6 Fevral 2017 10:59
757
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar mədəniyyət işçisi, rejissor Rafiq Dadaşov dünyasını dəyişib.

Teleqraf.com xəbər verir ki, bu barədə Dövlət Film Fondundan məlumat verilib.

Rafiq Dadaşov 20 iyul 1946-cı ildə Bakı şəhərində anadan olub. 1963-cü ildə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında fəhlə vəzifəsində işə qəbul olunub. 1964-cü ildə rejissor köməkçisi kimi işə başlayıb. Həmin il M.A.Əliyev adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatrşünaslıq fakültəsinin qiyabi şöbəsinə daxil olub və 1970-ci ildə universiteti bitirib. 1969-cu ildə Moskva Dövlət Kino Komitəsinin nəzdində olan Ali ikiillik kinorejissor və ssenarist kurslarına daxil olub. 1971-ci ilin dekabrında kursları başa vurub və III dərəcəli kinorejissor ixtisası adı alıb.

1971-1972-ci illərdə Sovet ordusu sıralarında hərbi xidmətdə olub. 1972-1995-ci illərdə "Azərbaycanfilm" kinostudiyasında rejissor vəzifəsində çalışıb. 1995-ci ildən "Aztelefilm"də işləyib. Daha sonra isə Teleradio Şirkətində, "Sabah" yaradıcılıq birliyində rəhbər müavini vəzifəsində çalışıb. 1997-ci ildən yenidən "Azərbaycanfilm" kinostudiyasına qayıdıb. 2002-ci ildə Azərbaycan Televiziya və Radio verlişləri QSC "Aztelefilm" birliiyində kinorejissor vəzifəsində çalışıb.

2016-cı ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb.

Mərhumla vida mərasimi saat 12-də kinostudiyanın həyətində - təzə binanın qarşısında keçiriləcək.

Nərmin


Müəllif: