Qeyd edək ki, Vilyam Şekspirin ölməz faciələri - "Romeo və Cülyetta", "Otello", "Hamlet", "Kral Lir", "Maqbet" əsərlərini ingiliscədən Azərbaycan dilinə məhz Sabir Mustafa tərcümə edib.
1992-ci ildən bu günə qədər Azərbaycan Dillər Universitetinin Tərcümə fakultəsində tədrislə məşğuldur.
"Daha uşaq deyiləm" (1973), "Hədiyyə" (1982), "Məhəbbət ölmür" (1986), "Mən bu elin oğluyam" (1989), "Mənim taleyim" (1991) kimi şeir kitablarının müəllifidir.
Şairlə onun Bakıxanov qəsəbəsindəki evində görüşdük. Məlum oldu ki, Sabir müəllimin yeni kitabı da işıq üzü görüb.
Teleqraf.com Sabir Mustafa ilə müsahibəni təqdim edir.
- Sabir müəllim, görünmürsünüz, yaradıcı adam kimi də üzdə deyilsiniz...
- Yaradıcı adam çox gözəl sözüdür. Vaxtilə ictimai radioda veriliş aparan Kamil Məhərrəmov deyirdi, Sabir müəllim, sizin bu qədər işiniz, yaradıcılığınız var. Niyə o qədər də tanınmırsınız? Özü də cavab verirdi: Ona görə ki, yaxşı təbliğ olunmursuz.
Azərbaycanda çoxlu qəzetlər çıxır, saytlar açılıb, televiziya kanalları, radiolar var, hamısı əyləncəli proqramlarla efiri doldurur. Mən hələ eşitməmişəm, bir dəfə də görməmişəm ki, hər hansı bir radio və ya televiziya mənim tərcüməmi versin. Axı, bu tərcümə Sabir Mustafanın deyil. Bu tərcümə Azərbaycan ədəbiyyatının bir hissəsidir, Azərbaycan mədəniyyətinin mənəvi dünyasını təsdiq edən nümunələrdən biridir. Bunu dərk etmirlər.
Elə deyirlər ki, onun Şekspir sonetinin bizə nə dəxli var. Şekspir mənim dilimdə danışır. Mən hətta deyərdim ki, Azərbaycan dili o qədər zəngin və zərifdir ki, Şekspir bütün dünya dillərini bilsəydi, yenə şeirlərini, faciələrini Azərbaycan dilində mənim tərcüməmdə çap olunmasını istəyərdi.
- 30 illik pedaqoji fəaliyyətinizlə yanaşı, həm də yaradıcılıq fəaliyyətiniz var. Yaradıcı adamdan çox pedaqoq kimi tanınırsınız. 20-dən artıq kitabınız, kifayət qədər tərcümələriniz var. Tanınmaqdan ötrü Yazıçılar Birliyinin hər hansı yardımı lazımdırmı?
- Yazıçılar Birliyi sağa-sola xərclədiyi mükafatlardan mənə də versəydi, təbliğ etsəydi, onda başqa məsələ... Bu mənim qüsurum deyil. Mən heç vaxt buna görə xəcalət çəkməmişəm. Əgər bir yazıçı tanınmırsa, bu, Yazıçılar Birliyinin qüsurudu, təbliğatın zəif olmasıdı.
Yazıçılar Birliyinin üzvüyəm, Azərbaycan ədəbiyyatının yaşaması üçün əlindən gələni əsirgəməyən qələm adamıyam. Amma bir iş var, onu da etiraf etmək lazımdı ki, yaxşı pedaqoq olmağımdan çox tərcüməçi kimi tanınıram.
- Dünya ədəbiyyatından, ingilis dilli ədəbiyyatdan azərbaycancaya tərcümələr etmisiniz. Sizcə, Azərbaycan ədəbiyyatını ingilis oxucusu necə qəbul edir?
- Bizim klassik ədəbiyyatı Xəqanidən Səməd Vurğuna qədər götürsək, Azərbaycan ədəbiyyatı daha yüksəkdə durur. Müasir ədəbiyyatdan isə dünya ədəbiyyatına çıxan elə sanballı, tutarlı imza rastıma gəlməyib. Bəlkə də var, mən bilmirəm.
Bizdə bəzi adamlar var, mənə etiraz edir, deyirlər, nə üçün Azərbaycan bayatılarını, mahnılarını ingilis dilinə tərcümə edirsən? Qoy bunu ingilislər özləri eləsin. Elə deyil, axı. Sən öz ədəbiyyatını sevdirməyi bacarmalısan.
Məsələn, muğamımıza Avropada əcnəbilər heyran qalıblar. Sən gedib orda oxumasan, çalmasan, o nə bilir sənin muğamın var? Azərbaycan ədəbiyyatı elə yüksək səviyyədədir ki, biz onu dünya arenasına çıxara bilsək, bütün dünya heyranlıqla tamaşa eləyər. Necə ki, indi bizim muğamımza heyran qalıblar.
- Sizcə, xalq şairi olmaq yaxşı şair olmaqdırmı?
- Xalq şairi olmaq 100 faiz xalqın şairi olmaq deyil. Xalq şairi xalqın istəyi ilə verilsə, daha maraqlı və ədalətli olar. Bizdə elə xalq şairləri olub, xalqdan, xalq şeirindən xəbərsiz yaşayıb. Görürsünüz, Türkiyədə hər şey azaddır. Nə xalq şairi var, nə xalq artisti...
- Mükafatınız, fəxri adınız da yoxdu...
- Tərcümələrim göz qabağındadı. Hər adamdan alim, sənətkar olmur. O qədər ingilis dili bilən var, amma Şekspirin tərcüməçisi olmaq tamam fərqli statusdu. Zər qədrini zərgər bilər.
- Tərcüməylə məşğul olmaq yaradıcılığınızdan almadı ki?
- Deyə bilmərəm, pedaqoji fəaliyyətim mənə mane oldu... Bəlkə də oldu. Ümumiyyətlə, yaradıcı adama pedaqoji iş mane ola bilər, tərcümə əksinə, mənim yaradıcılığımı istiqamətləndirdi, zənginləşdirdi. Əgər mənim yaradıcılığımda bir yenilik, bir gözəllik, bir məna tapan varsa, buna görə tərcüməyə borcluyam.
- AYB sədri Anarla münasibətiniz necədi?
- Mən tərəfdən münasibətlərimiz çox gözəldir. Mən həmişə ona böyük hörmət eləmişəm. Bu yaxınlarda kitabım çıxdı. Birini verdim ona. Oğlumla göndərdim. Amma Anar müəllim zəng də eləmədi, heç cavab da vermədi.
- Tələbələrinizlə münasibətiniz necədir? Sizə müəllim və yaradıcı adam kimi necə yanaşırlar ?
- Bir gün dərsdə taleyimdən şikayətlənib dedim ki, buna bax e, mənə şərait yaratmırlar, gedim evdə oturum, dünyanın şah əsərlərini tərcümə eləyim. Məsələn, Bayronun "Don Juan" əsərini tərcümə eləyərəm. Məni əvəz edən o qədər müəllim var.
Tələbələrimdən biri etiraz etdi. Dedi, gərək sizi əvəz edən adam həm şair olsun, həm tərcüməçi, həm alim, həm də gözəl müəllim... Biz bunları hardan tapaq? Bu da tələbənin sözü.
- Televiziyalara dəvət alırsınızmı ?
- Heç birinə dəvət almıram. İndi efiri müğənnilər doldurur. Şairə, yazıçıya yer qalmır.
- Sizin sonuncu kitabınız" Türk sonetləri" oldu. Şərq dünyasında, şərq ədəbiyyatında qəzəllər məşhur olan kimi, Avropa ədəbiyyatında da sonetlər məşhurdur. Sizi ilk sonet yazan şair kimi təqdim etmək olarmı?
- Yox, məndən qabaq sonet yazan çox şairlər var. Mikayıl Müşfiq, Əliağa Kürçaylı. Rəhmətlik Adil Babayev Azərbaycan ədəbiyyatına italyan sonet formasını gətirdi. Onun hardasa 233-ə qədər soneti var. Amma ingilis sonet formasında ilk yazan mənəm. İngilis sonetini, Şekspir sonetini Azərbaycan dilinə ilk dəfə orijinaldan tərcümə edən də mənəm.
- Şekspir sizin üçün kimdir?
- Şekspir mənim üçün əl çatmayan, əl yetməyən ən nəhəng, bəşəriyyətin yetirdiyi bir dühadır.
- Nə planlarınız var?
- Ən böyük arzum ingilis dilli xalqların folklorunun tərcüməsini latın qrafiki ilə çap etməkdir. İkinci arzum odur ki, Azərbaycan bayatılarını, mahnılarını ingilis dilinə çevirim.
- Yəhudilərin məşhur bir atalar sözü var: sən başını sal aşağı, işini gör, kimə lazımdır gəlib səni tapacaq. Azərbaycan bayatılarını, mahnılarını, türk sonetlərini, klassik Azərbaycan ədəbiyyatının ən gözəl nümunələrini ingilis oxucusuna çatdırmısınız. Dünyanın yarıdan çoxu ingilis dilində danışır və bunun qarşısında siz heç nə gözləmirsiniz...
- Heç nə gözləmirəm. Ancaq yazılanlar itmir. Dünyada arxiv deyilən bir xəzinə də var. Bəziləri başa düşmür ki, xalqın varlığı onun mədəniyyəti, onun diliylə ölçülür. Onu da deyim ki, dilimizi radio və televiziya öldürür yavaş -yavaş. Toplumu məhv etmək üçün iki şey lazımdır: çal-oyna və alverlə məşğul ol. Elm, təhsil, mədəniyyət olmasa dünyada heç nə eləyə bilməzsən.