Bir vaxtlar AzTV-nin “Səhər” verilişinin izləyicisi olmuş tamaşaçılar yəqin ki, Esmira Çərkəzqızını tanıyır.
Bir neçə il öncə hərbçi Tayyar Sayğılı ilə ailə qurub İstanbula köçən Esmira Çərkəzqızının Taylan, Kaan və Eylül adlı üçəmləri zaman-zaman Türkiyə mediasının diqqətini çəkir. Onun övladları “Möhtəşəm yüz il” serialında da epizodik rolda çəkiliblər. Acıbadəm xəstəxanasında göz açan üçəmlər Şahzadə Səlimin övladları obrazında çəkiliblər.
Teleqraf.com Esmira Çərkəzqızı ilə müsahibəni təqdim edir:
- Esmira xanım, ailə həyatı qurandan sonra Türkiyəyə köçdünüz, daha səs-sorağınız gəlmir. Jurnalistlərin bir çoxu deyir ki, nə qədər qaçmağa çalışsan da, bu peşəni buraxmaq olmur, əvvəl-axır hansısa formada yenə də jurnalistika ilə məşğul olursan. Siz necə düşünürsünüz?
- Türkiyəyə köçməzdən öncə jurnalistikadan uzaqlaşmışdım. Amma o illərdə belə içimdəki yaradıcı atmosfer rahat nəfəs almağıma imkan vermirdi. Bu yanğımı indi də kompüterimin yaddaşında qalan və heç kəsin oxumadığı yazılarla söndürürdüm. Bu mənada jurnalistlərin dediyi o fikrə haqq qazandırıram. 10 ildir jurnalistikadan uzağam, amma yenidən bu sahəyə qayıdıb-qayıtmayacağıma qərar verməmişəm.
- Bir az indiki yaşayış tərziniz barədə məlumat verməyinizi istərdim. Aktiv iş həyatından sakit həyata atıldınız. Evdar qadınsınız, üçəmlərinizi böyüdürsünüz, hər gün ev-ailə qayğıları sizi yormur ki?
- Söylədiyiniz o sakit həyat tərzini Türkiyədə ana olandan sonra çox az yaşadım. Özünüz fikirləşin: üçəmləri olan ana üçün həyat aktiv olar, yoxsa sakit? Deyərdim ki, sevinc dolu bir həyatdır. Bəzən yorucu olsa da, bu yorğunluq xoşbəxt yorğunluqdur. İndi mələklərim bir az böyüyüb, artıq sərbəst danışır və şirin danışıqları insana ayrı zövq verir. Onlarla vaxt keçirmək, övladlarıma xidmət etmək bir ayrı dünyadır və mən bu dünyamda bir ev xanımı kimi xoşbəxtəm. Mustafa Kamal Atatürkün də dediyi kimi qadının böyük vəzifəsi analıqdır və mən də bu vəzifəmdən çox məmnunam.
- Niyə istər Türkiyə, istərsə də Azərbaycan mediası ilə əməkdaşlıq barədə düşünmürsünüz? Ailə qayğıları imkan vermir, yoxsa başqa səbəblər var?
- Hazırda analıq məzuniyyətində olduğum üçün əmək qanunvericiliyinin mənə verdiyi bu imkandan yararlanıb uşaqlarıma zaman ayırır, ana nəvazişinə ehtiyacı olan övladlarımla məşğul oluram. Analıq məzuniyyətim bu il bitir və artıq özümü psixoloji olaraq iş həyatına alışdırmağa başlamışam, çünki aradan xeyli zaman keçib.
- Təəssüf ki, son vaxtlar Türkiyədə intensivləşən terror hadisələri barədə üzücü xəbərlər eşidirik. İstanbulda yaşamaq narahatlıq yaratmır ki? Türkiyəyə köçən bəzi azərbaycanlı məşhurlar terror olaylarından sonra Bakıya dönmək barədə düşündüklərini deyirlər...
- Türklər demiş, qorxunun əcələ faydası yoxdur. Əgər alın yazında ölüm yazılıbsa, dünyanın o biri ucuna da getsən, əcəl gəlib səni tapar.
- Bu yaxınlarda üçəmlərinizlə bağlı Türkiyə mediasında yeni süjet yayımlanmışdı. “Möhtəşəm yüz il” serialında epizodik rolda çəkiləndən sonra yeni təkliflər gəlibmi?
- Övladlarım erkən doğulduqları üçün Dünya Prematüre uşaqlar günündə onların doğulduğu Acıbadəm xəstəxanasının təşkil etdiyi tədbirə dəvət almışdıq. Az çəkili doğulan, amma hekayələri böyük olan yavrularımın yaşam mücadiləsi tədbiri işıqlandıran Türkiyənin ATV telekanalının çəkiliş qrupunun diqqətini cəlb etmişdi və reportaj hazırladılar. Bu da bizim üçün bir xatirə oldu. “Möhtəşəm yüz il”dən sonra seriallardan təklif gəlməyib, ancaq ətraf mühitin mühafizəsi ilə bağlı layihənin fotosessiyası üçün təklif almışıq.
- Oğlanlarınız Taylanla Kaan və qızınız Eylülün gələcəyini harada görürsünüz: Türkiyədə, Azərbaycan yoxsa Avropada?
- Təəssüf ki, həyatda hər şey istədiyimiz kimi olmur. Artıq indidən övladlarımın gələcəyini, onların təhsil və karyerasını düşünməyə başlamışam. Çox istərdim ki, onlar Avropada təhsil alsınlar, amma öz vətənlərinə xidmət etsinlər. Övladlarımın iki vətəni var və seçim onlarındır. Əlbəttə, bu, hər bir ananın övladının gələcəyi ilə bağlı ən gözəl arzusu və xəyalıdır. Amma istəklə tələb hər zaman uzlaşmır.
- Azərbaycanla bağlı məlumatları haradan alırsınız? Sosial şəbəkələrdə bir o qədər aktiv deyilsiniz...
- Xəbər portallarından, saytlardan. İnternet ən yaxın dostumuzdur. Dostumuz da hər zaman yanımızdadır.
- AzTV-yə baxırsınız? Sizin çalışdığınız dönəmdəki Dövlət Televiziyası ilə indiki arasında nə kimi fərqlər var?
- AZTV-yə baxmadığım üçün fərqi də söyləyə bilmərəm.
Nərgiz Ehlamqızı