Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyədə yaşayan azərbaycanlı aktrisa Məlahət Abbasova Amaliya Pənahova ilə arasında olan qalmaqal haqda danışarkən deyib.
Məlahət Abbasova məsələ ilə bağlı ilk açıqlamasında sənət adamlarının bir-birinin ünvanına belə sözlər söyləməsini doğru hesab etməyini dilə gətirib: “Çox gülməli, ucuz söhbətlərdir. İstəsəm, estetik əməliyyat etdirə bilərəm. Üstəlik, Türkiyədə əməliyyat ucuzdur”, - deyib. Son açıqlamasında isə heç bir qalmaqala getməyəcəyini, Amaliya xanımı çox sevdiyini deyib:
“Amaliya xanım çox dəyərli bir sənət adamıdır. Bir zamanlar Akademik Milli Dram Teatrının ən ağır yükünü çiyinlərində daşımış qiymətli aktrisamızdır. Onu səhnədə görmək üçün insanlar tamaşalara gedərdi. Mən o vaxtları çox yaxşı xatırlayıram. Ona həmişə heyranlıqla baxardım. Bizim böyüyümüzdür. Nə deyirsə, doğru deyir.
Ona sonsuz sevgim və hörmətim var. Onun sənət adına atdığı addımlarına böyük qiymət verirəm. Allahdan Amaliya xanıma sağlıq arzulayıram. O heç vaxt yeri doldurulmayacaq bir sənət adamıdır. Bu söylədiklərimə hörmətlə yanaşılmasını istəyirəm. Amaliya xanım mənim gözümdə hər zaman gözəl bir qadın olub və olacaq. Bu sözlərimdən yeni qalmaqal yaranmamasını istəyirəm. Çünki onu sevirəm”.
Qeyd edək ki, xalq artisti Amaliya Pənahova verilişlərin birində qonaq olarkən Məlahət Abbasovanı özünə baxmamaqda günahlandıraraq, ona irad tutmuşdu: “Ola bilər pulu olmadığına, yaxud da istəmədiyinə görə əməliyyat etdirmir. Amma onun özünə diqqət yetirməsinə ehtiyacı var”.
Pərvin