Bu gün Yuğ Dövlət Teatrının aparıcı səhnə ustası, əməkdar artist, Prezident mükafatçısı Sonaxanım Mikayılovanın 60 yaşı tamam olur.
Teleqraf.com xəbər verir ki, Sonaxanım Mikayılova 1979-cu ildə Moskva Dövlət Kinematoqrafiya İnstitutunu (Yevgeni Semyonoviç Matveyevin emalatxanası) bitirib. Yaradıcılıq fəaliyyətinə Z.Abbasovun "Onun bəlalı sevgisi" (Xalidə) filmi ilə başlayıb.
Daha sonra o “İsmayıl bəyin sandıqçası”, “Məhbus”, “İmtahan”, “Qurama” filmlərində ana, “Sarı köynək”də Zəminə, “Köhnə bərə”də Əminə, “Kral ölüb, yaşasın kral”da kraliça, “Bakı”da jurnalist, “Əkinçi”də Hənifə xanım, “Dronqo”da Nərminə obrazlarını yaradıb.
Aktrisa 1989-cu ildən "Yuğ" teatrında çalışır. Fərdi ifa tərzinə, səhnə mədəniyyətinə və duyumuna malik olan aktrisa "Yol", "Dəli Domrul", "Yuxu", "Salam", "Savalan", "Can üstə", "Birinci akt", "Vəsl" ("Mən, Məhəmməd Füzuli..." layihəsi), "Naməlum Axundzadə", "Medeya. Sekvensiya 01" tamaşalarında maraqlı obrazlar yaradıb.
O, həmçinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğuldur.
Nərmin