1 Aprel 2017 23:11
560
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 1-də Bakıda Frankofoniya həftələrinin təntənəli açılış mərasimi keçirilib.

Teleqraf.com Azərtac-a istinadən xəbər verir ki, açılış mərasimində dövlət və hökumət rəsmiləri, ölkəmizdə akkreditasiya olunmuş diplomatik korpusun nümayəndələri, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Beynəlxalq Muğam Mərkəzində baş tutan tədbir Azərbaycan, Fransa və Yunanıstanın birgə təşkilatçılığı ilə gerçəkləşib.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyev çıxış edərək tədbirin əhəmiyyətindən danışıb.

Vurğulanıb ki, bu tip tədbirlər ölkələr arasında mədəni əlaqələrin inkişafına töhfə verməklə yanaşı, qarşılıqlı əməkdaşlığın inkişafına zəmin yaradır.

Ölkəmizdə reallaşan beynəlxalq mədəniyyət tədbirlərindən söz açan natiq deyib ki, belə layihələr Azərbaycanla iştirakçı ölkələr arasında mədəni əlaqələrin daha da genişlənməsinə təkan verəcəkdir.

Fransa və Yunanıstanın Azərbaycandakı səfirləri xanım Aureliya Buşez və Dimitrios Tsounqas Bakıda Frankofoniya həftələrinin təşkilini yüksək qiymətləndiriblər.

Bildirilib ki, keçən il bu layihədə iştirak edən ölkələrin sayı 8 olub, bu il isə bu rəqəm 10-a çatıb. Bu layihənin müstəsnalığı ölkələrin çoxsaylı mədəniyyət tədbirləri ilə iştirak etməsidir.

Vurğulanıb ki, aprelin 22-dək davam edəcək Frankofoniya bayramında bu dəfə Belçika, Misir, Fransa, Yunanıstan, Macarıstan, Litva, Mərakeş, Meksika, Rumıniya və İsveçrənin Azərbaycandakı səfirlikləri bir araya gələcəklər.

Qeyd olunub ki, həmin səfirliklər Beynəlxalq Frankofoniya Təşkilatının üzv və müşahidəçi ölkələrinin səfirlikləridir və onlar Frankofoniya həftələri ərzində Bakıda çoxsaylı mədəni tədbirlər təşkil edəcəklər.

Sonra tanınmış xanəndə Qoçaq Əsgərov, fransalı musiqiçilər Pierre de Tregomain və Eleni və Souzana Vougiouklinin iştirakı ilə konsert proqramı təqdim olunub.

Konsertdə Azərbaycan xalq və bəstəkar mahnıları ilə yanaşı, yunan və fransız musiqiləri də səslənib.

Tədbirdə musiqiçilərə Beynəlxalq Avrasiya Mətbuat Fondunun diplomu təqdim olunub.

Qeyd edək ki, Frankofoniya termini ilk dəfə 1880-ci ildə işlədilib. Fransız coğrafiyaşünası Onezim Reklu fransız dilində danışan bütün insanlardan bəhs edərkən bu termindən istifadə edib. Beynəlxalq Frankofoniya Təşkilatı fransız dilini və ümumi dəyərləri bölüşən 84 ölkədən (58 üzv və 26 müşahidəçi) ibarətdir. Təşkilatın əsası 1970-ci ildə qoyulub. 1992-1996-cı illərdə BMT-nin baş katibi olmuş Butros Butros Qali təşkilatın ilk rəhbəri olub.


Müəllif:

Oxşar xəbərlər