3 May 2017 15:29
1 832
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yüz ilə yaxındır Azərbaycanda danışılan dilin necə adlanması ilə bağlı müzakirə və mübahisələr gedir. Üzeyir Hacıbəylinin felyetonlarından tutmuş 1995-ci ildə qəbul olunmuş Konstitusiyaya qədər bu məsələ daim gündəmdə olub. Azərbaycan Cümhuriyyəti və Sovetlərin ilk illərində dövlət dili Türk dili adlansa da, daha sonra Azərbaycan dili anlayışı önə çıxdı. Müstəqilliyin ilk illərində dilimiz yenidən Türk dili adlansa da, az sonra qanuni şəkildə Azərbaycan dilinə çevrildi.

"Azərbaycan dili" ilə yanaşı bir də "azəricə" ifadəsi var - ən çox qəbul edilməyən anlayış budur. "Azəri" və "azəricə" ifadələri bu gün Türkiyə də daxil olmaqla, dünyanın bir çox yerlərində işlədilir.

Zamanla Azərbaycan alimləri, siyasiləri buna qarşı çıxıblar.

Araşdırmamız nəticəsində, Türkiyədə yaşamış mühacir, tanınmış dilşünas, professor Əhməd Cəfəroğlunun "Çınaraltı" dərgisində 1942-ci ildə yayımlanmış bir yazısına rast gəldik. Əhməd Cəfəroğlu bu yazısını o zamankı Berlin radiosunda işlədilən "Azəricə xəbərlər" başlığına etiraz olaraq yayımlayıb.

Teleqraf.com həmin yazını təqdim edir:

***

“Yeni dünya” məcmuəsinə xatırlatma

Başqalarının milli varlığına və davasına qarşı xoş niyyətindən, hörmətkarlığından şübhə etmək istəmədiyimiz Fremdsprachen Dienst Verlag-ın türkcə nəşr etdiyi "Yeni dünya" adlı məcmuəsinin 1942-ci il yanvar nüsxəsində indilik bəhs etmək istəmədiyimiz yanlış bir xəritədən başqa, "Berlin radiosu xəbər yayımı" hissəsində "Türkcə" ilə yan-yana bir də ayrıca "AZƏRİCƏ XƏBƏRLƏR" təbirinə təsadüf edilməkdədir.

Bu qeyd bizə türkcədən başqa bir də "azəricə" adlanan bir dilin mövcud olduğunu xatırlatmaqdadır. İlk baxışda kiçik bir diqqətsizlik kimi görünən bu qeyd həqiqətdə mövcud olmayan bir dilin yenidən cücərdilməsinə cığır açmaq və milli türk kültür davasına bir əngəl yaratmaq məqsədinə xidmət etmiş olur. Milli davamıza daban-dabana zidd olan bu hadisə ilə bağlı kiçik bir izahat verəcəyik, Berlin radiosu idarəsinin də bunu əhəmiyyətlə diqqətə alacağını qüvvətlə təxmin edirik.

Məlum olduğu kimi, müxtəlif tarixi səbəblərlə Türk dünyası bütün əzəməti ilə böyük bir coğrafi əraziyə yayılıb və müxtəlif millətlərin istilasına uğramaqla yanaşı, öz milli varlığından, xüsusilə, ana dilindən zərrə qədər də vaz keçməyib. Bunun ən böyük dəlili, coğrafi uzaqlığına baxmayaraq bu gün Daşkənd türkünün İstanbul radiosu yayımını anlamaqda bir çətinlik çəkmədiyi kimi, təkcə Araz çayının Türkiyədən ayırdığı Azərbaycan Türklərinin də İstanbul türkcəsini anlamaqda heç bir çətinlik çəkməmələridir.

Eyni şərtlər ərəb dünyası üçün də keçərlidir. Böyük əraziyə və bir-birindən uzaq qitələrə yayılmış ərəb dünyasının eynilə türk dünyası tək bir türkcəyə bağlı olduğu kimi, yalnız bir ərəbcə dili var. Necə ki, Berlin radiosu bu həqiqət qarşısında öz xəbər saatlarında bütün ərəb dünyası üçün yalnız bir ərəbcə ilə yayımlanmaqda və məsələn, ərəbcədən başqa bir də "suriyaca" və ya "iraqca", "misircə", "mərakeşcə" kimi yeni dillər uydurmamaqdadır.

Bu surətlə Berlin radiosunun Misir, Fələstin, Suriya, İraq və Ərəbistan ərəbcəsinin bir olduğuna qane olduğu halda, bütün türklərin tək bir dildən istifadə etdiklərinə qane olmadığını göstərir. Görəsən, niyə? Müxtəlif qəbilələrə ayrılmış olan almanlar qədər müxtəlif şivələrdə danışan bir millət Avropada mövcud olmadığı üçün müxtəlif səmtlərin türklərinin danışdıqları ləhcə və şivələrin türkcədən ibarət olduğunu ən başda onların anlamaları lazım gəldiyi halda, "azəricə" deyəcək qədər aşırı bir xətaya düşmələri görəsən, nədəndir? Berlin radiosundan anlamaq istədiyimiz budur.

Berlin radiosuna qısaca xatırladım ki, alman şərqşünaslarının da müttəfiq olduqları fikrə görə, "azəricə" deyilən bir dil yoxdur. Ancaq hər hansı bir dilin müxtəlif məhəlli nüansları daşıyan şivələri və ağızları olduğu kimi, Türk dili də bir çox məhəlli şivələrə və ağızlara malikdir. Azərbaycanda danışılan şivə də kiçik fərqlər olmaqla bərabər böyük türkcənin bir şivəsi və ya ağızlarından biridir.

Mahiyyət etibarilə Türk şivələri arasında İstanbul türkcəsindən, yəni Türkiyə radiosunda danışılan türkcədən ən az fərqi olanı da Azərbaycan şivəsidir. Bundan dolayı, 1918-ci ildə istiqlalını elan edən Azərbaycan Cümhuriyyəti rəsmi dövlət və ədəbiyyat dili olaraq yalnız İstanbul şivəsini qəbul etmişdi və bu gün hansı sahədə olursa-olsun, Berlin radiosunun "azəricə" dediyi türkcə, tam İstanbul şivəsinin eynisidir.

Bütün bunları diqqətə aldıqda, "azəricə" adlanan bir türkcənin mövcud olmadığı meydana çıxır.

Berlin radiosu öz fikrində israr edərsə, ona deyəcək bir sözümüz qalmaz. Biz də Berlin radiosunun türk dili ilə bərabər türk millətini də parçalamağı qarşısına məqsəd qoyduğuna inanmaq məcburiyyətində qalacağıq. Belə olduqda, Türkiyə radiosu da, məsələn, günün birində xəbər saatlarında "almanca", "vyanaca", "bavariyaca", "şlezyaca" və s. kimi yeni icad edilən alman dilləri ilə xəbərlər yayınlayarsa, Berlin radiosunun artıq heyrətə düşməyə bir haqqı qalmaz.

"Çınaraltı" dərgisi, 1942, 33-cü say.

Hazırladı: Dilqəm ƏHMƏD


Müəllif:

Oxşar xəbərlər