələ, amma hələ bu tanışlıqdan bir şey unaya bilməyəsən, handan-hana arxası üstə çevrilib nəzərlərini tavanın bir qədər açıq rənginə tamaşa eləyə, çidd-cəhdlə harda olduğunu anışdırmağa çalışan, yenə bir nəticəyə varmağa çətinlik çəkəsən, nəhayət, nəzərlərini tavandan endirib pəncərənin tanış dördkünc bozluğunu görəndə başqa bir yerdə yox, elə uzun illərdən bəri yaşadığın halalca evində olduğunu dərk eləyib bir qədər arxayınlaşasan, ardınca da axır vaxtlar səni beləcə, vaxtsız-vədəsiz yuxudan oyadan təkanın hardan qaynaqlandığını aydınlaşdırmağa çalışasan, yenə də ağlına xırda-para narahatlıqlar, qayğılar, dərd-azarla bağlı səbəblər yox, heç özünün də gözləmədiyin, istehzayla “müdrikanə-filosofanə” adlandırdığın fikir gələ: ömür elə beləcə, adilik, yeknəsəklik, bozluq içində ötüb-keçir, sən də bu axarın rəngini-ruhunu dəyişmək iqtidarında olmadığına görəmi, yoxsa artıq hər şeyin gec olduğunu dərk elədiyindənmi, Allahın mağmını kimi, durub maddım-maddım baxırsan, hər şeydən ümidini üzüb içində olduğun, qasırğaya düşmüş, nə vaxt sahil qayalarına çırpılıb parçalanacağını gözlədiyin gəminin sərnişininə oxşayırsan; amma bu dəfə fəlakətin baş verəcəyini gözləyə-gözləyə ötən ömrün adiliyinin, yeknəsəqliyinin, bozluğunun nədən ibarət olduğunu dəqiqləşdirməyə cəhd göstərəsən, beynindən keçirəsən ki, Allaha şükür, varlı-hallı olmasan da həyatın dibində deyilsən, beşindən əksik yaşasan da, üçündən artıq güzəran sürürsən, ailəndə, doğmalarının arasında salamatlıqdı, dəbdəbəli mənzilin, bağ evin, maşının, bankda sanballı hesabın olmasa da, xırda-para borcundan başqa elə bir maddi narahatlığın yoxdu, aqyda bir dəfə dostlarınla məclis qura, ildə bir dəfə külfətinlə yaxın xaricə istirahətə gedə bilərsən, bütün bunları da ortabab maaşınla, Allahın yetirdiyi əlavə gəlirinlə yola verirsən, bununla yanaşı, səhhətindəki xırda-para problemləri də yoluna qoysan, az qala, xoşbəxt şəxsi həyat mənzərəsi yaranar, ancaq yenə də özünü xoşbəxt-filan saymır, üstəlik, yaşadığın bunca həyatın hədər ötdüyünü güman eləyirsən...
Fikirlərinin axarı gəlib bu məqama çatanda pəncərə çərçivəsi içindəki bozluğun bir qədər yumşaldığını, aydınlaşıb həlimləşdiyini sezəsən, beynindən keçirəsən ki, hə, bir payız səhəri də açılır, adi, yeknəsəq, boz günlərdən biri başlayır, sən də durub həmişəki kimi, əvvəlcə əl-qolunu beş-altı dəfə oynadacaqsan, guya idman eləyir, sağlam həyat tərzi keçirirsən, sonra hələ yatmış arvad-uşağını oyatmamaq üçün ayaqlarının ucunda tualetə gedəcək, rahatlanıb üzünü qırxacaq, yuyunacaq, eləcə ayaqlarının ucunda da mətbəxə keçib bir stəkan şirin çayla üç-dörd loğma pendir-çörək yeyəcək, ayaqlarının ucunda da otağına qayıdıb işə hazırlaşacaq, portfelini götürüb evdən çıxacaq, yenə də erkən səhərin bozluğu içində, havanın sərinliyi canına işləyə-işləyə küçədən-döngədən keçib avtobus dayanacağına çatacaq, ordakı yarıyuxulu adamların üzlərinə baxa-baxa bir çınqı işıq axtaracaqsan, amma o işıq cinbata çəkilmiş kimi, tapılmayacaq, sən də naəlac qalıb gözləyəcək, avtobus gələndə birtəhər minib yola düşəcəksən; əgər bəxtin gətirsə (bu da ki həftədə bir, ayda üç-dörd dəfə baş verir), O Qadınla yanaşı, ya da üz-üzə oturacaq, onun axır ki, bir neçə gününə bəs eləyən işığını acgözlüklə canına çəkəcəksən; o cavan, yaraşıqlı, təmkinli qadın da, elə bil, özünün işıqpaylayan olduğunu, sənin də ondan işıq umduğunu duyur, görən kimi, dodaqlarında, həm də ala gözlərində ancaq sənin hiss eləyə biləcəyin təbəssüm peyda olur, sən də bunu salamlaşma, aranızdakı məhrəmliyin əlaməti sayırsan, beləcə də səhər erkənin bozluğu içində o işıqdan tuta-tuta gedir, əlbəttə ki, yolun bir ömür qədər uzanmasını, başa çastmamasını arzulayırsan, amma sevincin uzun sürmür, qadın mənzilbaşına səndən tez çatır, elə dodaqlarında-gözlərində həmin təbəssüm çıxıb gedir, sən də bircə onunla təsəlli tapırsan ki, ən azı, bu gününü işıq işində başa vuracaqsan; neçə dəfə də istəmişdin ki, O Qadının gedişhaqqını ödəyəsən, etiraz eləsə, deyəsən ki, bu gediş haqqı yox, işıqpuludu, ödəməliyəm ki, işığımı kəsməyəsən, amma beynində qurduğun bu planını gerçəkləşdirməyə heç cür cəsarət eləmirsən, O Qadın da dayanacağa çatanda vidalaşansayaq üzünə baxır, təmkinlə enib qələbəliyə qarışır, həmin məqamda da, elə bil, səhərin də, şəhərin də işığı yoxa çıxır, öz dayanacağına, iş yerinəcən bozluq içində, amma qəlbində O Qadının işığını qoruya-qoruya gedirsən; beynindən bir də onu keçirirsən ki, əslində, günlərin bozluğunun təbii işıqla, illah da elektrik işığıyla heç bir əlaqəsi yoxdu: axı illər təkcə payız-qış fəsillərindən ibarət deyil, yazı-yayı, işığı göz qamaşdıran, istisi nəfəs kəsən günləri də var, amma sənə elə gəlir ki, o işıqda da, istidə də nəsə boz, ruhunu tutqunlaşdıran, asta-asta iç dünyanı bürüyən durğun, ölgün hava var, gün ərzində gördüyün işlər də, rastlaşdığın adamlar da, elədiyin söhbətlər də, arabir qatıldığın məclislər də elə o bozluğun çalarlarına bürünüb...
Bu məqamda nəzərlərini pəncərə çərçivəsi içindəki bozluqdan çəkib yenə tavana dikəsən, fikirləşəsən ki, şübhəsiz, adına ömür deyilən müddət Allahın bəxş elədiyi yaşam möhlətindən başqa bir şey deyil, onu da heç özün istədiyin kimi yaşaya bilmirsən: alın yazısı, tale, qismət adlanan qaçılmazlıq var, onlardan yaxanı qurtara bilməzsən, həyat çalxantılarıyla üz-üzə gələn adamların hamısı da elə o yazılmışlara yersiz düzəliş eləmək istəyənlərdi; amma bu məsələdə qəribə bir əkslik də var: yazılmışlara düzəliş eləyib, çalxantılarla üz-üzə qalmaq, bir də alın yazısına, taleyə, qismətə boyun əyib mütləq çoxluğun “rahatlıq” saydığı kimi yaşamaq; ola bilsin, birinin alın yazısında çalxantılarla üzü-üzə gəlmək yazılıb, onda həmin adamın “rahat” yaşamaq istəyi taleyin əksinə getməkdi - bəlkə də elə sənin alın yazında məhz beləcə “rahat” yaşamaq, yəni “səhər naxıra, axşam axura” prinsipilə ömür sürmək, iş yerində “gözəl mütəxəssis”, evində “yaxşı ailə başçısı”, qıraqdasa “yaxşı adam” titulları qazanmaqdan ötrü dəridən-qabıqdan çıxmaq, lazım gələndə bütün şəxsi istəklərini qurban vermək, günlərin birində də öz əcəlinlə dünyadan köçüb bol-bol rəhmət qazanmaq var; axı bu cür tale rəva görülmüş adam böyük uğurlara, yaxud uğursuzluqlara, şiddətli sarsıntılara tab gətirə, məsələn, qəfildən “qara gün” yığdığı pulu götürüb uzaq, nağılvari ölkələrdən birinə uça, yaxud yolsuz bir qadına vurulub arvad-uşağından əl çəkə, ya da gözlənilmədən sanballı vəzifə ala, böyük idarədə külli-ixtiyar sahibi ola bilməz, çünki səndəki xəstəhal Ciddilik, abır və məsuliyyət hissi başqalarını ehtiyatlandırır, qorxudur, ona görə də asanlıqla dil tapmaq mümkün olmayan adamlara da heç kəs ürək qızdıra bilmir, bu səbəbdən də ömrün elə beləcə də ötüb-keçəcək...
Tavandakı boz rəngin çalarından hiss eləyəsən ki, artıq qalxmaq, işə hazırlaşmaq vaxtı yaxınlaşır: gözlənilməz təkanların olmadığı zamanlarda yuxudan elə bu vaxtlar oyanırsan, ötən illər ərzində eyni vaxtda yatıb eyni vaxtda qalxmağa o qədər öyrəşmisən ki, axşamlar oyaqlıq müddətin başa çatanda gözlərin öz-özünə yumulur, bədənin boşalır, səhərlər də telefonun zəngi səslənəndən bir neçə dəqiqə əvvəl oyanır, cingiltini eşidənəcən yatağının rahatlığından ləzzət ala-ala çevrikirsən; indi də təxminən beş-on dəqiqədən sonra zəng səslənəcək, onun cingiltisini kəsib bir neçə dəqiqəni rahat yatağın havasından qurtulmağa sərf eləyəcək, sonra qıçlarını çarpayıdan sallayıb uzaqbaşı, yarım dəqiqə fikirsiz-filansız oturacaq, ardınca qalxıb işığı yandıracaq, yatağını yığışdıracaq, gimnastika adına beş-on dəfə əl-qolunu tərpədəcək, əyilib qalxacaq, arvad-uşağı oyatmamaq üçün tualetə, yuyunmağa yollanacaqsan – qalanı da ki, gün kimi aydındı; indisə bu nizamı pozan yalnız gözlənilməz təkanın səni vaxtından xeyli qabaq oyatması idi; o da yadına düşdü ki, əslində, axır vaxtlar bir neçə dəfə bu cür təkan hiss eləmisən, bir-ikisinə ciddi əhəmiyyət verməmisən, yalnız üçüncü dəfə anlaşılmaz narahatlıq duyğusu keçirmisən, üçüncü dəfə baş verəndəsə, ağlına bunun təsadüfi olmadığı gəlib, amma yenə də çox uzağa getməyib, səbəbini ötən gün baş verənlərdə, həmin gün baş verəcəklərdə axtarmısan; hesabına görə, indi dördüncü təkan baş vermişdi, təbii ki, bu qədər təsadüf ola bilməzdi, bu cür vaxtsız oyanmaların mütləq bir səbəbi vardı, indiyəcən o səbəb üzərində düşünüb-daşınmamağın da lap ağlagəlməz məsələydi; lap elə düşünüb-daşınsan da, bunu elə indi çözəcəyinə heç əmin deyilsən, bəlkə ona görə də qəlbində gözlənilməz təkanı üzə çıxarıb böyütməklə, qəlizləşdirməklə, necə deyərlər, qaşınmayan yeri qaşıyıb qan çıxarmaqla bağlı tutqun səksəkə var; əlbəttə ki, bu təkan xırda, gündəlik qayğılarından da yarana bilməzdi, çünki evdə-ailədə ciddi narahatlıq doğuracaq bir vəziyyət yox idi, olsa-olsa, ötəri problemlərin vardı: kiçik kredit borcunun vaxtı gəlib çatmışdı, onu da bir az maaşından, bir az da “qara gün” üçün saxladığın ehtiyatından düzəldib ödəyəcəksən, bu dünyada elə böyük istəyin, iddian da yox idi ki, onun uğrunda canına cəfa eləyəsən; amma şübhəsiz, bu hal əbəs yerə baş verməzdi, yəqin ki, səbəbi, həm də sanballı səbəbi vardı, o səbəb də ömrünün nizamını alt-üst eləyə bilərdi...
Fikirlərinin yumağı çözələnib bu məqama çatanda da qəfildən telefonun zəngi otağın boz boşluğunda qorxunc səslə cingildəyib səni səksəndirə, gözlənilməz təkandan duyduğun narahatlığı artırıb-böyüdə, dözülməz həddə çatdıra, az qala, anlaşılmaz fəlakətin xəbərçisinə çevrilə, sən də qıçlarını çarpayıdan sallayasan, hovllü-hövllü əlini uzadıb o bədheybət zəngi susdurmağa çalışasan, həmin məqamda da vücudunun çəkisizliyinə, barmaqlarının heysizliyinə, üstəlik, əllərinin titrəməsinə heyrətlənəsən, sonra elə o vəziyyətdəcə beynindən keçirəsən ki, əslində, qeyri-adi bir şey baş verməyib, qalxmaq, hazırlaşıb işə getmək, Allahın bir gününü də yaşamaq lazımdı; beləcə qalxıb yatağını yığışdıranda da, gimnastika adına beş-on hərəkəti yerinə yetirəndə də, yenə arvad-uşağı oyatmamaq üçün ayaqlarının ucunda tualetə gedib rahatlananda da, üzünü qırxıb yuyunanda da, bir stəkan şirin çayla üç-dörd loğma pendir-çörək yeyəndə də, elə ayaqlarının ucundaca otağa qayıdıb əyninin geyinəndə də, portfelini götürüb qapını ehtiyatla çəkəndə də, küçədən-döngədən keçib dayanacağa gedəndə də o gözlənilməz səksəkəni canından qovmağa cəhd göstərəsən, amma avtobusa minəndə qəfildən o təkanın elə O Qadınla, daha doğrusu, onun dodaqlarındakı təbəssüm, gözlərindəki işıqla bağlı olduğunu dərk eləyəsən, başa düşəsən ki, ömür sona çatır, ancaq indiyəcən belə bir qadınla Eşq yaşamamısan; beynindən keçirəsən ki, düzdü, həyatında sevgiyə bənzər şeylər olub, sənin sevdiyin səni sevməyib, səni sevənləri sən sevməmisən, axırda da axara düşüb bir Allah bəndəsilə evlənmisən, arada sevgi-filan olmasa da, bir-birinizə öyrəşmisiniz, oğul-qız yiyəsi olmusunuz, eviniz-eşiyiniz, az-çox rahat həyatınız var, hətta bir çoxlarının nəzərində yaxşı yaşayırsınız, rahat, sarsıntısız-filansız ömür sürəcək, uşaqlarınızı oxudacaq, evləndirəcək, nəvələrinizi oynadacaqsınız, bununla belə, səni sarsıdan, iqtidarını əlindən alan, həyatına çalar qatan Eşq olmayıb, belə bir Eşq barədə ancaq kitablarda oxumusan, kinolarda görmüsən, söylənilənlərdən eşitmisən; fikirləşəsən ki, bəlkə elə O Qadın da sənin baxışlarını üz-gözündə hiss eləyə-eləyə bu barədə düşünür, o da ötüb-keçən ömrünün nağılvari Eşqini axtara-axtara qalıb; beynindən keçirəsən ki, bəlkə elə O Qadın da günlərin bozluğundan yorulub, amma sənin kimi, artıq həyatında nəyisə dəyişmək iqtidarında deyil: o da işə gedib-gəlir, yeyir, gəzir, dost-tanışla görüşür, ola bilsin, hamıdan gizli macəra da yaşayır, amma bütün bunları candərdi, yaşam zərurəti kimi eləyir – bunu gözlərinin dərinliklərindəki intizardan, bəlkə də yorğunluqdan, bezginlikdən duymaq olur; beynindən keçirdiyin bu fikirlərdən, O Qadınla öz aranda duyduğun ağlagəlməz yaxınlıqdan hisslərin o qədər gərilə ki, qəfildən yerindən sıçrayasan, nəzərlərin bir anlığa onun heyrət dolu gözlərinə sataşa, o gözlərdəki dilsiz doğmalıqdan əməlli-başlı çaşasan, amma dillənib bir söz demək iqtidarında olmayasan, bir də onda ayılasan ki, avtobusdan enmisən, iş yerinəcən bir neçə dayanacağı piyada getməlisən; elə dayanacaqdaca xeyli müddət yarıbayğın halda dayanasan, sonra bir qədər ayazıyıb bozluq içində gedə-gedə fikirləşəsən ki, bu gün kredit borcunun vaxtıdı, gərək işdən çıxanda yolüstü ödəyəsən, bir də qayıdanda uşaqlara meyvə almalısan...
...Axşam yatağa girəndə ayıqlıqla yuxu arasında beynindən bütün bunları keçirmişdin, o gözlənilməz təkanın dördüncüsü həqiqətən, baş vermişdi, indi oyanıb əvvəlcə yatanda yönünü çevirdiyin divarın boz üzünə, dirsəyinin ləkəsinə baxmış, sonra arxası üstə çevrilib gözlərini boz tavana dikmiş, ardınca, pəncərəyə sarı dönüb gerçəkliyə qayıtmış, nəhayət, qıçlarını çarpayıdan sallayıb qalxmağa hazır vəziyyətdə oturmuşdun, bundan sonra hər şeyin elə o nizamla da baş verib-verməyəcəyi barədə fikirləşirdin; əlbəttə, gözlənilməz təkan bu dəfə daha güclüydü, heç olmasa, ömründə bircə dəfə səni sapdıra, dübbədüz yolundan sapdıra, həm də O
Qadınla bağlı olmaya, amma həyatını tamam dəyişdirə bilərdi...
Sonra ayaqlarını yerə basıb qətiyyətlə dikəldin...
Yanvar, 2017