Bu gün Azərbaycan televiziyasının yarandığı gündür. Məhz bu gün Bakı telestudiyasından televiziya yayımı başlanıb. Əvvəlcə həftədə üç dəfə yayım olub. 1957-ci ildən həftədə beş dəfə ikisaatlıq proqram efirə çıxıb.
İlk veriliş günü ekranda gənc aktrisa Nəcibə Məlikova görünüb. Çıxışını “Göstərir Bakı!” kəlməsi ilə açan Nəcibə Məlikova tamaşaçıları televiziyanın fəaliyyətə başlaması münasibətilə təbrik edib. Həmin gün ekranda “Bəxtiyar” bədii filmi nümayiş etdirilib. İlk mərhələdə televiziya sahəsində mütəxəssislər olmadığından burada işləməyə radio, qəzet və teatr əməkdaşları dəvət ediliblər. 1956-cı ilin mayında ekranda ilk diktorlar görünüb. Ardınca diktorlar nəsli yetişib.
Teleqraf.com bu əlamətdar günlə bağlı Azərbaycan Televiziyasının peşəkar, sevilən diktorlarından olan xalq artisti Sabir Ələsgərovdan müsahibə alıb:
-Sabir müəllim, mətbuatda tez-tez səhhətinizlə bağlı xəbərlər yer alır. Özünüzü necə hiss edirsiniz?
-Yaxşıyam, çox sağ olun. Evin içində gəzirəm, amma soyuq havada çölə çıxa bilmərəm.
-Bu gün Azərbaycan Televiziyasının yarandığı gündür. Sizi təbrik edirik. Ürək sözlərinizi eşitmək istərdik...
-Televiziya bizim ikinci evimiz, ailəmiz olub. Mən 44 il – 62-ci ildən 2006-cı ilə qədər Azərbaycan radio və televiziyasında işləmişəm. Cürbəcür insanlarla: alimlərlə, müğənnilərlə ünsiyyətdə olmuşam. O zaman birbaşa efirə çıxırdıq. Çox çətin idi, amma indi şükür Allaha, televiziyalarda hər şey yaxşıdı, texnika yenilənib.
-İlk efir gününüzü xatırlayırsınız?
-Mən 6 il radioda işləmişəm. 1966-ci ildə diktor müsabiqəsi oldu, 33 nəfərin içində birinci yerə mən layiq görüldüm. 72-ci ilə qədər radioda diktor işlədim. Radioda işləyə-işləyə televiziyada da verilişlərin yazılışında iştirak edirdim. Amma ilk dəfə efirə “Xəbərlər” verilişi ilə çıxmışam. Səhəri gün sədrin yanında iclas oldu, sədr dedi ulu öndər Heydər Əliyev zəng elədi, dedi axır ki, səsi, avazı, danışığı xoşuma gələn bir adam tapıldı. Məni bəyənmişdi. Sonralar Heydər Əliyev məni özüylə səfərlərə apardı.
İndi hər kəs efirə çıxmaq istəyir. Və hər kəsi də efirə buraxırlar. Sanki bir dəb halını alıb. Müğənnilər də verilişlər aparırlar.
Bizim ilk diktorumuz Natavan Hacıyeva olub. Ondan sonra başqa diktorlar fəaliyyətə başlayıblar. Mən televiziyaya keçəndə baş diktor vəzifəsinə təyin etdilər. 30 il bu vəzifədə çalışmışam.
-Diktorlara nəyi qadağan edirdilər?
-Efirdə şitlik, yüngüllük eləmək olmazdı. Mətndən kənar sözlər deyə bilməzdin. Amma gərək hər şeyi dəqiq biləydin ki, iştirakçı ilə təmasın alınaydı. Mənim başıma o qədər belə hadisələr gəlib ki... İştirakçı həyəcandan efirdə özünü itirirdi, onda diktor cürbəcür suallarla onu özünə qaytarmağa və əsas mətndən danışmağa sövq etməli idi.
Televiziyada müsabiqələr keçirirdik. Yüz nəfərin içindən birinci turda 30, ikinci turda 15, üçüncü turda bir, yaxud iki nəfər qalırdı. Amma indi kim istəyir efirə çıxır, yüz oyun çıxarır, nə bilim, gülür, hoppanır, əl çalır. Axı bizim mentalitetimiz var, biz azərbaycanlıyıq və bu dəyəri qorumalıyıq. Məsələn, AzTV bu mənada çox yaxşıdır. Gərək bütün televiziya işçiləri AzTV-ni nümunə götürsünlər.
İndiki aparıcılar sözləri də düzgün tələffüz etmirlər.
-Yəqin daha çox AzTV-yə baxırsınız?
-AzTV-yə də baxıram, amma ən çox sevdiyim kanal ATV-dir. Bunu səmimi deyirəm. Aparıcıları da yaxşıdır.
-Bəs AzTV-nin indiki vəziyyəti sizi qane edirmi?
-AzTV həmişə məktəb olub. İndi kanalların çoxunda çalışanların əksəriyyəti AzTV-dən gedənlərdir. Ora məktəbdir, unutmaq olmaz. Roza Tağıyeva hələ də orda işləyir, Rafiq Hüseynov da ordadır. Biz artıq təqaüddəyik.
-Yenidən qayıtmaq istəyirsinizmi?
-Yox. Daha 80 yaşım var. Sonuncu iş yerim ANS idi. Orada beş il aparıcıların efir danışığı ilə məşğul oldum. Daha sonra səhhətimlə əlaqədar işləməyə taqətim olmadığına görə ərizə yazıb çıxdım.
-Ən üzücü xəbəriniz hansı olub?
-20 Yanvar. O gün işə gəldik, bizə dedilər gedin evə, bu gün işləməyəcəyik. Sonra rejissor Vasif Babayev yanıma gəldi, dedi Rozanı çağır gəlsin, xəbərləri oxumalısınız. Mən də Rozanı çağırdım. Otaqda oturub söhbət edirdik ki, televiziyanın enerji bloku partladıldı. On gün televiziya işləmədi. 20 Yanvar, Qarabağ hadisələri həyatımızın ən acı faciələri idi. Bu xəbərləri oxuyanda səsimiz qəhərdən boğulurdu.
-Daimi izlədiyiniz veriliş varmı?
-ATV-də yayımlanan seriallara həvəslə baxıram. “Vicdan haqqı” hamısından yaxşıdır. AzTV-də yayımlanan maarifləndirici verilişləri də izləyirəm.
-Televiziyalarımıza nə arzu edirsiniz?
-Efirdə yüngül hərəkətlər etməsinlər, özlərinə qayıtsınlar, azərbaycanlı olduqlarını unutmasınlar. Maarifləndirici verilişlərin sayı çoxalsın ki, gənclər baxıb, çox şeylər öyrənə bilsinlər. Televiziya həmişə məktəb olub, dərs olub, kitab olub.
Milli Televiziya Günü münasibəti ilə bütün kolleqaları ürəkdən təbrik edirəm. Hamısına can sağlığı, uğurlar və yeni gözəl verilişlər arzu edirəm.
Nərmin Muradova