Bolşeviklər Azərbaycan Cümhuriyyətini işğal etdikdən sonra ölkədə milli və dini bayramlar qadağan edilir. Novruz bayramı da 1960-cı illərə qədər bu qadağalardan nəsibini alır. Lakin mühacirətdə Azərbaycan davasını aparanlar bu bayramı orada da yaşadır, müxtəlif tədbirlər keçirir, məqalələr yazırlar.
“Azərbaycan” jurnalının 1954-cü il mart sayında çap olunan “Novruz bayramı” adlı məqaləsində Məhəmmədəmin Rəsulzadə yazır:
“Müstəqil Azərbaycan hökuməti zamanında Novruz milli bir bayram olmaqla rəsmi şəkildə qeyd olunurdu. Həmin gün bütün millətlə yanaşı, dövlət müəssisələri də çalışmazdı. Hökumət tərəfindən mərasim keçirilər, ordunun rəsmi keçidi baş tutardı... Türkçülük və millətçilik yoluna qədəm basan Azərbaycanda Novruz bayramı Cəmşid və ya şiə Səfəvi gələnəklərinə deyil, Ergenekon əfsanəsinə bağlanılır, adına da Qurtuluş bayramı deyilirdi... Azərbaycanda Qurban və Ramazan bayramlarından daha parlaq bir şəkildə qeyd olunan bu bayramın millətçi mətbuat və nəşriyyatlardakı adı “Yeni gün” və ya “Qurtuluş bayramı” idi... Yaxın bir gələcəkdə Hörmüzdün yazdığı zəfər günündə Sovet “Ergenekon”undan qurtulacaq Azərbaycanda yeni bir günün gələcəyinə - Novruzun təkrar bayram ediləcəyinə şübhə etməyəlim”.
Rəsulzadə bu yazısında Novruz bayramında keçirilən adətlərdən bəhs edir, həmçinin Novruzun tarixinə, müxtəlif əfsanələrə toxunur:
“Türkiyədəki Şəkər (Ramazan – D.Ə) bayramı kimi Azərbaycandakı Novruz bayramı da üç gün davam edər. Bütün ailələr bir-birilərini evlərində ziyarət edər, bayramlaşarlar”.
“Azərbaycan” jurnalının 1952-ci il aprel – ilk sayında mühacir Əbdülvahab Yurdsevərin Novruz günü ilə bağlı keçirilmiş tədbirdəki çıxışı çap olunub. Həmin çıxışda Əbdülvahab bəy “Ergenekon” əfsanəsini detallı şəkildə izah edir və sonda ümid bəxş edir:
“28 may 1918-də xarici güclərə qələbə çaldıq, istiqlalımıza qovuşduq. Bu, bizim ilk qurtuluş günümüzdür. Fəqət 27 aprel 1920-də yurdumuz təkrar qaranlığa büründü. Əlbəttə, yeni yetişən vətən bozqurdları sayəsində son qurtuluş günümüz də gələcəkdir. Bu ümid və əməllə hamınızın Ergenekon bayramı qutlu olsun”.
Ə.Yurdsevər “Azərbaycan” jurnalının 1956-cı il mart sayında “21 mart Qurtuluş bayramı” adlı yazısında isə Sovetlərin bütün qadağalara baxmayaraq, xalqın bayramı qeyd etməsinə mane ola bilmədiklərini yazır:
“Zamanın və məkanın bu əziz gün üzərində heç bir təsiri olmadığı kimi rus-bolşevik istibdadının Novruz əleyhinə 36 ildən bəri apardığı çirkin propaqanda heç bir nəticə verməmişdir”.
Mühacir Əziz Alpoud isə “Çınaraltı” dərgisinin 1943-cü il, 79-cu sayında Novruzla bağlı yazdığı məqaləsinin adını “Bozqurd bayramı” adlandırıb. Məqalədə ətraflı şəkildə Novruz adətlərindən bəhs edən müəllif hətta ayların adları ilə bağlı təklif də verir:
1. Boran
2. Donar
3. Yeni
4. Yağışlar
5. Çiçəkli
6. Biçən
7. Sovuran
8. Qovuran
9. Əsən
10. Yarpaqsız
11. Qaryağdı
12. Qışbasdı
Əziz Alpoud yazır: “Böyüklər də bayramlaşdıqdan sonra kənd meydanına toplaşarlar. Orada ağsaqqalların hüzurunda at çapar, cıdıra çıxıb yarış keçirərlər, məharətlərini göstərərlər, qılınc oynadıb, güləşərlər... Bütün bu gözəl ənənələr Yeni gün (Bozqurd) bayramının məzhəblə heç bir əlaqəsi olmayan böyük və xalis türk bayramı olduğunu göstərir”.
Mühacirlər Novruz gününü, adətən, hər hansı bir məkanda toplanıb qeyd edərdilər. “Azərbaycan” jurnalında, eləcə də, Azərbaycan Kültür Dərnəyinin çap etdiyi broşürlərdə, kitabçalarda bu tədbirlər barədə məlumat verilərdi.
Kolleksiyamızda 28 mart 1970-ci ildə keçirilmiş bir tədbirin kitabçası var. “Azerbaycan Ergenekon Folklor Şənlikləri” adlanan kitabçada Azərbaycan haqqında bilgilər verilib, milli şeirlər çap edilib. Kitabçadan məlum olur ki, Ankara Atatürk Spor Salonunda Ergenekon günü ilə bağlı tədbir keçirilib...
Dilqəm ƏHMƏD