"Hazırda qardaşım əməliyyatdadır. Ürəyim, fikrim ordadır".
Bu sözləri Teleqraf.com-a açıqlamasında Eldəniz Zeynalovun qızı Gülbəniz Zeynalova böyrək çatışmazlığından əziyyət çəkən qardaşı Məhəmməd Zeynalovun səhhəti barədə danışarkən deyib.
Teatr Xadimləri İttifaqında Eldəniz Zeynalovun 80 illik yubileyində iştirak edən Gülbəniz Zeynalova ikili duyğular yaşadığını deyib: "Bu gün burdayam, amma fikrim qardaşımın yanındadır. Onun vəziyyəti heç yaxşı deyil. Bir gündən bir dializ olunur. Xərci 270 manatdır. Səhiyyə Nazirliyi ilə danışmışıq, komissiya yaradılıb, dializ üçün Cavadzadə adına xəstəxanaya təyin olunub. İki üç gündən bir orda dializ olunur.
Dializ üçün boğazına salınan aparatın bir aydan bir yeri dəyişilməlidir. Aparat ya qoluna, ya da sinəsinə yerləşdirilməlidir. Qolunda qan çatışmazlığı olduğundan bu gün sinəsinə yerləşdirmək üçün əməliyyat olunur. O əməliyyatda, mənsə tədbirlə əlaqədar bura gəlmişəm. Fikrim ordadır. Qardaşımın iki böyrəyi də sıradan çıxıb. Mütləq böyrək köçürülməlidir. Amma bunun üçün də çox böyük maliyyə tələb olunur. Buna da bizim gücümüz çatmır. Çox yerlərə müraciət etmişik, amma bir nəticə yoxdur".
Nərmin