İran İslam Respublikasında keçirilən 35-ci Fəcr Beynəlxalq Teatr Festivalına dəvət olunan Azərbaycan Dövlət Musiqili Teatrının Təbriz səfəri uğurla davam edir.
Teatrın mətbuat xidmətindən Teleqraf.com-a bildirilib ki, İran İslam Respublikası Mədəniyyət Nazirliyi Şərqi Azərbaycan Ostanlığının mədəniyyət idarəsində Musiqili Teatrın kollektivi və Azərbaycan nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə İranın Bakıdakı Mədəniyyət Mərkəzinin rəhbəri İbrahim İbrahimi iki ölkə arasında mədəni əlaqələrin son vaxtlar daha da genişləndiyini, ortaq tarixi, adət-ənənələri, mədəniyyət bağları olan xalqlarımızın bu yaxınlığının gələcək nəsillər üçün faydalı olacağını vurğulayıb.
“Aprel ayında İran İslam Respublikasında Azərbaycan mədəniyyət günlərinin keçirilməsi nəzərdə tutulur. Tehranda, İsfahanda və Ərdəbildə Azərbaycan incəsənət ustalarının iştirakı ilə müxtəlif tədbirlər təşkil olunacaq. Habelə, müştərək tədbirlər planına həm də elmi konfransların, yubiley tədbirlərinin, seminar və görüşlərin keçirilməsi daxildir”, - deyə İ.İbrahimi qeyd edib.
Nümayəndə heyətinin rəhbəri, Dövlət Musiqili Teatrının direktoru, Əməkdar İncəsənət Xadimi Əliqismət Lalayev çıxış edərək Təbrizdə Azərbaycan tarixinə, mədəniyyətinə göstərilən yüksək diqqət və maraqdan məmnun qaldığını söyləyib, 107 yaşlı Musiqili Teatrın Təbrizə səfərinin böyük əhəmiyyət daşıdığını vurğulayıb. Bildirib ki, Təbriz teatr mühitində mühüm bir dönüş yaratmış gənc və istedadlı sənət fədaisi Babək Nəhreyn ilə işbirliyi haqqında ilkin razılığa gəlmişik. O, bu qarşılıqlı əlaqələrin hər iki tərəf üçün faydalı olacağını deyib.
İran İslam Respublikası Mədəniyyət Nazirliyi Şərqi Azərbaycan Ostanlığının mədəniyyət idarəsinin müdiri Məhəmməd Məhəmmədgur da ölkələrimiz arasında genişlənən əlaqələrə xüsusi önəm verildiyini qeyd edib.