8 Fevral 2017 23:59
7 002
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən həftələrdə, təəssüf ki, hələ də Azərbaycan vətəndaşı olan Araz Əlizadə adlı bir şəxs Bakını erməni və ruslardan azad edən Qafqaz İslam Ordusunun komandanı Nuru paşa haqqında bir sıra hədyan fikirlər söylədi.

Bu fikirlərə kifayət qədər cavab verildi, biz onları təkrarlamaq niyyətində deyilik.

Amma bir daha sevindim ki, hər dəfə Şah İsmayıl Xətayi, Məhəmmədəmin Rəsulzadə, Nuru paşa və bu kimi Azərbaycan tarixində önəmli rol oynamış şəxslər haqqında sərsəm fikirlər işlədiləndə gənclər tərəfindən ciddi təpki ilə qarşılanır və hədəfə alınan şəxsiyyətlərə böyük rəğbət yaranır.

Bu baxımdan Araz Əlizadə daxilən nə qədər Nuru paşaya, türklüyə nifrət eləsə də, buna çalışsa da, onun və onun kimi neokommunist, XI Qırmızı Ordu pərəstişkarlarının açıqlamaları əks effekt doğurur.

Necə ki, Şah İsmayıl məsələsindən sonra tarix şüuru olan, Azərbaycanı bütöv görmək istəyən gənclər, milli qüruru olan insanlar tərəfindən Səfəvi dövlətinin qurucusu daha da sevilməyə başlandı.

Azərbaycanın Türkiyə ilə daha yaxın münasibət qurmasından qıcıq olan, 500 illik keçmişi diriltmək istəyənlərin hər dəfə bu şəkildə məğlubiyyətə uğradılması milli kimliyin gənclər tərəfindən önəm daşıdığının göstəricisidir. Əlbəttə, tarix və gənclik Azərbaycanda məzhəb davası salmaq istəyənləri, eləcə də bir daha Yalamadan Bakıya ordu yeridilməsini arzulayanları heç zaman bağışlamayacaq.

Ona görə də, Rəsulzadənin məşhur sözləri ilə açdığı parlamentdə xəcalət çəkmədən əyləşən bəzi Azərbaycan vətəndaşlarının hədyan fikirlərinə çox da geniş yer verib, onları sevindirmək də lazım deyil.

***

Ona görə də mən ənənəmə sadiq qalaraq yeni əldə etdiyim materiallar əsasında Sizlərə bəzi bilgilər təqdim edəcəm.

Bu yaxınlarda əslən İrəvandan olan mühacir, II Dünya müharibəsində əsir düşdükdən sonra legioner ordusunda yer alan Cabbar Ərtürkün 1956-cı ildə Kayseridə “Zafer” mətbəəsində çap etdiyi “Anayurdda unudulan türklük” adlı kitabını əldə etdim.

C.Ərtürk haqqında Azərbaycan mühacirətinin önəmli tədqiqatçısı, türkiyəli alim Ömər Özcan bəy "Türk yurdu" dərgisinin 214-cü sayında geniş məqalə yazıb. Onun həyatı haqqında ətraflı bilgini oradan oxuya bilərsiniz.

C.Ərtürk legionerlərin çap etdiyi “Azərbaycan” qəzetində ilk yazılarını yazmağa başlayıb, Türkiyəyə getdikdən sonra isə bir neçə kitab çap edib.

Adını çəkdiyimiz kitabında isə Qahirədə olarkən Nuru paşa ilə görüşməsindən və onunla Azərbaycan haqqında danışmasından bəhs edib.

Kitabdakı həmin hissəni türkcəmizə uyğunlaşdıraraq təqdim edirəm:

“1948-ci ildə Qahirədə mərhum general Nuru paşanın (Sütlücə şəhidi Nuru Killigil) əlini öpmək üçün qayınanasının evinə getdim. Onun mənə söylədiklərini qeyd etməyi lazım bilirəm: “... Yolumuz Doğu Bəyazidə düşmüşdü. O zamana qədər mən Şərqdə xidmət etməmişdim. Türklüyün yalnız Osmanlı imperatorluğu içində olduğunu zənn edirdim. İttihad və Tərəqqinin türklük haqqındakı fikirlərini eşidir və nə qədər həqiqət olduğunu bilmirdik. Mən Şimali Afrikada Trablusda xidmət etdiyim üçün bunlar haqqında məlumatım çox az idi. İran torpaqları içərisində Savuçbulaq qəsəbəsinə gəldiyimiz gün təəccübdən özümə gələ bilmədim. Şəhərdə hər kəs türkcə danışırdı. Bunların başqa dillərinin olub-olmadığını tədqiq etmək üçün bir neçə zabit göndərdim və ana dillərinin türkcə olduğunu öyrəndim. Ondan sonra Qafqaz dağlarının ötəsinə qədər getdiyim yurdların hamısı türklərlə dolu idi. Buralardakı türklük nədən unudulmuşdu heç cür anlamadım...

Yüz nəfərə qədər zabit və əsgərlərimlə Gəncəyə vardım. Dərhal türklərin təşkilatlanması ilə məşğul oldum. Ruslar türk kəndliləri silahdan başları çıxmasın deyə onları əsgəri xidmətə aparmırdılar... Fəqət rus ordusunda bir çox türk zabiti ilə rastlaşdım. Onlar zəngin təbəqənin uşaqlarından ibarət bir zümrə idilər və ruslar bunların qabiliyyətlərindən istifadə etməyə ehtiyac duymuşdular. Fəqət kəndli və işçilərdən bir nəfər də əsgərlikdən başı çıxan yox idi. Yalnız Galiçyada almanlara qarşı savaşmaq üçün bütün müsəlman qəbilələrindən təşkil edilmiş, fəqət hərb bitər-bitməz tərksilah edilərək vətənlərinə göndərilmiş bir neçə nəfərə rastladım. Ruslar özlərindən fərqlənsinlər deyə bu diviziyaya Vəhşi Diviziya adını vermişdilər.

Azərbaycana gəldiyimiz zaman qarşılaşdığımız mənzərə belə idi. Türkləri təşkilatlandırmaq üçün çox çalışmaq lazım idi. Bu sahədə bizə rus ordusunda xidmət görmüş azərbaycanlı zabitlərin çox köməyi oldu. Onlar son hadisələrdən sonra rusların milli düşmən olduqlarını anlamışdılar. Artıq Vətən məfhumu onlarda da təşəkkül etmişdi. Nəhayət gecəli-gündüzlü çalışmalarımız səmərə verdi. Yerli türklərin damarlarındakı qan onların anadolulu qardaşlarından fərqsiz olduğunu isbat etdi. Biz çalışmalarımızda müvəffəq olduq. Bakının qurtuluşunda yerli türklər də məhmətçik olaraq iştirak etdilər. Yüz illərdən sonra ilk dəfə batılı və doğulu türklər bir bayraq altında savaşırdılar..."

C.Ərtürk növbəti səhifələrdə Azərbaycanın istilasını eşitdiyi zaman Nuru paşanının öz dilindən nə hisslər keçirdiyini yazır: “Qardaşımın şəhid olması qəlbimi nə qədər yandırdısa, Azərbaycanın istilası qəlbimi ondan da çox yandırdı. Qardaşım bir fani idi. Fəqət Azərbaycandakı türklük əbədi idi. Kaş öz həyatımı itirəydim, amma Azərbaycan türklüyün kənarında qalmayaydı”.

C.Ərtürk bu sözləri dedikdən sonra Nuru paşanın gözlərinin dolduğunu və göz yaşlarını ondan gizlətməyə çalışdığını yazır.

Beləliklə, XX əsrin əvvəllərində Azərbaycan tarixində iki ordu önəmli rol oynadı. Biri Bakını işğaldan azad edən Qafqaz İslam Ordusu, digəri Bakını işğal edən XI Qırmızı Ordu.

Bu gün Azərbaycan gəncliyi, Azərbaycanın bütövlüyünü, işğal edilmiş ərazilərinin qaytarılmasını istəyənlər yenə də Qafqaz İslam Ordusunun mirasçısı olan Türkiyə ordusunun, mahiyyəti köləlikdən yoğrulanlar isə rus ordusunun tərəfindədir.

Aprel döyüşlərində isə kimlərin bizə dəstək olduğunu gördük...

Dilqəm ƏHMƏD


Müəllif:

Oxşar xəbərlər