Teleqraf.com Bakı Dövlət Universitetinin müəllimi, fəlsəfə doktoru Hüseyn Məmmədovla müsahibəni təqdim edir.
– Hüseyn müəllim, neçə ildir Bakı Dövlət Universitetində dərs deyirsiniz?
– Otuz dörd il...
– Tələbələriniz sizdən çox sərt müəllim kimi danışıırlar. Çəkinirlər, qorxurlar... Sizcə, bir universitet müəllimi beləmi olmalıdır?
– Bilirsiniz, təhsilimiz ona görə ölü vəziyyətdədir ki, bizdə nizam-intizam qaydaları yoxdur. İntizam olmayan yerdə nə savad olacaq, nə elm, nə də sənət. Təbii, ideal insan yoxdur. Mənim də nöqsanlarım var. Amma özümü yaxşı alim hesab edirəm. Tələbə müəllimdən qorxmasa, heç nə öyrənə bilməz. Nəyə görə əsgərliyi kişilik məktəbi hesab edirlər? Çünki orda güclü intizam var. Bu gün isə çox yerlərdə çalışırlar, əlləşib-vuruşurlar ki, nizam-intizam olmasın.
Sən də mənim tələbəmsən. Özün də bilirsən ki, bütün tələbələr mənim dərsimə gəlir. Niyə? Çünki bilirlər ki, gəlməsələr, Hüseyn müəllim güzəştə getməyəcək.
– Güzəşt heç bir halda mümkün deyil?
– Gecikən tələbə dərsə mane olur. Nəinki tələbə, dekan, dekan müavinləri, hətta rektor, hətta nazirin belə dərsin gedişini pozmağa, qapını açıb içəri girməyə ixtiyarı yoxdur. Yəqin baxıbsan, "Dəli Kür" filmində rus Əhmədi tutmağa gələndə gözləyirlər ki, dərsini keçib qurtarsın, sonra qandallayıb aparsınlar.
Axı dərs prosesində planşetdə, telefonda oyun oynayan, yazışan tələbə nə öyrənəcək? Tələbə əxlaq normalarına riayət etməlidir. Qiymətə gələndə isə... Vallah, məndən yüksək qiymət yazan, məndən çox güzəşt edən müəllim yoxdur.
– Siz də müəllimlərinizdən qorxubsunuz?
– Yadıma gəlir, səkkizinci sinifdə oxuyanda müəllimim qulağımın dibindən bir şillə vurmuşdu, cingiltisi hələ də getmir.
– Niyə vurmuşdu ki?
– Sən demə, müəllim məni sinifdən qovubmuş. Amma eşitməmişəm. Sinif yoldaşlarım soruşdu ki, niyə çıxmadın? Dedim, eşitməmişəm. İnan, müəllim elə şillə çəkib ki, hər iki qulağım batıb. (gülür) Və mən beləcə Hüseyn müəllim oldum.
– Vurub-tutmaqdan keçək savada, biliyə. Heç tələbənizin sualı qarşısında aciz qaldığınız olub?
– Sokrat deyir, bir onu bilirəm ki, heç nə bilmirəm. Bəlkə tələbə elə şey bilir, mənim ondan xəbərim yoxdur. Uşaqlara həmişə deyirəm ki, nə sualınız var, verin. Bilməsəm, öyrənib cavab verəcəyəm. Nə qədər oxuyursan oxu, sən onsuz da kamil ola bilməzsən. Tam kamil olan yalnız Allahdır. Ondan başqa heç kim hər şeyi bilə bilməz.
Tələbələrin siyasi suallarından isə həmişə qaçmışam.
– Hüseyn müəllim, fəlsəfədən dərs deyirsiniz. Hər halda belə bir sual verməyim vacibdir. Allahın varlığına inanırsınız?
– Əlbəttə. Allaha inanır və varlığını, təkliyini qəbul edirəm.
– Bəs dini inancınız necə, varmı?
– Bütün dinlərə hörmətlə yanaşıram. Quranda yazılır ki, ya Məhəmməd, göndərdiyim kitab səndən əvvəlki iki kitabın varlığını təsdiq edir. Mən istəsəydim, insanların hamısı bir dinə inanc gətirərdilər. Amma istədim, onlar yarışsınlar və sonda hamısı mənə iman gətirsin.
– Bəs Quranda yazılanların hamısını şərt kimi qəbul edirsiniz?
– Nəinki Quranı, Tövratı da, İncili də dəfələrlə oxumuşam və çox gözəl bilirəm. Hətta maşında uzun yol gedəndə Qurana səsli formada qulaq asıram. Mən Quranı üç formada qəbul edirəm. Birincisi, Quran Allahın Cəbrayıl vasitəsi ilə Məhəmməd peyğəmbərə göndərdiyi ayələr və onun hökmləridir. O hökmlər ki, islamı qəbul edən şəxslər onu yerinə yetirməlidir. İkincisi, Məhəmmədin həm oğulluğu, həm də katibi Zeyd peyğəmbərlə hara getmişdi və nə görmüşdüsə onu yazırdı. Çünki Quranda "biz" ifadəsi var. Biz getdik, biz gördük və s. Bunlar ayə deyil, yəni Allahdan gəlməyib. Və yaxud deyir, İbrahim gəldi həyətə, gördü bir neçə adam var. Soruşdu ki, siz kimsiniz? Dedilər ki, Allahın mələkləri. Soruşdu ki, nə istəyirsiniz? Dedilər ki, Allahdan müjdə gətirmişik. Nə müjdə? Cavab verdi ki, o müjdəni ki, sizin uşağınız olacaq. İbrahimin qoca qadını gülümsünür və deyir ki, mən necə uşaq sahibi ola bilərəm? Doxsan yaşında qadınam. Onlar isə dedi ki, Allah hər şeyə qadirdir!
– Bunlar hədislərdir?
– Xeyr! Hədis tamam başqa şeydir. Quranda yazılanları hədis adlandırmaq olmaz. Bunlar sadəcə nağıldır. Bu nağıllardan Tövratda da var, digər kitablarda da. Peyğəmbər və Zeyd ibn Sadiq Allahdan gələn hökmləri Quranda İncillə, Tövratla zənginləşdirib, təkmilləşdirib. Və buna görə də biz deyirik ki, Quran bütün dini kitabların ən alisi, ən zənginidir.
– Dediniz ki, Quranı üç formada qəbul edirəm. Amma ikisini dediniz, biri qaldı.
– Üçüncü forma belədir. Peyğəmbərin vaxtında Quran olmayıb. Bunlar sonralar yığılıb, kitab halına gəlib. Bu proses 634-cü ildə Ömərin hakimiyyətə gəlməsi ilə başlanıb, 656-cı il – Osmanın vaxtında isə tam başa çatıb. 609-632-ci illərdə nazil olub, 634-656-cı illərdə toplanıb. Maraqlıdır ki, nazil olma və toplanma vaxtı eynidir - 23 il.
Yenə deyirəm, Məhəmməd peyğəmbərin vaxtında Quran olmayıb. Və Quran Qədir gecəsi nazil olmayıb. Bu cür düşünən insanlara yazığım gəlir. Bunu isə fanatik dindarların yanında deyəndə sənə kafir kimi baxırlar.
– Qurana sadəcə, konstitusiya demək olarmı? Həyat, yaşamaq haqqında qanunlar toplusu...
– Quranda öyrənməli çox şey var. Onu hər dəfə oxuyanda elə bil təzədən oxuyursan. Əl Bəqərə – İnək surəsinin ikinci ayəsində deyilir ki, İbrahimin qövmü görür, onların Allahlarını öldürüblər. Soruşurlar ki, bunu kim edib? Deyirlər ki, İbrahim adında gənc var, o, edib. Əslində, ona biz İbrahim deyirik, adı Avraamdır. İbrahim deyir ki, mən sındırmışam. Demirsiniz ki, böyük allahlardır, elədirsə, allahların böyüyünə toxunmamışam, qoy onları diriltsin. Və Quranda deyilir ki, ya peyğəmbər, İbrahim nə xristiandır, nə iudaist.
– Konkret olaraq müsəlman kimə deyilir?
– Kim Allahın təkliyini qəbul edirsə, ona müsəlman deyilir. Çünki Quranda Allah deyir ki, İbrahim ilk müsəlmandır.
– Məhəmməd peyğəmbər həm də bir şəxsiyyət idi...
– Məhəmməd peyğəmbər öz dövründə çox uzaqgörən, ağıllı bir insan olub. Bu, həm də ona görədir ki, çox ağıllı Zeyd ibn Sadiqi oğulluğa götürüb. Onu elə-belə özünə katib eləməmişdi ki... Quranı biz düzgün qəbul etmirik. Onu ölülər üçün yox, dirilər üçün oxumaq lazımdır. Orada öyrəniləsi çox şey var. Amma bəziləri, ona heç toxunmur, öpüb gözünün üstünə qoyur, ancaq and içmək üçün istifadə edir.
– Ateistlərə münasibətiniz maraqlıdır...
– Əlbəttə, onlara da hörmətlə yanaşıram. Bu da onların baxışıdır. Əgər günahı varsa və cənnət-cəhənnəm deyilən şey varsa, cəzanı ateistlər çəkəcək. İnanmırlar, heç inanmasınlar.
– Özləri inanmırlar, bəs ateizmin təbliğatı ilə məşğul olmaq necə, məqbuldur?
– İndiki dövrdə heç kim ateizmin təbliğatı ilə məşğul ola bilməz! Bu təbliğat üsulu yalnız sovet dövründə dövlət səviyyəsində aparılırdı. İndi kimsə elə təbliğat aparsa, vurub başın-gözün əzərlər. (gülür)
– Hüseyn müəllim, elm odur ki, hər şey faktlarla sübut olunur. Din isə inamla bağlıdır. Bəs fəlsəfə nədir? Bəzən deyirlər ki, fəlsəfə elmlə dinin arasında boş ərazidir.
– Pozitivistlər elmlə din arasındakı boş ərazini fəlsəfə adlandırır. Fəlsəfə dünyagörüşdür. Vaxt vardı ki, bütün elmləri fəlsəfə adlandırırdılar. Sonralar fəlsəfəni Kral Lirə bənzətdilər. Kral Lirin üç qızı olur. Hər qızı ailə quranda krallığının bir hissəsini ona pay verir. Sonda isə özünə heç nə qalmır.
Hər sahənin öyrəndiyi predmet var. Fəlsəfə təbiətin, cəmiyyətin və təfəkkürün ən ümumi inkişaf qanunlarını öyrənir. Fəlsəfəni öyrənən adam bütün elmləri çox rahat öyrənə bilər.
– Maraqlıdır, filosof kimlərə deyilməlidir?
– Yaşından asılı olmayaraq hər şeyi bilən, müdrik insanlara.
– Axı bizə kim fəlsəfə fakültəsini bitirirsə, onu filosof hesab edirlər...
– İllərlə universitetə gəlməyib hüququn diplomun alana hüquqşünas deyə bilirlər, fəlsəfəni oxuyana niyə filosof deməsinlər? (gülür)
– Siz özünüzü filosof hesab edirsinizmi?
– Kim ki özünü filosof, böyük alim hesab edirsə, demək o, yanlış fikirdədir. Buna tarix qiymət verməlidir. Mən fəlsəfə müəllimiyəm. Bu mənada özümü ətrafımdakı adamlardan çox-çox üstün sayıram. Oxuduqlarımı, bildiklərimi isə tələbələrimə öyrədirəm.
Azərbaycanda ilk fəlsəfə dərsliyinin müəlliflərindən biri mənəm. Fərrux Ramazanovun redaktəsi ilə nəşr olunub və bütün fəlsəfə dərsliklərindən üstündür. Sosiologiya, politologiya, antropologiya dərsliklərinin müəllifiyəm. İki-üç ildir Kanadada, Amerikada məqalələrim dərc olunur, yaxınlarda Berlində məqaləm çap olunub.
– Müəllim, ruhu qəbul edirsinizmi? Cənnət, cəhənnəm sizin üçün nə deməkdir?
– Ruhun varlığına inanıram. Amma cənnət, cəhənnəm ifadələrini qəbul etmirəm. Onlar boş-boş şeylərdir.
– Deyirsiniz ki, ruhu qəbul edirəm. Bəs ruh xoşbəxt və ya bədbəxt olacaqsa əslində, cənnət və cəhənnəm də qəbul olunmalı deyil? Düz demirəm?
– Deyirlər ki, cənnət və cəhənnəm axirətdə olacaq. Bəs axirəti görən olubmu? İnsanı təşkil edən iki əsas ünsür var: cisim və ruh. Vəssalam. Cisimdə ruh olmasa, insan yaşaya bilməz. Bəzən ruhla şüuru eyniləşdirirdilər. Amma bunlar tamam başqa-başqa şeylərdir. Məsələn, ağacın, pişiyin... Ümumiyyətlə, bütün canlıların ruhu var. Ruh özü can deməkdir.
– Ruhu qəbul edirsinizsə, bəs insandan başqa digər canlılar öləndən sonra ruhları hara gedir?
– Dedim axı, Qurandakı cənnət, cəhənnəm ideyasını qəbul etmirəm. Quranın özündə dörd cənnət növü göstərilir: Ədn cənnəti, Məva cənnəti, Nəim cənnəti, Firdovs cənnəti. Yazılıb orda ağaclar, çiçəklər, bulaqlar, çaylar var.
– Hətta ahu gözlü mələklər də var...
– Mən düşünürəm ki, cənnət kişilər üçündür. (gülür) Yazılıb ki, ağaclar altından bulaqlar axır. Onlar riqah şərabıdır, başağrısı, sərxoşluq vermir. Və orda sizi huri-mələk qızlar gözləyir. Belə çıxır ki, cənnətin özündə də VİP yerlər var. Kim hansı cənnətə gedəcək? Çox maraqlıdır. Bunlar hamısı əfsanədir, nağıldır. İnsanların uydurub yaratdığı şeylərdir.
– Bəs sizin düşüncənizə görə ruh bədəndən çıxandan sonra hara gedir?
– Platonun "Ruh" əsəri var. Orda deyilir ki, insan öləndən sonra ruh göyə, səmaya çəkiləcək. Və təmizlənmə, paklanma dövrü keçəcək. Şərq fəlsəfəsində karma damarı deyilən bir anlayış var. Karma damarı günahlarla dolanda insanı uğursuzluqlar, pisliklər, xəstəliklər yaxalayır. Karma damarı günahlarla dolduqda ruh bədəndən çıxır, səmaya paklanmağa gedir və o zaman başqa bədəndə dünyaya qayıdır.
Çinarə Böyükçöl