Ayın əvvəlində İstanbulda CNR kitab sərgisindən italiyalı yazıçı Dino Buzzatinin “Dağların adamı Barnabo” kitabını aldım.
“Timaş” yayınlarından çap olunan kitabın türk dilinə tərcüməçisi Elçin Kumrudur.
Buzzatini daha öncə onu dünyada məşhur edən romanı “Tatar çölü” ilə tanımışdım.
1940-cı ildə yazılan bu roman 2013-cü ildə yazıçı Aslan Quliyevin tərcüməsində “Qanun” nəşriyyatında çap olunub.
“Dağların adamı Barnabo” isə Buzzatinin ilk romanı, bir növ “Tatar çölü”nə hazırlıqdır.
***
D.Buzzati 1906-cı ildə İtaliyanın Belluno şəhərində doğulub. Atası beynəlxalq hüquq üzrə professor, anası isə venesiyalı baytar olub.
1924-cü ildə Milan Universitetinin hüquq bölümünə daxil olan Buzzati tələbəlik illərindən “Corriere della Sera” qəzetində çalışmağa başlayır, ömrünün axırına qədər jurnalistikaya davam edir, müxbir, redaktor, sənət tənqidçisi vəzifələrində yer alır.
1933-cü ildə ilk romanı olan “Dağların adamı Barnabo” (Bàrnabo delle montagne), 1935-ci ildə ikinci romanı olan “Yaşlı meşənin sirri" (Il segreto del Bosco Vecchio) yayımlanır.
1939-cu ildə hərbi xidmətə çağırılan Buzzati II Dünya savaşı dönəmində Dəniz Güclərində müxbir olaraq çalışır.
1940-cı ildə onu dünyaya tanıdan əsəri “Tatar çölü” (Il deserto dei Tartari) çap olunur.
1949-cu ildə bu əsərin fransız dilinə çevrilməsindən sonra sürətlə yayılmağa başlayır, 20-dən çox dildə yayımlanır.
1942-ci ildə hekayələrdən ibarət kitabı nəşr edilir.
1958-ci ildə çap etdiyi “Altımış hekayə” (Sessanta Racconti) kitabı İtaliyanın ən məşhur ədəbiyyat mükafatı olan Streganı alması ilə nəticələnir. Həmin il Milanda ilk rəsm sərgisini də keçirir.
1963-cü ildə son romanı “Eşq”i (Un amore) yayımlayır.
“Colombre” adlı hekayəsi 1966-da, “Poema a Fumetti” adlı rəsmli kitabı isə 1969-da çap edilir.
1964-də Almeria Antoniazzi ilə evlənən Buzzati 1970-ci ildə “Corriere della Sera”da yayımlanan bir məqaləsinə görə Mario Massai jurnalistika mükafatına layiq görülür.
1971-ci ildə “I miracoli di Val Morel” – “Val Morel möcüzəsi” adlı əsəri yayımlanan Buzzati 28 fevral 1972-ci ildə vəfat edir.
***
Tatar çölündə qalan ümidlər
“Tatar çölü” sərhəd zonasında yerləşən Bastiani qalasındakı zabitlərin həyatından bəhs edir. Qalanın şimala baxan hissəsində sonsuz tatar çölü yerləşir. Bir zamanlar Qızıl Ordalılar bu çöldə qanlı savaşlar aparıblar. Baş qərargahın da diqqət eləmədiyi bu qalanın təkcə özü deyil, orada xidmət edən insanlar da cəmiyyət tərəfindən unudulublar. Hətta orada bir il xidmət iki il kimi hesablanır. Gənc leytenant Covanni Droqo bu qalaya zabit kimi gedərkən anında oradan qayıtmaq istəyir, lakin ona cəmi dörd ay qalandan sonra bunun mümkün olacağını bildirirlər. Lakin bu dörd ay onun sonunda mayor rütbəsi aldığı onillərlə davam edən dönəmlə əvəz edilir. Çünki o, bir dəfə şimaldakı çöllüyə baxmışdı...
Şimaldakı çöllük hər zabitin yeganə ümid yeri idi. Çünki onlar da anlayırdılar ki, bu qaladan xilas yolu yoxdur. Onun üçün müəyyən bir ehtiras gərəkdir. Necə ki, zabitlərdən biri bir nəfəslik olmasa, burada yaşamağın mümkünsüz olacağını bildirir. Həmin nəfəs isə gözlənilən düşmən hücumu idi.
Orada yaşayan hər bir zabitin ürəyindəki gizli arzu bir gün boşu-boşuna keçən günlərin əvəzini çıxacaqlarıdır. Çünki onlar hərbçidirlər, uzun illərdən sonra mülki həyatın gözəlliklərinə, ən yaxın insanlarına belə yadlaşıblar. Yeganə özlərini ifadə edə biləcəkləri an isə məhz qəfil düşmən hücumudur. Aylarla hərbçilər sonsuz çöllüyü izləyir, görünən hər bir qaraltı yeni ümidlər doğurur, lakin bu ümidlər onillərlə suya düşürdü.
İllər keçir. Leytenant Droqo yaşlaşaraq, zəifləyərək mayor rütbəsi yaşına çatır. Bu müddətdə onlarla zabit həmin nəfəslikdən boylana-boylana qalaraq tərxis olunur, onların əvəzinə gənc leytenantlar qalaya təyin olunur və həmin gənclər də eyni aqibəti yaşayır. Buradan çıxış yolu yoxdur.
Və illər ötür. Covanni Droqo xəstə yatağa düşdüyündə tatar çölündə bir canlanma yaranır. Bu dəfə düşmənin gələcəyi dəqiq görünürdü. Droqonun bütün cəhdlərinə rəğmən onu xəstə hesab etdiklərindən karetaya mindirib qaladan müalicə olunmağa göndərirlər. Kimsəsiz bir karvansarada o ölümlə mübarizə aparır. İllərlə öz hərbi şərəfini yerinə yetirmək ümidi beləcə alınmır.
Bastiani qalası elə bir yerdir ki, sevdiklərindən, gözəl qızlardan, təntənəli mərasimlərdən uzaq qalınsa da, artıq orada yaşayan insan kənara çıxan kimi qalaya doğru can atır, yalnız xoşbəxtliyi orada tapır. Çünki o qalanın nəfəsliyindən boylananda sonsuz ümidlərin olduğu bir çöllük və oradan gələn düşmən ordusu və həmin düşməni yenəcək əsgər şərəfi var. Bu əsgər şərəfi illərlə orada qalıb xidmət eləməyə insanı məcbur edir.
***
Cəbbəxana gözətçiləri
“Həqiqətən, çox uzun və yorucu bir iş oldu. Bu gün baxdığım zaman bir-iki qüsur tapıram. Amma mənim üçün ən çətini bir dil axtarışı idi. Yazmağın nə demək olduğunu bu şəkildə anladım. Əsla yayımlanmayacağını düşünərək yazdığım tək kitab bu oldu”.
Dino Buzzati bunu Giuseppe Trevisaniyə ilk romanı “Dağların adamı Barnabo” əsəri haqqında deyir.
San Nicola qəsəbəsini Vallongaya birləşdirmək üçün yol çəkilməsi planlaşdırılır. Lakin bu, baş tutmur. Yol çəkilməsi üçün istifadə olunacaq partlayıcılar mağara kimi bir yerə qoyulur. Bir gün kəşfiyyata çıxan hərbçilər bu yeri görürlər və buranı cəbbəxanaya çevirirlər. Buranı isə meşənin mühafizəçəçiləri qorumağa məcbur olur.
Barnabo da o gözətçilərdən biridir. Dağlarda isə bu cəbbəxananı ələ keçirmək istəyən oğrular var. Zaman-zaman bu oğrularla bağlı qəsəbədə şayiələr dolaşır, əfsanələr yaranır.
Eynilə Bastiani qalasında olduğu kimi meşə qoruyucularının qaldığı evdə də ancaq bir iş vardı: gözləyiş.
Bastiani qalasındakılar kimi buradakılar da bir gün düşmənlə qarşı-qarşıya gələcəklərini gözləyirlər. Belə də olur, oğrular onların evlərinə hücum edirlər. Barnabo bunu görsə də, qorxusundan gizlənir və bu utancla yaşayır.
Onu qorxusuna görə deyil, xidməti yerində olmadığına görə işdən çıxarılar. Uzun müddət başqa yerdə çalışan Barnabo bir gün yenidən dostlarının yanına dönməli olur.
Nəhayət, o dağda bir gün oğrularla rastlaşır. Vaxtilə duyduğu utancın qisasını almaq üçün tüfəngi onlara doğru yönəldir. Lakin atəş açmır...
Çünki nəhayət, cəbbəxananın mənasızlığı anlaşılmış və cəbbəxana boşaldılmışdı. Artıq bura nə oğruların işinə yarayırdı, nə də ki gözətçilərin. Cəbbəxana yoxdursa, artıq təhlükə də yox idi. Oğrular bunu görüb geri dönürlər, bütün əfsanələr bitir...
Roman müəllifin ilk kitabı olması baxımından “Tatar çölü”nün yanında çox sönükdür. Bu roman çap ediləndə İtaliyada duçe Benito Mussolini hakimiyyətdə idi. Belə bir dövrdə yazıçının bir mənasız cəbbəxananın timsalında silahlanmaya qarşı çıxması gözardı edilməməlidir.
Dilqəm ƏHMƏD